Özünü bütün dünyaya İslam hamisi kimi tanıdan İran uzun illərdir ki, dindən siyasi ambisiyalarını reallaşdırmaq üçün istifadə etməkdə, dini siyasi maraqlarının alətinə çevirməkdədir. İranın İslam dinindən siyasi məqsədlərlə istifadə etməsi rəsmi Tehranın həm daxili, həm də xarici siyasətində öz əksini tapmaqdadır.
Haqqa tutulan divan
Tehran rejiminin dini siyasi hədəflərə çatmaq vasitəsinə çevirməsinin ən bariz nümunəsi İranda haqqı deyən, ölkədəki ədalətsiz, anti-demokratik idarəetmə sisteminə etiraz edən, sosial ədalətsizlikdən şikayətlənən insanlara tutulan divandır. Halbuki, xalqın öz arzu-istəyini, eləcə də etirazını ifadə etməsi demokratiya ilə yanaşı, həm də İslam dininin ona verdiyi başlıca hüquqlardan biridir.
İslam dini ədalətsizliyə qarşı mübarizə aparmağı hər bir müsəlmanın əsas vəzifələrindən biri hesab edir, haqsızlığın mütilik və susqunluqla qarşılanmasını qınayır.
İranın özünü İslam dövləti elan etdiyini nəzər alsaq, o zaman rəsmi Tehran bu cür etirazları anlayışla qarşılamalı, insanların haqq səsini dinləməli, onları narahat edən problemlərin həllinə çalışmalıdır. Lakin fars-molla rejimi İslam dininin ruhuna və mahiyyətinə zidd olaraq, etirazçılara divan tutmaqda, onları təxribatda ittiham edərək ölümə məhkum etməkdədir. Təkcə bir faktı qeyd edək ki, 2022-ci ildə İranda edam edilən insanların sayı 500 nəfərdən çox olub və onların böyük əksəriyyəti sırf siyasi amillərlə bağlı öldürülüb. Bu, rəsmi Tehranın hətta öz vətəndaşlarına qarşı belə, amansızcasına davrandığını, İslam dininin tələbləri əsasında hərəkət edən insanları qətlə yetirdiyini göstərir.
Fars-molla rejiminin türk soyqırımı
Tehran rejiminin idarəetmə sistemində diqqətçəkən məqamlardan biri də fars-molla rejiminin edam cəzasından azərbaycanlı siyasi fəallara, milli düşüncə mənsublarına qarşı cəza və soyqırımı vasitəsi kimi istifadə etməsidir. Bugünə qədər hüquqları pozulan on milyonlarla soydaşımıza ədalət tələb edən, Azərbaycan xalqının dilinə, mədəniyyətinə, adət-ənənəsinə, milli kimliyinə, tarixi şüuruna qəsd edən rəsmi Tehrana etirazını bildirən minlərlə soydaşımız fars-molla rejiminin qurbanı olub. Onların bir qismini zindan həyatına məhkum edən İran, digər hissəsini edam vasitəsilə fiziki olaraq neytrallaşdırıb. Bir çox azərbaycanlı fəal isə rəsmi Tehran tərəfindən təşkil edilən sui-qəsdlərə qurban gedib. İran bu üsulla öz hakimiyyətinə, fars-molla rejiminə təhlükə hesab etdiyi azərbaycanlıları məhv edir, digər fəallar arasında qorxu, vahimə mühiti formalaşdırmağa çalışır. Ən dəhşətlisi isə budur ki, İran rejimi bütün bu cinayətlərin hamısını din pərdəsi altında həyata keçirir.
İslam dini, yoxsa “işğal dini”
Rəsmi Tehranın insanlığa qarşı cinayətləri ilə yanaşı, həm də müqəddəs dinimizə qarşı yol verdiyi cinayətlərdən biri də İslam dinini “işğal dininə” çevirməsidir. Sülh dini olan İslamdan təcavüzkar məqsədləri üçün istifadə edən İran din faktoru vasitəsilə həm İrandakı soydaşlarımızı, həm də Azərbaycandakı vətəndaşlarımızı öz yalanlarına inandırmağa, onların beynini ələ keçirməyə cəhd edir. Məhz bu məqsədlə də Azərbaycandan İrana dini təhsil almaq üçün gedən gənclərimizə dindən daha çox, Tehranın maraqları təbliğ edilir.
