Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçiriləcək. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
“Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq.
Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.
Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir.
AZƏRTAC Türk dünyasında mövcud münasibətlərə və Türkdilli Dövlətlər Təşkilatının inkişafı istiqamətində görülən işlərə bir daha nəzər salır.
Hazırda Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz, son illərdə Azərbaycan böyük siyasi gücə çevrilərək mövqelərini möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.
Bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyadan və Çindən Avropaya daşınan yüklər artıq daha qısa vaxta və daha az xərclə Avropaya çatdırılır. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərir.
Son illər Azərbaycan Liderinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərinləşən əlaqələrin mühüm komponentini təşkil edir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bu baxımdan biz Türkmənistan qazının Azərbaycan ərazisindən tranzitini, həmçinin Mərkəzi Asiyanın bir neçə ölkəsinin işğaldan azad olunmuş ərazilərdə aparılan işlərə töhfəsini qeyd edə bilərik. Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfə Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir. 2021-ci ildə Təşkilatın İstanbulda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevə Türk dünyasının Ali Ordeninin təqdim olunması bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq”.
Hər zaman olduğu kimi, bu məsələdə də dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür. Belə ki, ötən ilin dekabrında Buxarestdə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Avropaya, o cümlədən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik Macarıstana yaşıl enerji ötürəcək. Bundan başqa, Azərbaycan Prezidentinin yanvarda Macarıstana səfəri və səfər zamanı imzalanmış sənədlər Türk Dövlətləri Təşkilatının üzvü kimi ölkəmizin təşkilatın genişləndirilməsi işinə töhfələrindən biri kimi qiymətləndirilməlidir.
Ölkəmizin Türk dünyası ilə əlaqələri kontekstində qardaş Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr kimi bütün platformalarda bir-birini dəstəkləyir, istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır. Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən “qardaş köməyi”ndə gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.
Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyaya Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə super güc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Baş verən son zəlzələlərin aradan qaldırılması işləri zamanı dünyanın, demək olar ki, bütün ölkələrindən Türkiyə dəstəyin göstərilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin və etimadın əyani təzahürü idi.
Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə bağlı reallıqları bu sözlərlə ifadə edib: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.
Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.