Ermənistan–Rusiya ziddiyyətlərində KTMT amili

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, daha dəqiq desək, Rusiyanın hərbi bloku ilə yolları ayırmaqda israrlıdır. Ancaq tələsmir, hələ bir müddət Moskvanın “erməni sevgisi” üzərində oynamaq xəttini davam etdirir. Nikolun bir neçə gün öncə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bunu söyləməyə əsas verir. 

Əslində, N.Paşinyanın bildirdikləri həm mövqe nümayişi, həm də sırf ifadə tərzi baxımından yenilik deyil. Yəni, son bir ildə İrəvanın Moskva ilə gərginlik amp­litudasında KTMT vacib halqanı təşkil et­məkdədir. Nikol məhz bu qurum müstəvi­sində Kremlə yüklənir, onun Ermənistan üçün səmərəsizliyini göstərmək yolunu tutur. Hazırkı bəyanata gəldikdə isə o de­yir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı tərk edir: “Biz KT­MT-dən çıxmırıq, onlar burdan gedir. Bu isə bizi narahat edir”.

Qeyd edək ki, eyni məzmunlu fikri ötən ilin noyabrında Ermənistan par­lamentinin spikeri Alen Simonyan da bildirmişdi. Yeri gəlmişkən, Paşinyanla Simonyanın fikirləri o qədər oxşardır ki, hətta, indi onu birincinin səsləndirdiyinə şübhə ilə yanaşmaq mümkündür. Erməni spiker vurğulamışdı: “Biz heç vaxt demə­mişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, regionu tərk edən KTMT-dir və bundan narahatıq”.

***

N.Paşinyan mətbuat konfransında onu da bildirib ki, ölkəsi KTMT-yə öz prinsiplərini təklif edib. “Söhbət Ermə­nistandan getmir, ondan gedir ki, KTMT Ermənistanda işləyirmi? Biz bu məsələ­ni həll etmək istəyirik”, – deyə Paşinyan vurğulayıb. 

Əlbəttə, anti-Rusiya ovqatını körük­ləmək baxımından A.Simonyan Paşinya­nı üstələməkdədir. Nəzərə alaq ki, birinci Kreml əleyhinə ötən ilin sentyabrında daha sərt fikirlər səsləndirmişdi. Həmin vaxt Azərbaycanın hərbi müstəvidə Er­mənistanı cəzalandırmasından əsəbləş­miş Simonyan demişdi ki, Moskvanın İrəvanı qorumaq üçün əlindən heç nə gəlmir. “Niyə bu barədə demirlər? Desin­lər ki, indi əlimizdən heç nə gəlmir, an­caq imitasiyadır və ya bizi bu vəziyyətdə qoyublar. Üzr istəyirəm, amma bizdə o resurs yoxdur. Biz üç milyonluq kiçik bir ölkəyik və bizim üçün hər metr vacibdir. Biz çox narazıyıq, orada olan gözlən­tilər özünü doğrultmur. Biz uzun müddət vətəndaşlarımıza izah edə bilməyəcəyik ki, KTMT niyə görməli olduğu işi görmür. Bundan nəticə çıxaracağıq”, –deyən erməni spiker Ermənistanın Rusiya ilə qarşılıqlı yardım haqqında müqaviləsinin olduğunu kinayə ilə xatırlatmışdı. 

Biz isə onu xatırladaq ki, İrəvan mar­tın əvvəlində KTMT-də baş katib müavini postu ilə bağlı kvotasından imtina etdiyini açıqlayıb. Bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yaymışdı. Bundan əvvəl isə erməni iqtidarı KTMT-nin əv­vəlcədən müəyyənləşdirilmiş plana uy­ğun olaraq, ölkədə keçirilməsi nəzərdə tutulmuş hərbi təlimindən imtina etmişdi. Həmin vaxt da həm Simonyan, həm də Paşinyan kifayət qədər aşağılayıcı fikirlər səsləndirmişdilər. Təxminən belə: Gələ­cəklər, təlim keçirib gedəcəklər, sonra Azərbaycan və Türkiyə bunu təhlükə gö­rüb üstümüzə gələcək, Rusiya bizi müda­fiə etməyəcək. 

