Tehran – Ər-Riyad yaxınlaşmasında Pekinin maraqları

post-img

İqtisadi diplomatiya yolu ilə dünya siyasətində xüsusi çəkisini durmadan artıran Çin Xalq Respublikası Yaxın Şərqin iki ölkəsini – İran və Səudiyyə Ərəbistanını barışdırmaq istəyir.

Rəsmi Pekinin bu istiqamət­dəki səyləri artıq nəticə verib: Tehran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər. Bununla bağlı martın 10-da yayılan məlu­mata görə, saziş İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə onun səudiyyəli həmkarı ara­sında Pekində keçirilən danışıqlar zamanı imzalanıb. Yayılan məlu­matda qeyd olunur ki, gələcəkdə iki dövlətin xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək niyyətindədirlər.

Bundan sonra Səudiyyə Ərə­bistanı Kralı Salman bin Əb­düləziz Al Səud İran Prezidentini ölkəsinə səfərə dəvət edib. Martın 19-da İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəm­məd Cəmşidi “Twitter” hesabın­da yazıb ki, Səudiyyə Ərəbistanı Kralı İran Prezidentini rəsmi ola­raq Ər-Riyada səfərə dəvət edib və İbrahim Rəisi onun dəvətini qəbul edib.

Bu istiqamətdə son hadisə martın 26-da İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında telefon danışığının baş tutması olub. İran XİN-in bunun­la bağlı yaydığı məlumatda bildi­rilib ki, iranlı nazir Hüseyn Əmir Abdullahian və şahzadə Faysal bin Fərhan Al Səud iki ölkə ara­sında münasibətlərin normal­laşdırılmasını müzakirə ediblər. Nazirlər tezliklə görüşmək barə­də razılığa gəliblər. Daha əvvəl Abdullahian deyib ki, o, şahzadə Faysalla neytral ərazidə görüşmə­yi planlaşdırır.

***

Göründüyü kimi, Çinin səy­ləri nəticəsində Tehranla Ər-Ri­yad arasında buzlar yavaş-yavaş əriməyə başlayıb. Münasibətlə­rin normallaşmasında Pekinin də marağı az deyil. Çin dünyanın ən böyük enerji istehlakçıların­dan biridir. Asiya nəhəngi gün­də on milyon bareldən çox neft idxal edir. Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük neft ixra­catçısıdır (gündəlik 7,37 milyon barel). Səudiyyə Ərəbistanının 2022-ci ildə Çinə ixracının ümu­mi dəyəri təxminən 10 milyard ABŞ dolları təşkil edib ki, bunun da böyük hissəsi enerji resursla­rının payına düşüb. Krallığın isə Çindən idxalının dəyəri 7 milyard dollara yaxın olub. 2022-ci ildə İran və Çin arasında idxal-ixrac əməliyyatlarının ümumi dəyəri 14,8 milyard dollar təşkil edib. Səudiyyə Ərəbistanı Ərəb Döv­lətləri Liqası ölkələrinə, əsasən də Körfəz Əməkdaşlıq Şurasının bü­tün dövlətlərinə və onların iqtisa­diyyatına təsir göstərmək gücünə malikdir. İranın təsir dairəsinə isə yalnız Suriya və İraqın bir hissəsi daxildir.

İrandan fərqli olaraq Səudiy­yə Ərəbistanına hər hansı bey­nəlxalq sanksiya tətbiq edilmir. Nəticədə, Ər-Riyad Çinlə asan­lıqla ticarət edir. Amma İrana tət­biq edilən beynəlxalq sanksiyalar Tehranla Çin arasında ticarəti çə­tinləşdirir. Sirr deyil ki, Səudiyyə Ərəbistanı hazırda ABŞ-ın bölgə­dəki əsas müttəfiqlərindən biridir. Geniş perspektivdə Çin Krallıqla İranın münasibətlərini yaxşılaş­dırmaqla Tehrana tətbiq olunan sanksiyaların yumşaldılmasını, bundan sonra isə İranla ticarətin asanlaşmasını nəzərdə tuta bilər. Eyni zamanda iki ölkə arasında münasibətlərin normallaşmasında Rusiya da maraqlı görünür. Elə Hüseyn Əmir Abdullahianla Fay­sal bin Fərhan Al Səud arasında telefon danışığının Çin lideri Si Cinpinin Moskvaya 20-22 mart tarixlərində baş tutan səfərindən sonra həyata keçirilməsi diqqət­dən yayınmır.

