Hazırda islamofobiya mühüm məsələlərdən biridir. Təəssüf ki, Avropada ikili münasibətlər var. Belə ki, müsəlman və xristian miqrantlara qarşı münasibətlər bir-birindən fərqlənir. Rusiya-Ukrayna müharibəsi nəticəsində başqa ölkələrə üz tutan ukraynalı miqrantlar üçün lazımi şərait yaradılır. Suriyadan və digər müsəlman ölkələrindən gedənlər üçün eyni davranış sərgilənmir. Avropa dövlətləri insan hüquqlarından danışsalar da, elə özləri onu kobud şəkildə pozurlar. Həmin ayrı-seçkiliyi aradan götürməliyik. Çünki hər kəs Allah qarşısında bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanın hər zaman haqqın tərəfdarı olduğunu bildirən şeyxülislam ölkəmizin dünyada baş verən mühüm hadisələrə biganə qalmadığını diqqətə çatdırıb: “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilın beynəlxalq konfrans bizim üçün çox vacibdir. Çünki bu konfrans vasitəsilə dünyaya bir daha bəyan etmək istəyirik ki, biz sülhün tərəfdarıyıq. Vaxtilə torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Həmin torpaqlarda məhv edilən, bərbad hala salınan məscidlərimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız, minalanmış torpaqlarımız islamofobiyanın təzahürüdür. Belə konfransların bütün dünya üçün böyük əhəmiyyəti var. Qeyd etmək istərdim ki, Azərbaycanda islamofobiyaya qarşı mübarizənin, multikulturalizmin bünövrəsini Ulu Öndər Heydər Əliyev qoyub. Onun siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
A.Paşazadə problem öz həllini tapana qədər mübarizənin davam etdiriləcəyini də diqqətə çatdırıb.