Kliniki Tibbi Mərkəzdə xidmət və ya havayı pendir ancaq tələdə olur

post-img

Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə, tibb sahəsində də islahatlar aparılmaqdadır. İslahatların konkret müsbət nəticələri, əlbəttə, var və bu barədə çox yazmışıq. Yazımız da islahatlara dəstək məqsədilə qələmə alınıb. Hər halda ümid edirik ki, qaldırdığımız məsələ məhz belə, səmimi niyyət ifadəsi kimi qarşılanacaq. 

Bəli, ümid edirik ki, hamımızın “Se­maşko” kimi tanıdığı Kliniki Tibbi Mərkəz­də gördüklərimiz keçmişə qovuşacaq. Axı, ASAN xidmətin timsalında bir çox mənfiliklərin keçmişdə qaldığının şahidi­yik. Niyə tibbimiz, səhiyyəmiz müasirləşib asanlaşmasın ki? Asanlaşacaq, ancaq, hələlik, “Semaşko”dayıq. Yəni, keçmişdə. 

Əlqərəz, “Semaşko”nun 3-cü korpu­sunda bizi sıx növbə qarşılayır. Pulsuz həkim qəbulundan, tibbi yoxlanışdan keç­mək istəyənlərin növbəsi. Bəli, pulsuz. Başa düşülməsi üçün belə yazırıq. Bilə­siniz ki, Azərbaycanda icbari tibbi soğorta tətbiq edilməkdədir. Bunun nəticəsində vətəndaşlarımız bəzi xəstəxanalarda nəinki həkim qəbulundan, o cümlədən, müxtəlif tibbi avadanlıqlardan pulsuz isti­fadə edə bilərlər. Növbə də buna görə idi. 

Ancaq qəbul masasında əyləşən xa­nımın sifətindəki emosiya növbədəkilərin ümidlərinin daşa dəyməsinin ilk nişanəsi­dir. Xanım əsəbidir. Sanki, insanlar ona borcludur. Nə isə, vətəndaşlar xanıma şəxsiyyət vəsiqəsini təqdim edir və han­sı həkimin yanına getmək istədiklərini bildirirlər. Xanım isə komputerdə, çox güman, şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib, xidmətin tibbi sığorta hesabına gerçəkləşəcəyini rəsmiləşdirdikdən sonra vətəndaşlara bunu təsdiqləyən müvafiq qəbzi verir. 

Elə bu an iki nəfər gəlir və onlardan biri öz yanındakını göstərərək onun du­rumunun pis olduğunu, növbədə daya­na bilməyəcəyini bildirir. Təbii, həmin şəxsin dedikləri hər hansı əhəmiyyət daşımır. Heç kəs növbəyə kənar mü­daxiləni istəmir. Elə bu an dövriyyəyə insanlıq məsələləri girir: müsəlmanıq, ye­zid deyilik, erməni bizdən yaxşıdır, xəstə adamdır, dayana bilmir, filan. Təsəvvür edirsinizmi ittihamın miqyasını? Həssas nöqtələrə aramsız mənəvi yaylım atəşləri açılır. Sanki, ora gələnlər sağlamlardır...

Bəli, adam haqlıdır, müsəlmanıq, azərbaycanlıyıq və nəhayət, insanıq. İn­sanpərvərlik, insansevərlik gözəl dəyər­lərdir. Amma niyəsə “Semaşko”nun, yəni Kliniki Tibbi Mərkəzin rəhbərliyi insanları, indiki halda xəstələri sevmir. Sevsəydi, qəbulda uzun növbənin yaranmasına yol verməzdi, masa arxasında bir əmək­daş deyil, bir neçəsi əyləşərdi. Hərçənd, qalxmış hay-küydən sonra biz həmin əməkdaşın gəlib yerində oturduğunu, işə başladığını və növbənin, nisbətən, sey­rəldiyini gördük. 

Ancaq gərginlik azalmadı. Növbəsi çatmış bir şəxsin səsi ətrafı bürüdü. Təx­minən belə: bir saatdır burdayam, necə yəni şəkər həkimi (endokrinoloq) üçün başqa binaya getməliyəm? Burada qar­şılıqlı ittihamlar başladı – soruşaydınız, soruşmamısınız, günah özünüzdədir. 

