Güneylilərin Brüsseldə “Azadlıq və ədalət yürüşü”

post-img

Xəbər verildiyi kimi, martın 25-də Avropada yaşayan Güney Azərbaycan əsilli soydaşlarımızın Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin binası qarşısında “Azadlıq və ədalət marşı” adlı izdihamlı mitinqi keçirilib. “Azadlıq! Ədalət! Milli Hökumət!” devizi ilə təşkil edilmiş aksiyada Fransa, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələri, Benilüks və digər dövlətlərdən gəlmiş güneyli diaspor fəalları iştirak ediblər.

Mitinqə otay-butay Azərbaycandan, türk ölkələrindən, Avropadan minlərlə soydaşımız da qatılıb. Aksiyada əsas çağırışla yanaşı, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə”, “Azərbay­can var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, varlığına dayaq­dır”, “Azərbaycan öz yolunu tapıbdır, səltənəti-vilayəti atıbdır” kimi şüarlar da səsləndirilib. Güllü Muradova milli bütövlük himnimizi səsləndirib, “Azər­baycan, sənsən mənim” mahnısı ifa olunub. 

Mitinqdə çıxış edən diaspor fəal­ları molla rejimindən bu ölkənin 35 milyonluq türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran mediasında otay-butay Azərbaycana qarşı informa­siya hücumlarını dayandırmağı, eləcə də zindanlarda əzab çəkən minlərlə soydaşımızın azadlığa buraxılmasını tələb ediblər. Aksiyada Azərbaycan Prezidenti İham Əliyevin Türk Dövlət­ləri Başçılarının Səmərqənd Zirvə Gö­rüşündə və sonrakı beynəlxalq məc­lislərdə İranda yaşayan türklərin insan haqlarının təmin edilməsinin vacibliyini yüksək səviyyədə gündəmə gətirməsi minnətdarlıqla qeyd olunub, bu milli-si­yasi dəstəyin tarixi önəmi vurğulanıb.

Sonda Güney türklərinin Brüssel mitinqinin iştirakçıları adından səslən­dirilən bəyanatda dünya ictimaiyyə­tinə soydaşlarımızın milli haqlarının müdafiəsinə dəstək vermək çağırışı edilib. Yerli və xarici media aksiyanı geniş işıqlandırıb.

Brüssel mitinqinin təşkilatçıla­rından biri, İsveçdə yaşayan milli fəal Abdulla Əmir Haşimi Cavanşir redaksiyamızla telefon bağlantısın­da aksiyanın təşkili və gedişi barədə bildirdi:

–Əvvəla, bildirim ki, İranda ötən ilin payızından başlamış kütləvi iğtişaşlar­dan sonra hakim molla rejiminin ölkədə yaşayan türklərə qarşı ayrı-seçkilik si­yasəti, azadlıqsevər insanlara yönəlik cəza tədbirləri son həddə çatıb. Milli haqqını dilinə gətirən hər bir soyda­şımızın həyatı təhlükədədir. Ölkənin, xüsusən soydaşlarımızın yaşadığı böl­gələrin başı üstündə dar ağacı kabusu dolaşır, zindanlarda işgəncələr ərşə dirənib. Biz Avropada yaşayan azər­baycanlılar bütün bunları nəfəs çək­mədən, qəlb ağrısı və dərin narahat­lıqla izləyirik. Savaş meydanına atılmış soydaşlarımıza mənəvi-siyasi dəstək göstərmək üçün bütün vasitələrdən is­tifadə edirik.

Budəfəki aksiyanı da Qərbin və dünyanın güc mərkəzlərindən biri olan Avropa İttifaqının diqqətini İranda baş verən dəhşətli repressiyalara yönəlt­mək, molla rejiminin tüğyan edən irti­casına təsir göstərmək üçün bu quru­mun parlamenti qarşısında keçirməyi qərara aldıq. Demək olar ki, qitədə ya­şayan əsas diaspor qurumlarının təm­silçiləri çağırışımıza səs verib Brüsselə toplaşmışdılar. Aksiya yüksək siyasi fəallıqla, yurdsevərlik əhvalı ilə keçdi. Mitinqdə dünyada, eləcə də İranda yaşayan soydaşlarımızın milli haqları­nı ən yüksək səviyyədə müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin bizim haqq savaşımıza verdiyi dəstək çox yüksək dəyərləndirildi. 

Biz çıxışlar edərək azad dünyanın ictimai rəyinə çatdırdıq ki, yüz ildən bəri İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər. Bu bir əsrdə İranda zülm altındakı xalqların tarixi və təbii sərvətləri talan edilib, si­yasi hüquqları tapdalanıb. Onların baş­latdıqları azadlıq hərəkatları ən şiddət­li repressiyalara məruz qalıb.

Çıxışlarda vurğulandı ki, Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan türklərinə və İranın di­gər türk toplumlarına ən ağır təzyiqlər göstərmişdir. Azərbaycanın tarixi abi­dələri sistemli şəkildə məhv edilmiş, xalqımızın milli varlığı heçə endirilmiş­dir. Azərbaycan türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oy­namışdır. Təəssüf ki, İslam Respub­likası rejimi dövründə vəziyyət nəinki düzəlmədi, hətta milli ayrı-seçkiliyə irqi faşizm də əlavə olundu.

İnqilabdan sonra davamlı ola­raq milli hüquqları uğrunda mübarizə aparan Azərbaycan türkləri Məşrutə Anayasasının mütərəqqi Əyalət və Vi­layət Əncümənləri qanununun həyata keçirilməsini, inqilabın elan etdiyi ana dilindən istifadə hüququnun gerçəkləş­məsini tələb etsə də, molla rejimi şah diktaturasından da kəskin dərəcədə xalqımıza qənim kəsildi, milli haqları­mızı tanımadı. Haqqını istəyənin nəsibi dar ağacı, zindan, ölkəni tərk etmək, sürgün oldu. 

İslam Respublikası rejiminin artıq iflas həddinə çatdığını və İra­nın müxtəlif bölgələrində yaşayan xalqların aylardan bəri davam edən insan haqları davasına məhəl qo­yulmadığını qeyd edən müsahibimiz daha sonra bildirdı:

–Son aylardakı etirazlarda Güney azərbaycanlıları və digər türk toplum­ları, Qaşqay türkləri Tehrandan tutmuş Qəzvin, Zəncan və Təbrizə qədər yüz­lərlə övladını bu cinayətkar rejimə qar­şı mübarizədə qurban veriblər. Bu gün İranda bütün məzlum xalqlar öz pozul­muş hüquqlarını ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmində­dirlər. Onlar bu yolda ağır itkilərlə, fa­ciələrlə üzləşirlər, lakin geri çəkilmirlər.

Bu gün azadlıqsevər dünya İranda gedən mübarizəni böyük ümidlərlə izlə­yir. Təəssüf ki, bu savaşa ayrı-seçkilik və ikili standartlar baxımından qiymət verənlər də var. İranda molla rejiminin ruporu olan və xaricdəki farsdilli media­nın Güney Azərbaycan türklərinin haqq istəyini aşağılaması, saya salmaması isə sivil dünyaya, bəşəri tərəqqiyə qar­şı dayanmaqdır.

Son aylarda beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çər­çivəsində Cənubi Azərbaycan xalqına edilən zülmə qarşı çıxan yeganə döv­lət xadimi Prezident İlham Əliyev olub. Biz aksiyada dünya azərbaycanlıları­nın lideri olan möhtərəm Prezidentə dönə-dönə minnətdarlığımızı bildirdik, ondan bu təsirli dəstəyini davam etdir- məsini xahiş etdik.

Bu mitinqin əsas məqsədi İran döv­lətinin repressiv, antiazərbaycan, anti­türk siyasətini, yurd içində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmən qardaşlarımızı, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etmək idi. Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıyırdı. İran açıq şə­kildə Azərbaycanı müharibə ilə təhdid edir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan–Türkiyə birliyinin qarşısında strateji İran–Ermənistan birliyi qurub. Bunların hamısı bizim eti­razlarımıza səbəb olub. Güney Azər­baycan türkləri olaraq bunları qəbul edə bilmərik.

Biz Avropanın paytaxtı sayılan Brüsselə Güney Azərbaycan şəhərləri­nin küçələrində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını davamlı olaraq səs­ləndirən, molla rejimini qorxuya salan soydaşlarımızın haqq səsini dünyaya çatdırmaq üçün toplaşmışdıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da, hər bir xalqın da öz tələbləri var. Biz Güney Azərbaycan türklərinin başlıca tələblərini qəbul etdiyimiz bəyanatda ümimiləşdirib dünyaya elan etdik.

 

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

g9.jpg

Sosial həyat