***

Bu arada Qərb mətbuatı İran­la İsrail arasında məxfi danışıqla­rın başlandığına dair sensasiyalı məlumat da yayıb. Bildirilir ki, danışıqlar yenə Çinin vasitəçiliyi ilə Honkonqda keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraq­ları yox deyil. Pekin İsraillə İranı qarşıdurmadan çəkindirmək istə­yir. İranın həm Rusiya, həm də Çinlə sıx əlaqələri var. İsrail Çin və Rusiya ilə İran qədər tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya İsraillə İranı qarşıdurmadan çəkindirmək istə­yirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədikləri barə­də Tel-Əvivi inandırmaqdır. Bu alınmasa, danışıqlar nəticə ver­məyəcək.

Tehranın İsraillə belə yarıgiz­li, yarıaçıq danışıqlara getməsinin səbəblərindən biri də İranın daxi­lində yaranan və gündən-günə də­rinləşən böhranla bağlı ola bilər.

Beləliklə, artıq təkcə nəhəng aktorların deyil, ikinci dərəcə­li oyunçuların da dəyişdiyi yeni dünya düzəni ilə üz-üzəyik. Dünənki düşmənlərin bu gün dostlaşması, bugünkü dostların isə düşmənə çevrilməsi artıq heç kəsi təəccübləndirmir. Vaxtilə Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçillin dediyi kimi, siyasətdə daimi dostlar ol­mur, daimi maraqlar olur.

İlyas HÜSEYNOV,
politoloq

İranla Səudiyyə Ərəbis­tanı arasında yaxınlaşma­nın əldə olunması Pekinin diplomatiyası sayəsində mümkün olub. Kənar müşa­hidəçilər, ekspertlər hazırkı prosesi məhz Çin diploma­tiyasının uğuru kimi qiy­mətləndirirlər. Çin daha çox iqtisadi, geoiqtisadi rıçaq­lara malik olmaq yönündə strateji addımlar atır və “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələrlə inves­tisiya əməkdaşlığını davam etdirir. Çinin Ticarət Nazirli­yinin fevral ayında yaydığı məlumata görə, 2022-ci ildə xaricə birbaşa investisiya 0,9 faiz artaraq 146,5 mil­yard dollar təşkil edib. Pe­kin bununla həmin ölkələr­də həm də maraq dairəsini təmin etmiş olur.

Lakin rəsmi Pekin tərə­findən məhz barışdırıcı addımların atılması yeni və ciddi bir hadisədir. Bu, eyni zamanda, qütbləşməni ciddi şəkildə dərinləşdirir. Çünki Səudiyyə Ərəbista­nı Yaxın Şərq bölgəsində Qərbin əsas dayağıdır. Ha­zırkı durumda bir geosiyasi üçbucaq formalaşıb. Yəni, İran, Rusiya və Çin arasın­da əməkdaşlıq müşahidə olunur. Bu gün Səudiyyə Ərəbistanının da müəyyən formada Qərbin orbitindən çıxaraq bu geosiyasi üçbu­cağın təsiri altına düşməsi çox ciddi məsələdir. Çünki Krallıq dünyanın neft ixra­catında önəmli yerdədir.

Digər tərəfdən, Çin bu­nunla özünü dünya siyasə­tində də mühüm geosiyasi aktor kimi sübut edir və bö­yük coğrafiyalarda maraq­ların təminatçısı qismində görür. Düşünürəm ki, indiki durumda Çinin məhz sülh və təhlükəsizlik yönündə at­dığı addımlar Qərb tərəfin­dən də ciddi təhlil ediləcək. Qarşıdakı dönəmdə Qərbin əsas rəqibi kimi Çin faktoru meydana çıxacaq. Pekin də məhz bu təhdidləri nəzərə alaraq ətrafında koalisiya yaratmaq niyyətindədir. Si Cinpinin Vladimir Putin­lə görüşündə də biz Çinin məhz dünya liderliyinə id­dialı olduğunun müəyyən işartılarını müşahidə etdik.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

ilyas.jpg

Siyasət