Söhbətimizin bu yerində nəyə görə əvvəldə tibb xidmətinin asanlaşmasının vacibliyini vurğuladığımıza aydınlıq gə­tirək. Yəqin, çoxlarımız ASAN xidmətə daxil olanda qapıda hansı xidmətdən istifadə etmək üçün gəldiyimizi soruşan­ları görmüsünüz. Bu, nəzakətli davranış nümunəsi olmaqla yanaşı, eyni zaman­da, insan faktorunun nəzərə alınmasıdır, məsuliyyətdir və nəhayət, insanpərvərlik­dir, insansevərlikdir. Xalq dilində desək, müsəlmanlıqdır. Nəticəyə gəlirik ki, iki halda Kliniki Tibbi Mərkəzdə insanlıqdan uzaq davranışın şahidi olduq. Uzun növ­bənin yaranması və bu qeyd etdiyimiz. Amma mərkəzdə işə məsuliyyətsiz ya­naşmanın göstəriciləri kimi qiymətləndir­diyimiz hallar yalnız bunlar deyildi. 

Pulsuz endokrinoloq axtarışında olan xanımın hay-küyündən məlum oldu ki, biz də 3-cü korpusa deyil, 1-ci korpusa üz tutmalıymışıq. Ora çatanda isə daha uzun növbə ilə üzləşdik. Bir saat gözlədikdən sonra, nəhayət, mübarək qəbzimizi götü­rüb yollandıq həkimin qəbuluna. Həkimə dərdimizi danışdıq. O da bizi analiz üçün göndərdi. Yenə gəldik, bayaq olduğumuz izdihama. Düşündük ki, artıq növbə tutma­ğa ehtiyac yoxdur. Kənardan bizə qəbzi verən əməkdaş xanıma yaxınlaşmışdıq ki, növbədəkilərdən birinin ittihamvari sualı ilə üzləşdik - niyə növbə tutmursunuz? 

Adam haqlıdır, amma biz də haq­lıyıq. Sözümüz ondadır ki, nəyə görə haqlı olduğumuzu sübuta yetirmək üçün çənə-boğaz olmalıyıq? Olmazdı ki, əgər, qan analizi vermək istəyiriksə və bunun üçün də yeni qəbz almaq lazımdırsa, onu başqa yerdən əldə edək? Yaxşı olardı ki, bunun da ayrıca xidməti, indiki halda növbəsi təşkil olunsun. Təsəvvür edin, sağlamlığının qayğısına qalmaq istəyən insanların bir-biri ilə mübahisədən əsəb­ləri pozulur. Bu da pulsuz tibbi xidmətin xeyiri. 

Nə isə, getdik analizimizi də verdik. Məlum oldu ki, sadə qan analizlərinin (qlükozanın, ALT, AST, xolestrinin müəy­yənləşməsi) cavabı bir həftədən sonra çıxacaq. Daha dəqiq desək, martın 19-da verilən analizin cavabını martın 25-də almalıyıq. Bundan sonra həkim müalicə yazacaq. 

Ortaya Novruz bayramı düşürdü. Amma məlum oldu ki, heç bayram ol­masaydı belə, yenə bir həftə gözləməli idik. Adamın ağlına min cür fikir gəlir. Məsələn, bir həftəyə qan öz xassəsini dəyişməyəcək ki? Digər tərəfdən, sual olunur: sağlamlıq elə şeydir ki, gözləmir. Nəyə görə sadə qan müayinəsinin (5-6 saata hazır ola bilən) cavabı bir həftədən sonra çıxmalıdır? Deyilənə görə, günah reaktivlərdədir, onlar bir-iki nəfərin yox­lanması üçün “istifadə olunmanı xoşla­mırlar”, “deyirlər” ki, çoxlu qan yığılsın ki, hərəkətə keçək... 

