Fransızsayağı ədalət budurmu?

post-img

Fransa “unikal” ölkədir. Dünyanın müxtəlif ölkələrini insan hüquq və azadlıqlarına əməl etməyə, cinayətlərə göz yummamağa, hər zaman ədalətin yanında olmağa çağıran fransızlar bir çox hallarda bunun tam əksinə hərəkət edirlər. Afrikanın savannalarında “terrorist” ovuna çıxan fransızlar, nədənsə, terrorçulara qucaq açırlar. Bu günlərdə Fransa Ali Məhkəməsinin qəbul etdiyi qərar da belə deməyə əsas verir.

“Associated Press” xəbər verir ki, ötən çərşənbə axşamı Fransanın Ali Məhkəməsi 1970 və 1980-ci illərdə İtali­yada törətdikləri cinayətə görə məhkum edilmiş ikisi qadın, səkkizi kişi olmaqla on keçmiş ifrat solçu döyüşçünün – terrorçu­nun ekstradisiyasına qarşı qərar çıxarıb. Həmin canilər bir generalı öldürdüklərinə və iki hakimi qaçırdıqlarına görə İtaliyada mühakimə edilmişdilər. Məlumata görə, sözügedən terrorçular məhkum olunduq­dan sonra İtaliyadan Fransaya qaçıblar. Onların indi 62-79 yaşları var və ötən müddət ərzində Fransada sərbəst yaşa­yıblar. 

Sağlam məntiq belə düşünməyə əsas verir ki, Avropa Birliyinin təsisçilərin­dən biri olan Fransa beynəlxalq qanun­vericiliyi əsas götürərək caniləri İtaliyaya təhvil verməlidir. Ancaq Paris Məhkəməsi bu dəfə də onların ekstradisiyasına qarşı qərar çıxarıb. Doğrudur, ötən il bu qərar­dan şikayət verilsə də, Fransa Ali Məh­kəməsinin çərşənbə axşamı çıxardığı qə­rar onilliklər boyu davam edən məhkəmə işində Fransanın son hüquqi qərarı olub. 

Siyasi müşahidəçilər bildirirlər ki, Fransa hakimiyyətinin italyan terror­çuların təhvil verilməsinə müqavimət göstərməsi uzun müddət Paris və Roma arasında kəskin problemə çevrilib. Belə ki, ötən müddət ərzində İtaliya Fransa­da olduğu güman edilən təxminən 200 məhkum keçmiş döyüşçünün ekstradisi­yasını tələb edib. 1980-ci illərin o vaxtkı Prezidenti Fransua Mitteranın adını da­şıyan “Mitteran doktrinası” kimi tanınan siyasətə əsasən, Fransa İtaliyanın ifrat solçu fəallarının “qanlı cinayətlər” törət­diklərini təsdiqləyən sübutlar olmadığı təqdirdə onları ekstradisiya etməkdən boyun qaçırıb. 

Əlbəttə ki, fransızların bu addımı İtaliya hökumətinin narazılığına səbəb olub və italyanlar Fransanın irəli sürdüyü meyarları qeyri-müəyyənlik kimi qiymət­ləndirirlər. Rəsmi Roma bildirir ki, “Mit­teran doktrinası” İtaliyanın demokratik azadlıqlara Fransadan daha az hörmət etdiyi barədə yanlış təsəvvürə əsasla­nır. Bununla belə, Fransa Ali Məhkəməsi tərəfindən rədd edilən ekstradisiya tələb­lərinə məruz qalan 10 nəfərin əksəriyyəti 2021-ci ilin aprelində Fransadakı evlə­rində həbs edilib. Həmin həbsi İtaliya hökuməti tarixi hadisə adlandırmışdı. O vaxtdan bəri onlar Fransa məhkəməsinin nəzarəti altında saxlanılırlar. 

Qərb mətbuatı yazır ki, Fransada sərbəst yaşayan həmin italyanların bə­ziləri 1970-1980-ci illərdə qətl və adam oğurluğu ilə məşğul olan “Qırmızı briqa­da” qruplaşması ilə əlaqəlidirlər. Fransa Ali Məhkəməsi, həmçinin ingilis dilindən tərcümədə “Mübarizə davam edir” məna­sını verən ifrat solçu “Lotta Continua”dan olan yaraqlı Giorgio Petrostefaninin eks­tradisiya edilməsinə qarşı çıxıb. Bundan başqa, uzun müddət İtaliyada qanlı terror aktları törədən “Qırmızı briqada” terror təşkilatının digər üzvü Marina Petrella 15 il Fransada sərbəst yaşadıqdan son­ra Romanın tələbi ilə 2007-ci ildə Paris yaxınlığında həbs edilmişdi. O, 1972-ci ildə Milanın polis rəisi Luici Kalabresi­nin qətlində təqsirli bilinərək 22 il müd­dətinə azadlıqdan məhrum olunmuşdu. Əfv etmək hüququ olmayan Fransanın sabiq Prezidenti N.Sarkozi 2008-ci ildə G8 sammitində İtaliyanın sabiq Baş na­ziri Silvio Berluskoniyə Petrelanın əfv olunmaq şərti ilə İtaliyaya ekstradisiya ediləcəyini bildirmişdi. Yəni, Petrelanı qeyd-şərtsiz ekstradisiya etməyə məcbur olan Fransa Prezidenti İtaliyanın Baş na­zirindən onun əfv zəmanətini almışdı.

Əslində, bu, Fransanın atdığı ilk belə addım deyil. Beşinçi Respublika­nın yaxın tarixində belə nümunələr az deyil. Varuzan Karapetyan 1985-ci ildə Parisdə münsiflər heyəti tərəfindən təq­sirli bilinərək 1983-cü il iyulun 15-də Orli Hava Limanında törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Erməni mənbələrinin məluma­tına görə, Ermənistanın sabiq preziden­ti Robert Köçəryanın müraciətindən və ASALA-nın 2001-ci il aprelin 24-də ye­nidən terror aksiyalarına başlamaq təh­didlərindən sonra Ermənistan vətəndaşı olmadığı üçün V.Karapetyan bu ölkəyə ekstradisiya edilmiş və quldur R.Köçər­yanın qərarı ilə əfv olunmuşdu. Terrorçu V.Karapetyan sabiq baş nazir Andronik Markaryan səviyyəsində qəbul edilmiş və ictimaiyyətə “qəhrəman” kimi təqdim olunmuşdu. V.Karapetyanın törətdiyi cinayətin iştirakçısı olan digər terrorçu Suren Nayriyan da 1994-cü ildə azadlığa çıxandan sonra Ermənistana qayıtmışdı.

Qatı terrorçu, ASALA-nın üzvü Monte Melkonyan 1981-ci ildə Türkiyənin Pa­risdəki səfirliyinin ələ keçirilməsi əmə­liyyatını planlaşdırdığına və kömək et­diyinə görə həbs olunsa da, elə həmin il azadlığa buraxılmışdı. 1985-ci ildə o, Parisdə terror fəaliyyətinə və qanunsuz silah saxladığına görə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, 1989-cu ildə azad olunmuşdu. Fransızlar onun ci­nayətlərinə göz yumaraq, terrorçunu sər­bəst buraxmışdılar. Bununla da, Fransa “Femidası” sonrakı cinayətlərin əsasını qoymağa ona şərait yaratmışdı. Çünki terrorçu M.Melkonyan Birinci Qarabağ müharibəsində Ermənistan ordusunun silahlı birləşmələrindən birinə komandan­lıq edərək, Azərbaycanın mülki əhalisinə qarşı qəddarlıq etmişdi. 

Bu da son deyil. 1981-ci ildə Vazgen Sislyan Türkiyənin Parisdəki səfirliyinə qarşı törədilən Van əməliyyatının təşki­latçısı kimi həbs olunsa da, 1986-cı ildə o və hücumun digər iki iştirakçısı Hakob Culfayan və Gevorq Gezalyan ilə birlikdə azadlığa buraxılmışdı. Hər üçü əvvəlcə Livana, sonra isə Ermənistanda daimi iqamətgahına yollanmışdılar. Vazgen Sislyan və Gevorq Gezalyan Ermənistan ordusunun tərkibində 1992-ci ildə Qa­rabağ müharibəsində iştirak etmişdilər. G.Gezalyan “Metsn Murad” dəstəsinin komandiri, Vazgen Sislyan isə “Qarabağ müharibəsi qəhrəmanı” olmuşdu.

 

S.ELAY, “Xalq qəzeti”

Siyasət