İran rejiminin siyasi-mənəvi əxlaqsızlığı o həddə çatıb ki, bu ölkənin xüsusi xidmət orqanları dini təhsil almaq üçün İrana üz tutan vətəndaşlarımızı əməkdaşlığa cəlb etməyə çalışır. Molla rejimi İslam dini ilə bağlı təhsil və dünyagörüşünü genişləndirmək istəyən gənclərimizi inandırmağa çalışır ki, guya, dünyada “əsl İslam” yalnız İranda mövcuddur və buna görə də hər bir müsəlman İrana dəstək verməli, Tehranın tapşırıqlarının icraçısı olmalıdır.
İran dövləti öz əlaltıları vasitəsilə Azərbaycan daxilində də geniş iş aparır, yeni casus şəbəkələri formalaşdırmağa, dövlətimizin və cəmiyyətimizin “dərinliyinə” nüfuz etməyə çalışır.
Son aylar ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İrana çalışan iki böyük casus şəbəkəsinin ifşa edilməsi faktı Tehranın Azərbaycanla bağlı təxribatçılıq planlarının hansı ölçüdə olduğunu əks etdirir.
Bir sözlə, bu gün İran dini maarifləndirmə adı altında vətəndaşlarımızın zehnini, ağıl və düşüncəsini ələ keçirməyə, ölkəmizi daxilən – elə öz vətəndaşlarımızın əli ilə işğal etməyə çalışır. Bir tərəfdən dövriyyəyə tonlarla narkotik maddə buraxan “İslam dövləti”nin, digər tərəfdən özünü “İslamın yeganə dayağı” kimi təqdim etməsi də bu məqsəddən irəli gəlir.
Qafqaz Müsəlmanları İdarəsinə açılan “atəş”
Vətən müharibəsindən sonra molla rejiminin Azərbaycanla bağlı siyasətində diqqətçəkən digər bir məqam Qafqaz Müsəlmanları İdarəsini (QMİ) hədəfə götürməsidir. Müharibədən sonra terrorçu Ermənistana iqtisadi-siyasi yardımlarını artıran, sözün həqiqi mənasında, Ermənistanın hamisi kimi çıxış edən İranın Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ifşası Tehran rejimini özündən çıxarıb. Buna görə də müxtəlif dini liderlərin dili ilə QMİ-yə qarşı hücuma keçən İran, bu qurumu gözdən salmağa, onun nüfuzuna zərbə endirməyə çalışır. Halbuki Qafqaz Müsəlmanları İdarəsinin erməni havadarı olan Tehran rejiminə tutduğu bütün iradlar haqlı və yerində olub.
Vurğulayaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İranın ermənilərə dəstəyinin, Azərbaycana düşmən münasibətinin İslam tarixi baxımından da böyük yanlış olduğunu vurğulayaraq deyib: “Biz onlara qardaş deyirik. Çünki biz İranı belə tanıyırdıq. Gördük ki, bu qardaşın başqa qardaşı da var imiş. Biz ögey qardaş imişik. Mən elə bilirəm ki, onlar səhvlərini başa düşərlər. Onlar başa düşərlər ki, bu, İslam tarixində də böyük səhvdir. Ümid edirəm ki, səhvlərini başa düşüb qayıdacaqlar”.
Göründüyü kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İrana öz əməllərini xatırladaraq onu səhvlərini anlamağa, yanlış yoldan geri dönməyə çağırır. Fars-molla rejimi isə bu çağırışa böhtan və iftiralarla qarşılıq verir ki, bu da Tehran hakimiyyətinin, hər şeydən öncə İslam dininə olan riyakar münasibətini əks etdirir. Ancaq rəsmi Tehran bilməlidir ki, Azərbaycana münasibətdə necə bir mövqe sərgiləməsindən asılı olmayaraq artıq bütün dünya İranın İslam dinindən sırf siyasi məqsədlər üçün istifadə etdiyini bilir və onun səmimiyyətinə inanmır. Odur ki, İranın İslam pərdəsi altında Azərbaycana, onun ayrı-ayrı qurum və şəxslərinə açdığı “atəşin” heç bir səmərəsi olmayacaq.
Seymur ƏLİYEV, “Xalq qəzeti”