Qan analizinin cavabını alacağımız yerə yaxınlaşdıq. Diqqətimizi bir mənzərə çəkdi. Gördük ki, orada oturan xanım vətəndaşdan mobil telefonunu alıb qarşı­sındakı kompüterin ekranının şəklini çə­kir. Sən demə, vətəndaşa analizin cavabı bu qaydada verilir ki, o da aparıb həkimə göstərsin. O da məlum oldu ki, printerin katricinin boyası bitib, buna görə cavabı çap edib vermək mümkünsüzdür. Şəkil çəkən mərkəz əməkdaşını dilə tutanda o da gəldiyimiz qənaəti təsdiqlədi. Əv­vəl elə bildik ki, boya elə indilərdə bitib. Amma bir həftə sonra, yəni martın 25-də analizin cavabını götürməyə gələndə yenə eyni halla rastlaşdıq. Sonra məlum oldu ki, bir aydır vətəndaşlara analiz ca­vabları bu qaydada verilir. Sual yaranır: kiminsə mobil telefonunda şəkil çəkmək funksiyası yoxdursa, nə etməlidir? Yadı­mıza bir el misalı düşdü - havayı pendir ancaq tələdə olur. Bu da pulsuz tibbi xid­mət... 

Çox güman, yazını oxuyan Kliniki Tibbi Mərkəzin rəhbərliyi deyəcək ki, ya bu hal olmayıb, ya da anidən baş verib. Əlbəttə, demək istəmirik ki, mərkəzin rəhbərliyi printer ala bilmir, yaxud alır, ancaq kağız üzərində. Amma nə olsun, vətəndaşlar deyir. Hələ bir az da kobud formada. Təxminən belə: katricin pulunu da basıb yeyirlər.

Şayiələrdən söz düşmüşkən, söz-söhbətlər gəzir ki, pulsuz tibbi xid­mətdə, belə demək mümkünsə, yerin dolması məsələsi də var. Yəni, günlük limit doldusa, xəstə qəbulu həyata keçi­rilmir. Məsələn, Goranboy Rayon Mərkə­zi Xəstəxanasında növbəyə durmuş bir vətəndaşımız deyir ki, səhər saat 11 olan kimi ona xəstə qəbulunun dayandırıldığı­nı bildiriblər. Söhbət pulsuz xəstə qəbu­lundan gedir. 

Jurnalist marağımız üstün gəldiyindən Kliniki Tibbi Mərkəzdə olarkən bu məsələ ilə də maraqlandıq. Oradakı bir əməkdaş da goranboylu vətəndaşımızın söylədiyini təsdiqlədi, amma, sağ olsun, çıxış yolunu da göstərdi - həyasızlıq salın, deyin ki, sabah gəlməyə vaxtım yoxdur, başqa cür mümkün deyil. 

Yəqin, oxucularımızın müəyyən his­səsi yazımıza diqqət yetirəndə, ən azı üç məqamda, belə demək mümkünsə, həyasızlıq salmaqla işi yoluna qoyma­ğın mümkünlüyü qənaətinə gəldi. An­caq həyasızlıq da əsəbdir axı. Nəhayət, xəstəxanaya sağlam olmaq üçün gedirik. Yeni xəstəlikmi tapaq? 

Ümumiləşdirmə apararaq deyək ki, söylədiklərimiz icbari tibbi sığorta sahə­sindəki problemlərin çox kiçik bir hissə­sidir. Məsələn, ondan danışa bilərdik ki, vətəndaşlara pulsuz tibbi xidmət göstərən xəstəxanalarda müayinə avadanlıqları lazımi səviyyədə deyil, onların bəzilə­ri, ümumiyyətlə, yoxdur və insanlarımız məcbur qalıb özəl tibb müəssisələrinə üz tutmalı, pul xərcləməli olurlar. 

Amma bu barədə ətraflı yazmır, söy­lədiklərimizlə kifayətlənirik. Sonda bir tək­lifimiz də var. Yaxşı olar ki, hər kəs tibbi sığortanın verdiyi imkanlardan özünün münasib bildiyi tibb müəssisəsində fay­dalansın. Belə olarsa, uzun növbələr ya­ranmaz, həm də vətəndaşın seçim etmək imkanı olar. Kliniki Tibbi Mərkəzdə gördük­lərimizdən isə belə qənaət formalaşır ki, hazırkı vəziyyətdə vətəndaşların yalnız bir seçimləri var - əsəbləşmək. Daha doğru­su, onlara yalnız əsəb təklif olunur. Hə bir də vaxt itkisi...

R.AMİN

Sosial həyat