Qarabağ ermənilərinə növbəti təklif: nicat yolu Bakıdadır!

post-img

Dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə ikinci dəfə müraciət etdi. Martın 13-dəki birinci müraciət kimi, ikinci də xoş məramın ifadəsidir. İndi sual yaranır: bu mərama qarşılıq olacaqmı? Yəni, Qarabağ ermənilərindən kimsə Bakıya gələcəkmi? Nəzərə alaq ki, PA müraciətində görüşün gündəliyini də açıqlayır: reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi. Yeri gəlmişkən, PA görüş vaxtını da müəyyənləşdirir – aprelin birinci həftəsi. 

Bəli, Azərbaycan ictimaiyyəti yenə qarşı tərəfdən müsbət reaksiya gözləyir. Yeri gəlmişkən, martın 1-də Xocalı şəhə­rində keçirilmiş ilk görüşdən sonra Ermə­nistandan bununla bağlı pozitiv olmayan siqnallar gəldi. Separatçı rejimdən də bildirdilər ki, heç bir halda, Azərbaycanın tərkibində olmaq məsələsi müzakirəyə çıxarıla bilməz. 

Əlbəttə, bütün bunlar Ermənistan, eləcə də Qarabağdakı separatçı rejim daxilində kütləvi psixozun hökm sürdüyü­nün göstəricisi idi. Mövcud durum yenə də aktuallığını saxlamaqdadır. Ancaq vurğulanmalı vacib məqam da var. PA növbəti görüş təklifini boş yerə irəli sür­mür. Qarabağda separatçılıq üçün çəm­bər daralmaqdadır və bunu edən Azər­baycandır. 

Ordumuz martın 25-də bir həmlə ilə Laçın dəhlizindən şimalda yerləşən yolla­rı – Xankəndi–Kosalar – Mirzələr-Turşsu, habelə, Xankəndi-Xəlfəli-Turşsu yollarını nəzarətə götürub. Beləliklə, ,həmin torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün is­tifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərgin­ləşməsinin və potensial təxribatların törə­dilməsinin qarşısı alınıb. Bakı isə hazırda növbəti görüş təklifi ilə Qarabağ ermənilə­rini separatçılardan ayrı tutmaq niyyətini ortaya qoyur. Əslində, təklifin mütərəqqi mahiyyəti və xoş məramı da məhz budur. 

Bəs, Bakının ikinci görüş təklifinə reaksiyalar necədir? Ermənistan və Qa­rabağdakı separatçı rejim baş verənlər­dən nəticə çıxarırmı? Təəssüf ki, yox! Ermənistanın media vasitələri yenə də separatçı rejimin nümayəndələrinin “da­nışıqlar üçün beynəlxalq mexanizmlər olmalıdır” kimi sarsaqlamalarını tirajla­maqdadırlar. Elə ölkənin ayrı-ayrı siya­siləri də eyni mövqeyi bölüşməkdədirlər. Yenə belə təəssürat yaranır ki, Ermənis­tan daxilindəki müəyyən qüvvələr prose­si satqınlıq kimi qiymətləndirdiklərindən, istənilən nəticə hasil olmur. 

Bəli, Bakı Ermənistanın siyasi rəh­bərliyində təmsil olunanlardan və sepa­ratçılardan fərqli olaraq, Qarabağ ermə­nilərinin taleyini düşünür. İstəmir ki, onlar siyasi oyunbazlığın girovuna çevrilsinlər və bunun nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalsınlar. Bu istək səmi­midir, ancaq ona adekvat münasibət də şərtdir. Bu adekvatlıq Qarabağ ermənilə­rinin öz evlərində rahat yaşamalarının, bir növ, təminatıdır. Deməli, onlar seçim etməlidirlər. Ermənistan hakimiyyətinin, dünya erməniliyinin və onun xaricdəki havadarlarının ambisiyalarında iştirak­dan uzaq durmalıdırlar, qısası, qərar ver­məlidirlər. 

Azərbaycan hakimiyyəti və cəmiyyəti anlayır ki, vaxtilə olub-keçənlərə rəğmən, ermənilərin doğulduqları, həyatlarını bağladıqları bölgədə yaşamaları vacibdir. Cəmiyyətimiz ümid edir ki, onlar özlərinin nümunəvi davranışları ilə bizə keçmişin acı xatirələrini bir kənara qoyub irəliyə doğru baxmağa kömək edəcək, səmimiy­yət göstərəcəklər. Səmimiyyətin nümayiş meydanı isə Bakıdır. 

Qarabağ erməniləri təklifin prinsipial tərəflərini də nəzərdən keçirməlidirlər. Qarabağda erməni separatizmi üçün çəmbər daralırsa, deməli, bunu nəzərə almadan addım atmaq onları separatçıya çevirəcəkdir. Bu isə o deməkdir ki, bölgə­ni tərk etməyə məcbur qalacaqlar. Çünki Azərbaycan hakimiyyəti separatçılığın kökünü kəsməkdə israrlıdır və buna qarşı hər hansı alternativ ola bilməz. 

Digər tərəfdən, Qarabağ erməniləri­nin ayrıca nümayişkəranə şəkildə fəallıq göstərmələri vacibdir. Çünki Ermənistan hakimiyyətini onların taleyi maraqlan­dırmadığından və rəsmi İrəvan Bakıya qarşı avantürist iddialara düşdüyündən, məqsədli şəkildə Qarabağ ermənilərini də qətlə yetirtdirib günahı Azərbaycanın boynuna atmaq planını işə sala bilər. Ta­rix göstərir ki, dünya erməniliyi dəfələrlə belə bir mənfur planı həyata keçirib. 44 günlük müharibə zamanı Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra da eyni “davranışı” Xankəndidə gerçəkləşdirmək, məsələni Azərbay­canın soyqırımı kimi qiymətləndirmək istəyirdilər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Qarabağ ermənilərinin, necə deyərlər, qanının arasına girdi. 

Onu da nəzərə alaq ki, indiki durum­da ermənilərsiz Qarabağ Ermənistan hakimiyyəti üçün gələcəkdə Azərbayca­na qarşı ərazi iddiası irəli sürmək üçün rıçaqdır. Bu düşüncə tipik erməni xəstə­liyindən irəli gəlir. Qarabağ erməniləri bu xəstəliyə qarşı çıxmalı, yollarını Bakıya salmalıdırlar. Başqa cür mümkün deyil. Digər xilas yolu da yoxdur. Nicat Bakıda­dır. 

R.ƏVƏZ, “Xalq qəzeti”

Siyasət