***

Göründüyü kimi, hazırda Ermənis­tanın baş naziri sadəcə, götürülmüş kursun, bir növ, davamını gətirir. Onun Rusiya ilə daha ciddi məzələnməsi isə ötən ilin noyabrında baş vermişdi. O vaxt İrəvanda KTMT-nin növbəti sammiti keçi­rilirdi. Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı həmin sammit əsl anti-Rusiya tamaşasına çevrilmişdi. 

Paşinyan tədbirdən öncə Rusiya əley­hinə aksiyalar təşkil etmiş, təhqiramiz fikirlərin səslənməsinə rəvac vermişdi. O, toplantının gedişindəki çıxışında da Moskvanın Ermənistan üçün səmərəsizli­yi məntiqinə köklənmişdi. Hətta, sammitin yekun sənədinə imza atmaqdan imtina et­miş və demişdi ki, orada, guya, Ermənis­tanı razı salmayan məqamlar var...

Paşinyan, ümumən, Ermənistan iqtidarı istəyirdi ki, sözügedən tədbir KTMT-nin Azərbaycana qarşı demarş meydanına çevrilsin. Bunu hiss edən Belarus Prezidenti Aleksandr Lukaşen­ko özündən çıxaraq Qərbpərəst erməni iqtidarını KTMT-yə üzv dövlətlərin başçı­larını uşaq yerinə qoymamağa çağırmış, Cənubi Qafqazda sülh yaratmaq üçün anarxizmdən uzaq durmağın, konkret tədbirlər görülməsinin vacibliyini vurğu­lamışdı. 

Əlbəttə, o zaman KTMT-nin, necə deyərlər, ağır çəkililərinin Ermənistan paytaxtında olması rəsmi İrəvana sanki jest idi. Ancaq Paşinyan Putinin jestindən nəticə çıxarmadı. Bu, azmış kimi, İrə­vandakı nümayişçilər Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb etdilər. 

***

Onu da deyək ki, KTMT müstəvisin­də Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi İrəvanın Avropa İttifaqı­nın mülki missiyasını regiona gətirmək istiqamətindəki fəaliyyəti ilə müşayiət olunub. Paşinyan birincinin səmərəsiz­liyinə dair fikirlərini sözügedən missiya­nın əhəmiyyətini vurğulamaqla bərabər səsləndirməklə, bir növ, KTMT-nin mis­siyasına alternativ müəyyənləşdirdiyini bəyan edirdi. Nəzərə alaq ki, hazırda Aİ-nin müşahidəçiləri Ermənistan–Azərbay­can sərhədinin Ermənistan tərəfindən işə başlayıblar. 

Digər tərəfdən, Ermənistan iqtidarının KTMT-yə, daha doğrusu, Rusiyaya qarşı demarşları, ümumən, Moksvanı Cənubi Qafqazdan çıxarmaq yönümlü Qərb si­yasət vektorunun tərənnümüdür. Bir qə­dər əvvəl diqqətə çatdırdığımız məqam heç də təsadüfi deyil. Paşinyan Ermənis­tandakı 102-ci rus hərbi bazasını ölkədən çıxarmaq tələblərini gündəmə gətirərkən, Cənubi Qafqazdakı rus varlığını silməyi hədəf seçib. 

Bəli, yekun qənaət budur ki, Ermənis­tan baş nazirinin son açıqlaması erməni iqtidarının anti-Rusiya fəaliyyətini davam etdirəcəyinin təsdiqidir. Doğrudur, Nikol açıq şəkildə ölkəsinin KTMT-dən çıx­maq niyyətini dilə gətirmir, ehtiyat edir. Bu, həm də Rusiyanı şantaj etməkdir. İrəvanda yaxşı anlayırlar ki, Moskva er­məni şıltaqlıqlarına dözür. Buna görə psixoloji baxımdan bu dözümü, müəyyən mənada, sınamaq yolu tuturlar. Deməli, Ermənistan hakimiyyətinin KTMT-ni aşa­ğılaması bundan sonra da davam etdi­riləcəkdir. Moskva özünə ünvanlanmış təhqiramiz rəftara nə qədər dözəcək, maraqlıdır.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət