“Heydər Əliyev və şanlı Zəfər tariximiz”

post-img

Respublika Baş Prokurorluğu “2023-cü il Heydər Əliyev İli” ilə bağlı silsilə tədbirlərin növbəti konfransını Zaqatalada təşkil edib. “Heydər Əliyev və şanlı Zəfər tariximiz” mövzusunda konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyətini və zəngin dövlətçilik irsini əks etdirən materiallarla tanış olublar.

Konfransda Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfə­rin qazanılmasında ulu öndərin yaratdığı tarixi əsaslardan söz açıb, bu Qələbənin Heydər Əliyevin müstəqil dövlətçilik ide­allarının böyük təntənəsi olduğunu qeyd edib. Müstəqil dövlətimizin banisinin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar barədə danışan natiq daha sonra Pre­zident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirin Zaqatala şəhərində təşkilindən məm­nunluğunu ifadə edib. Rayon prokuroru Rasim Musayev, Baş Prokurorluğun mət­buat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin mətbu­at xidmətinin rəisi Anar Eyvazov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı­nın sədri Habil Qurbanov və digər çıxış edənlər böyük siyasətçi və nadir dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missi­yası və zəngin dövlətçilik irsi mövzuların­da çıxış ediblər. 

Konfrans çərçivəsində media qu­rumları və qeyri-hökumət təşkilatları­nın nümayəndələri üçün təşkil edilmiş press-turun iştirakçıları Zaqatala Rayon Prokurorluğunun binasında əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar, qarşılıqlı əlaqə mövzusunda işgüzar mü­zakirə aparıblar. 

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat