Fransız ətiri və zibilli Paris

post-img

Fransadan məxsusi olaraq “Xalq qəzeti” üçün

Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik

Hər böyük və köhnə Avropa şəhərinin onu başqa şəhərlərdən seçdirən öz gözəllikləri, şöhrətinə şöhrət qatan məxsusi əlamətləri var. 

Şəhərlər şəhəri Parisi Luvrundan və Ey­felindən də, dillər əzbəri şanson nəğmələrin­dən də, dəbli geyimlər və məhəbbət vitrini küçə və meydanlarından da, hərəsinin öz tarixçəsi olan həmişə dolu kafelərindən də daha artıq məşhurlaşdıran və həmişə cazibəli edən ətirləri olub. 

Hətta Fransanın ən sevimli şərablarının da şöhrətdə Fransanın çoxdan dünyanı fəth etmiş adıbəlli ətirlərinə üstün gəlməyə gücü çatmayıb.

Bir-birindən lətif, biri digərindən zərif olan köhnə və köhnəlməz fransız ətirləri elə Parisin rəmzləri kimidir.

Bu gün xoş rayihələr şəhəri Parisin küçələri üfunətə bürünüb. 

Günlərlə daşınmadığından küçələrdə qalaqlanmış zibil təpələri hər gün eninə-uzu­nuna böyüyür, daha bu qoxulardan burnunu tutub keçməklə də canını qurtara bilmirsən. Siçovulların bayramıdır.

Göyçək Parisi, şıq Parisi, şux Parisi, ətirli Parisi üfunətə bürünmüş görmək acınacaqlı­dır.

Üzdə olan səbəb budur ki, zibildaşıyanlar neçə gündür etiraz tətilləri edirlər və şəhəri bürümüş natəmizlik də, ürəkbulandıran iy-qoxu da bundandır.

Amma bu, sadəcə, üstdən nəzər salanda belədir. Bütün həngamənin əsl səbəbi döv­lətin apardığı siyasətin zibilləridir, həmin kələ-kötür siyasətin saçdığı üfunətdir. 

Bu küçələrdəki zibilləri sabah bir üsul tapıb daşıtdırmaq olarsa da, yanlış siyasətin zibillərini belə asanlıqla yığıb-yığışdırmaq, onun üfunətindən əlüstü qurtulmaq müm­künsüzdür.

Di gəl, bu zibillərin ardındakı əsas zibil­ləri də, bu üfunətin altındakı daha bəd qoxu­ları da ya hiss etmirlər, ya görməzliyə vu­rurlar, ya da bəlkə elə bildikləri bu qədərdir, elə zənn edirlər, zibilçilərin ipini dartsalar, üfunətin də kökü kəsiləcək.

Kəsilməyəcək, bu gedişlə durmadan ar­tacaq! 

Bu zibili yığışdıracaqsan, başqa zibil toplanacaq, bu qoxunu qovacaqsan, başqa iy gələcək. 

Çürümə dövlətin siyasətindən gəlir!

Həyatda da, siyasətdə də hətərən-pətərən­liyin, gah nala, gah mıxa vurmağın sonunda həmişə qaxsıma və zibil var. 

Bir yandan dünyanın bölücülükdən dad döydüyü bir dönəmdə səndən min kilometr­lərlə aralıdakı Cənubi Qafqazda separatizmi açıqca dəstəkləyən, o biri yandan öz ölkə­sində haqqı ilə müstəqillik istəyəni sepa­ratizmdə suçlayan Fransanın axır illərdəki dövlət siyasətinin ən fəsadlı və başına çox bəlalar gətirəcək tərəfi isə mütəmadi olaraq öz vətəndaşlarına dildə bir söz deyib, əməldə başqa cür davranmasıdır.

Sən müstəqilliyin şirin dadına lap çoxdan aşina olan və illərlə istiqlal içində yaşamış Korsikanın dilini kəsmək istəyəcəksən, bu si­yasət zibili mütləq özünü göstərəcək (bunca uzaqdakı korsikalıların fransız dili ilə yana­şı, onların doğma dili korsunun da hüququ­nun tanınmasına Fransa hökumətinin inadla “yox” deməsinə azərbaycanlıların eyni həs­sas və narazı münasibəti təbiidir. Çünki sayı artıq 40 milyonu aşan güneyli soydaşlarımı­zın miqdarca İranda mütləq milli çoxluq ol­duğu halda, hətta ibtidai məktəbin açılmasına belə dövlətin icazə verməməsi bizi dünyanın istənilən guşəsində dil haqları aşağılanan hər xalqla həmrəy edir).

Sən küçələrdəki məişət tullantıları kisələ­rindən dikələn zibil təpələri ilə törətdiyin si­yasət zibili arasında fərqi görməyəcəksən, onda sənin özünün müəllifi olduğun zibil də özünü heç gözləmədiyin bir başqa şəkildə göstərəcək.

Zora əl atırlar, zibildaşıyanlara qarşı zi­bili daşımaqdan imtinaya görə qanunla çox yüksək cərimələr müəyyənləşdirmək üçün əlləşirlər. 

Bu da daha bir siyasət (ya siyasətsizlik) zibili!

Düyünün belə bəsit və qaba üsulla açı­lacağını düşünmək qədər uzaqgörməzlik var olduqca üfunət kəsilən deyil.

Dünyanın gözü qarşısında qırmızı-qırmı­zı ağa “qara” deyirsən, 30 ilə yaxın müddətdə əl altından ayağının altını qazımaq istədiyin Azərbaycana qarşı indi nümayişkaranə şə­kildə erməniçilik edirsən və sadəlövhlüklə üfunətin səbəbini küçələrdəki daşan zibil qu­tularında arayırsan.

Bunlar, tutalım, Korsikanı və korsikalı­ları yaxşı tanımır, tutalım, Azərbaycana və azərbaycanlılara yaxşı bələd deyillər, bəs fransız xalqı?

Heç onu da tanımırlar! 

Daha dəqiqi, onu heç tanımırlar!

Bu xalqın inqilabçı ruhu haqqında həqiqətləri unutmuş olmasaydılar, çiy idarə­çilik siyasətləri ilə zibil təpələrinin sayını ar­tırmaqda davam etməzdilər.

Bütün başqa qığılcımlardan savayı ənənəvi olaraq ictimai təminat baxımından ərköyünləşdirilmiş fransızların hansısa im­tiyazlarını məhdudlaşdırmağın həmişə bir çıxacağı, vəd etdiyi təhlükələr var.

Bu, dünən böyük inqilablar etmiş fransız xalqıdır. 

Bu gün küçələrdə olanlar o babaların nəvələridir.

O köhnə inqilabları edənlərin əlində bir təzə inqilab da xəyal deyil.

Çünki zibillər daşınılmaz qədər çoxalan­da, siyasətin kəsif qoxuları nəfəsləri daral­danda daha o zibilləri zibildaşıyanlara zorla daşıtdırmaqla məsələni həll etmək olmur, belə üfunəti inqilabın küləkləri qovub apara bilir.

Bugünkü koordinatlar fərqlidirsə də, dalğa həmin dalğadır – 2019-da həmkarlar təşkilatı xətti ilə Parisdə başlanıb, asta-asta çevrəsini genişləndirən “sarı gödəkçəlilər”in hərəkatı, indiki zibil kisələrindən fərqli ola­raq, şəhər boyu yandırılan maşın təkərləri və əzik-üzük edilən avtomobillər, qırılan mağa­za vitrinləri və belə-belə başıpozuqluqlarla yadda qalmışdı. 

O çağlar da Strasburqa, Parisə səfərlə­rim olmuşdu. Adətən, mən Parisdə Fobur Sant Onore küçəsindəki, Prezident sarayının 30-40 metrliyində yerləşən Castiglione ho­telində qalıram. Ovaxtkı iğtişaşlar zamanı küçənin bütün giriş-çıxışlarını bağlamışdılar və iki gün mehmanxana otağına qapılıb qal­mağa məcbur olanda niyə buranı seçdiyimə keçirdiyim peşmanlıq da unudulan deyil. Hərçənd şəhərin digər hissələri o günlərdə daha ciddi mühafizə olunan bu tərəflərə nis­bətən bəlkə bir az da yöndəmsiz və sərbəst get-gəl üçün daha riskli idi. 

Araya pandemiya girərək ehtirasları sən­gitməsəydi, Allah bilir, o həyəcanlı gedişat hara aparıb çıxaracaqdı.

İndi baş verənlərin də bir başı elə həmin əski vur-çatlasınların baisi həmkarlara bağlı­dır. Həm də yeni dalğadakı diqqət yetirilməli bir vacib özəllik də elə keçənsəfərki dalğa­dakı kimidir – hədəf hökumət olsa da, sadə camaat daha çox əziyyət çəkir və hərəkatçıla­rın da məqsədi elə budur ki, əhaliyə belə və­ziyyətə düşmələrinin səbəbinin pis idarəçilik olması fikrini aşılasınlar, beləliklə də, axına daha çox kütləni cəlb etsinlər. 

Odur ki, bu gün sıralanan zibil kisələrinə baxa-baxa uzaqda olmayan dünənki oxşar dalğaları da unutmamaq gərəkdir. Bu gün Paris küçələrindən qopan tünd iylər elə 4 il əvvəl çatılan küçə tonqallarından qalxaraq göz göynədən, hisi-qurumu binalara çökən qara tüstünün əks-sədasıdır... 

...2023-cü il martın 23-də Parisin küçələ­rindən keçirdim. Adətən, bayram ovqatlı, turistlərlə dolu küçələr narahat idi, gərginlik hər addımda sezilirdi, kafelər işini yekunlaş­dıraraq qapanırdı. Rəsmən xəbərdarlıq edil­miş mağazalar da etiraz yürüşlərinə çıxanlar­dan ehtiyatlanaraq tələm-tələsik bağlanırdı. 

Polis qüvvələrini daşıyan maşınların mərkəzdə get-gedə artması və qaldırdıqları həyəcan siqnalları da təşvişi çoxaldırdı. 

Opera tərəfdə lap qələbəlik idi...

Axşamın gec saatlarında bəlli oldu ki, paytaxt Parisdə həmin gün 100 mindən artıq etirazçı küçələrdə imiş. Dinc başlanan küçə yürüşləri nümayişçilərin dağıdılması üçün cəlb edilmiş çoxsaylı polis qüvvələrinin re­zin dəyənəkləri işə salmasından, həm də ifrat kəskin hərəkətlərindən sonra bərk qızışaraq qarşıdurmaya çevrilib. Yanğınlar da törədib­lər – neçə vaxtdan bəri daşınmayıb küçələr­də qatarlanan zibil tayalarına od vurublar, vitrinləri də qırıblar, polisə daş-kəsək, şüşə qablar da tolazlayıblar, Molotov kokteylləri də atıblar, fişənglər də partladıblar və şiddət­lənən toqquşmalarda polis zoru artırıb, rezin dəyənəklərlə kifayətlənməyərək gözyaşardı­cı qazdan da istifadə edib.

Xəbərlərə görə, ölkə üzrə etirazçıların sayı isə 1 milyonu aşır. Bu 1 milyon hələ ki, təqaüd yaşının artırılmasına qarşı səsini qal­dıranlardır. Sabahkı yeni milyonların başqa tələbləri ola bilər və olacaq da. Ölkə rəhbər­liyi, iqtisadiyyata ciddi ziyan vurmasını sə­bəb gətirərək tətillərin qarşısını almaq haqqı verən yeni qanun qəbul etmək istəyir. Kim bilir, bəlkə təzə etiraz dalğasının coşması və indiki asi milyon nəfərə yeni barışmazların qoşulması elə bu təşəbbüsə əks getməklə bağlı olacaq?!

Ana Yasanın verdiyi özünüifadə haq­larının hər bir məhdudlaşdırılmasına qarşı demokratik dəyərlərdən ürəyincə istifadəyə adətkərdə olan (bu yerdə daşıdığı bütün məna çalarlarıyla “alışqan olan” deyimi daha yerinə düşür) fransız cəmiyyətinin dözüm­süzlüyü artıq açıq-aşkar görünür, mövcud iq­tidarın bu sahədəki sərt tərpənişlərinə xalqın xoşluqla tabe olmayacağı da artıq göz qaba­ğındadır. 

Əməlli-başlı gərginlik yaşanır, amma indi cərəyan edənlər, belə hiss olunur ki, hələ mehdir. 

Siyasət zibilləri artdıqca o üfunəti qova­sı küləyin qalxması da uzaq görünmür. Nəyi hansı səmtə qovacağını irəlicədən bilməyin müşkül olduğu qəfil qalxan inqilab küləyisə həmişə xətalıdır...

...Mən Parisi çox sevirəm. Son 30 ildə dönə-dönə qonağı olduğum və mənə doğma­laşmış bu əziz şəhərin küçələrindən də, bu ölkənin siyasətindən də (həm öz vətəndaşına, həm də bizə qarşı yanlış siyasətindən!) zibil­lərin və üfunətin tezliklə itməsini, ətirlərin qayıtmasını arzulayıram!..

Siyasət