Öz missiyasına xəyanət edən “sülhməramlılar”

post-img

2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına əsasən, erməni silahlılarının Qarabağdan çıxarılması, bölgədə sülh və təhlükəsizliyin təmini Rusiya sülhməramlı kontingentinə (RSK) tapşırılıb. Həmin tarixdən etibarən Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı hərbi kontingenti öz missiyasının icrasına başlayıb. Təəssüf ki, ötən iki il yarımda onların bölgədəki mövcudluğu sülhə və təhlükəsizliyə nəzərəçarpacaq töhfə vermədi. Əksinə, bu dövrdə onların köməyi ilə separatçı hayların aktivləşməsi, atəşkəs rejimini tez-tez pozması, Ermənistandan Xankəndiyə silah-sursat daşınmasının artması müşahidə olundu.

44 günlük Vətən mühari­bəsində darmadağın edilən erməni faşizminin təzahürləri­nin müharibədən sonra bölgə­dəki mövcudluğu, hər şeydən öncə, RSK-nın öz missiyasına xəyanət etməsi ilə bağlıdır. 2020-ci ilin 10 noyabrından etibarən Qarabağda yeləşən sülhməramlılar erməni sepa­ratçılarının tərk-silah edilərək bölgədən çıxarılmasında heç bir addım atmadı. RSK-nın er­məni separatçılarına loyal mü­nasibəti onların öz təxribatları­nı rahat və təhlükəsiz şəkildə davam etdirməsinə imkan ver­di. Nəticədə, son iki ildə Qara­bağın qanunsuz erməni silahlı­larından təmizlənməsi öhdəliyi yerinə yetirilmədi. Məhz RSK-nın fəaliyyətsizliyi səbəbindən 10 noyabr Bəyanatının 4-cü bəndi yerinə yetirilmədi. “Ru­siya Federasiyasının sülhmə­ramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə pa­ralel şəkildə yerləşdirilir”, – de­yilən həmin bənd bugünədək icrasını gözləyir. 

RSK separatçılara kömək edir

Azərbaycan Respublika­sı Müdafiə Nazirliyinin ortaya qoyduğu foto-video faktlar sübut edir ki, bir çox hallarda erməni separatçıları Xankən­diyə silah-sursatı məhz RSK-nın müşayiəti ilə aparırlar. Nümunə üçün Müdafiə Nazir­liyinin 24 mart tarixli məluma­tına nəzər salmaq kifayətdir. Məlumatda qeyd olunur ki, martın 24-də Xankəndi-Xəl­fəli-Turşsu torpaq yolu ilə qa­nunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəy­yən edilib. Hərbi kolon Rusi­ya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A dö­yüş maşını, ermənilərə məx­sus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilindən ibarət olub. Bu və bu qəbildən olan digər faktlar da göstə­rir ki, Rusiya sülhməramlıları nəinki bölgədəki separatçıları tərk-silah etmir, əksinə, onla­rın silahlanmasına, hərbi ləva­zimatlarla təmin olunmasına yardım göstərir. 

Yəni, yeni müharibə və qarşıdurmaya aparan silahlan­ma prosesi RSK-nın modera­torluğu altında həyata keçirilir. Bu isə Rusiya hərbçilərinin sül­hməramlı deyil, erməni sepa­ratçılarının himayədarı rolunda çıxış etdiyini göstərir. 

Habelə, məlum faktlar göstərir ki, sülhməramlıların bölgədə olması sülhdən daha çox qarşıdurmaya xidmət edir. Bu isə RSK-nın Qarabağda mövcudluğu məsələsinə yeni­dən baxmağı zəruri edir.

Volkovun gözü önündə talanan sərvətimiz 

RSK sərvətlərimizin er­məni separatçıları tərəfindən talanmasına da göz yumur. Hayların “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden ya­taqlarındakı sərvətimizin ta­lanması ilə bağlı məlumatlar hələ ötən ilin sonunda RSK-nın komandanı general-mayor Andrey Volkovun diqqətinə çatdırıldı. Təəssüflər olsun ki, Volkovun bu barədə məlumat­landırılması da erməni talanla­rının qarşısını almadı. Əksinə, etirazçılara qarşı BTR gön­dərən Volkovun Azərbaycan vətəndaşları qarşısına çıxar­dığı polkovnik rütbəli hərbçi də aksiyaçıların suallarına cavab verə bilmədi. 

Ekoetirazçılarla təmasdan qaçan general separatçılarla rahat görüşür, onların istək- arzusunu diqqətlə dinləyir və köməyini əsirgəmir. Bu, azmış kimi, general Volkov martın əv­vəllərində separatçıların “döv­lət naziri” Qurgen Nersisyanla birlikdə Xocalı hava limanında bəzi obyektlərin açılışını izlə­yib. Bir sözlə, Andrey Volkov fəaliyyəti ilə sübut edib ki, onun məqsədi bölgədə sülh və təhlükəsizliyi təmin etmək yox, separatçıların Qarabağ iqtisadi rayonunda möhkəmlənməsinə yardım etməkdir. 

RSK-nın çətiri altında qurulan istehkamlar, çəkilən yollar 

Rusiya sülhməralıları­nın daha bir “missiyası” yeni səngər və istehkamların qa­zılması, gizli yolların çəkilmə­sində separatçılara yardım göstərmək imiş. 

Xatırladaq ki, ötən ilin de­kabr ayından etibarən eko­aksiyaçıların Laçın-Xankəndi yolunu separatçıların üzünə bağlaması, erməni silahlı­larını Xankəndiyə aparan yeni yolların axtarışına məc­bur edib. Bu məqsədlə on­lar Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mir­zələr-Turşsu yollarında in­şaat işlərini həyata keçirib. Bütün bunlar RSK-nın işti­rakı ilə baş verib. Prosesin doğurduğu təhdid və təhlükə Bakını adekvat tədbirlər gör­mək məcburiyyətində qoydu və Azərbaycan Ordusu lokal nəzarət tədbirlərini həyata keçirdi. 

10 noyabr Bəyanatından bugünədək separatçılar RSK-dan özlərinin terror və təxri­batçılıq planlarını həyata ke­çirmək üçün istifadə ediblər. 

Azərbaycan ictimaiyyə­tinin sülhməramlılara inamı tükənib. 

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət