Dünən Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayıb. İki günlük konfrans BMT Baş Assambleyasının 15 mart tarixini islamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda islamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılır. Onun bölmə iclaslarından biri Fransada islamofobiya mövzusunu əhatə edir.
***
Əslində, Fransada islamofobiya mövzusunun konfransda müzakirəsi təsadüfi deyil. Avropa İttifaqının aparıcı dövlətlərindən biri, milli devizi “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransanın digər qitələrdəki müstəmləkə ərazilərində yaşayanlarla birlikdə əhalisinin sayı 68 milyon nəfərə yaxındır. “The World Factbook” sorğu-almanaxının məlumatına görə, əhalinin 7-9 faizi İslam dininə etiqad edənlərdir. BBC rus xidmətinin saytında 14 noyabr 2020-ci ildə yerləşdirilən məqalədə isə Fransada 5,7 milyondan çox müsəlmanın yaşadığı qeyd edilir. Bildirilir ki, bu da ölkə əhalisinin təxminən 8,8 faizi deməkdir. O da bildirilir ki, bu, bütün Avropa ölkələri arasında ən yüksək göstəricidir. İslam dini tərəfdarlarının sayına və əhəmiyyətinə görə Fransada ikinci, böyümə sürəti baxımından isə birincidir.
Fransada müsəlmanların sayı artdığı kimi islamofobiya təzahürləri də getdikcə güclənir. Bunu Fransa Respublikasında baş verənləri gündəlik müşahidə edən hər kəs görə bilər. Həmçinin, Fransada islamofobiyanın nəzərəçarpacaq dərəcədə artdığını politoloqlar və beynəlxalq münasibətlər üzrə ekspertlər tərəfindən hazırlanmış bir sıra elmi araşdırmalar da sübut edir.
Fransada islamofobiya hallarının multikulturalizmin hökm sürəcəyi inklüziv, açıq və mükəmməl cəmiyyətin qurulacağı vədi ilə 2017-ci ildə prezident seçilən və 2022-ci ildə vəzifəsini qoruyub saxlayan Emmanuel Makronun dövründə daha da artması diqqətdən yayınmır. Onun özünün və rəhbərlik etdiyi hökumət üzvlərinin atdığı bu addımlar seçkiqabağı dövrdə verilən vədlə ziddiyyət təşkil edir. Onun rəhbərliyi altında Fransa daha da islamofob dövlətə çevrilib.
Makron hökuməti müsəlmanları təhlükə, İslamı isə daim nəzarətdə saxlanmalı olan bir din kimi görür. İslam əleyhinə sistemin tərkib hissələrini Fransada müsəlman təşkilatlarına tətbiq edilən “İslam təməlçiliyinə qarşı dirəniş cəmiyyəti” layihəsi, “İslam separatizmi” əleyhinə qanun və Fransa İslamının Prinsipləri Xartiyası təşkil edir.
Fransa hakimiyyəti tərəfindən İslamın nəzarət olunmalı və sıxışdırılmalı təhlükəli bir din kimi təqdim edilməsi cəmiyyətin ölkənin müsəlman əhalisindən qorxmağa başlamasına gətirib çıxarıb. Makronun rəhbərliyi altında İslam əksər Fransa vətəndaşları tərəfindən sivilizasiya, adət-ənənə və yerli dəyərlər üçün potensial təhlükə mənbəyi kimi görünməyə başlayıb. Geniş yayılmış islamofobiya Makronun daim və israrla müsəlmanlara və İslama qarşı çıxışları, seçki strategiyası ilə gücləndirilir. Bu da öz növbəsində insan haqları təşkilatları və BMT tərəfindən pislənir. Son dövrlər müsəlmanların bir qismi Fransanı tərk edir, Parisin “yumşaq güc”ünə zərər verən “beyin axını” var. Fransa üçün, bu, beynəlxalq münasibətlərin, biznes mühitinin və diplomatiyanın bir çox sahələrində rol oynaya biləcək əhalinin bir hissəsinin, səs və fikirlərin itirilməsidir.
2019-cu ilin oktyabrında Makron hökumətində o vaxtkı daxili işlər naziri olan Kristof Kastaner parlament komitəsinin dinləmələrində radikallaşma əlamətləri kimi saqqal saxlamağı və Ramazanın “qəsdən” qeyd olunmasını göstərmişdi. Bir sözlə, islami görünən hər şey “radikal” kateqoriyasına düşür. İndi bu cür mühakimələr islamofob maskalı Fransa elitası üçün vərdiş halı alıb.
***
Yazının girişində Fransada müsəlman əhalisinin faiz nisbətinin bütün Avropa üçün maksimum göstərici olduğunu qeyd etdik. Yəqin, oxuculara maraqlı gələ bilər ki, nə üçün məhz Fransada müsəlman əhali Avropanın digər ölkələri ilə müqayisədə daha çoxdur. Fransızlar bunun səbəbini bilməmiş olmazlar.
Müsəlmanların Fransa ərazisinə kütləvi axını Birinci dünya müharibəsi zamanı Şimali Afrikadakı müstəmləkələrdən (Əlcəzair, Tunis və Mərakeş) çox sayda insanın metropoliyanı müdafiə etmək üçün cəlb edildiyi zaman baş verib. Onların bir hissəsi sülh bağlandıqdan sonra Fransada qalıb. Ölkədə ən böyük məscid sayılan Paris cümə məscidi də məhz 1926-cı ildə Birinci dünya müharibəsində həlak olan müsəlman əsgərlərin xatirəsinə ehtiram əlaməti olaraq Fransa Prezidenti Qaston Dumerqin iştirakı ilə açılıb. İndi isə Fransa öz keçmişinə, müsəlmanların ölkənin müdafiəsində oynadığı rola, canlarını fəda etməsinə məhəl qoymadan onlara münasibətdə ayrı-seçkilik siyasəti yürüdür. Görünür, fransız olmağın bir özəlliyi də budur.
Elçin ƏSGƏROV,
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin sədri
– Fransada son illərdə, xüsusilə Emmanuel Makronun prezidentliyi dövründə islamofobiya ciddi şəkildə güclənib. Baxmayaraq ki, Makron seçilərkən əsas rəqibi sağçı-millətçi Marin Le Penin əksinə olaraq, multikulturalizmə üstünlük verəcəyini, ksenofobiyanın, rasizmin olmayacağı bir cəmiyyət quracağına söz vermişdi. Məhz buna görə Makron üstünlük qazana bilmişdi.
Lakin Makron prezident seçiləndən sonra həm rasizmin, həm də islamofobiyanın artması təzahürü açıq-aydın görünməyə başladı. Bu, təkcə dövlət tərəfindən ayrı-ayrı aktlarda, yanaşmalarda deyil, konkret qanunvericilikdə də öz əksini tapdı. Məsələn, İslam separatizmi ilə bağlı Fransada qanun qəbul olundu. Bu, guya, radikalizmə çağıran İslam cərəyanlarına qarşı qəbul olunmuş qanundur. Ancaq faktiki olaraq, bütün İslam icmalarına təzyiq vasitəsi kimi, bu qanundan istifadə olunur. Qanunun qəbulundan sonra məscidlərin imamlarının çıxışlarına nəzarət edilməsinə, senzura olunmağa, hüquq-mühafizə orqanları din xadimləri ilə müxtəlif bəhanələrə tez-tez görüşməyə, onlara təzyiqə başlanılıb. Fransanın özündə də bir sıra hüquq müdafiə təşkilatları bu qanuna qarşı çıxırlar.
Daha sonra Fransada bu qanunla bağlı tənqidləri boğmağa başladılar. Məsələn, Fransada “İslamofobiyaya qarşı Kollektiv” adlanan təşkilatın fəaliyyəti qadağan olundu. Qanuna əsaslanaraq, Fransa hökumətinin apardığı islamofobiya siyasəti ilə bağlı istənilən tənqid cinayət kimi tanınmağa və İslam radikalizmi kimi qiymətləndirilərək onun qarşısının alınmasına başlandı. Bu da Fransada böyük narazılığın yaranmasına səbəb oldu.
Səxavət HƏMİD, “Xalq qəzeti”