İslamofobiyanın siyasiləşdirilməsi bəşəri təhlükədir

post-img

Beynəlxalq İslamofobiyaya Qarşı Mübarizə Günü BMT-nin elan etdiyi rəsmi beynəlxalq günlərdən biridir. İnancların və dinlərin müxtəlifliyinə və fundamental insan hüquqlarına hörmət əsasında tolerantlıq və sülhü təşviq etmək üçün bu əlamətdar tarix hər il martın 15-də qeyd olunur. Bununla əlaqədar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda dünyada, xüsusilə də Avropada müşahidə edilən islamofobiya tendensiyaları müzakirə olundu, maraqlı mülahizə və təkliflər səsləndi.

Ümumiyyətlə, islamofobiya müsəl­manlara qarşı qorxu, qərəz və nifrətdir. Bu gün “islamofobiya” dedikdə həm İs­lam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı nifrət hissi nəzərdə tutulur. Təəssüf ki, müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğu və qarışıq dini inanclı münaqişə və post-münaqişə zonalarında bu cür tendensiyaların gücləndiyi müşahidə edilir. Mütəxəssislərin əksəriyyəti bu fi­kirlə razılaşır ki, islamofobiya, əsasən, Qərb ölkələrində yayılmış bir ideologiya­dır. İslama qarşı olan bu nifrətin səbəbi Əndəlusun müsəlmanlar tərəfindən fəth edilməsi ilə əlaqədardır. Səlib yürüşlə­ri zamanı Qərbin kilsə nümayəndələri­nin apardıqları təbliğat da İslama qarşı nifrət toxumlarının səpilməsinə zəmin yaratmışdı. Müasir dövrdə isə 11 sent­yabr 2001-ci ildə Nyu-York şəhərində baş verən terror hadisəsi bu nifrət hissini daha da alovlandırdı. Buna görə də is­lamofobiya ciddi təhdid kimi beynəlxalq müzakirə obyekti olaraq qalır.

Belə bir mühüm və aktual problemə həsr olunmuş mötəbər tədbirin Azərbay­canda keçirilməsi təsadüfi xarakter daşı­mır. Multikultural dəyərlərin hakim olduğu ölkəmizdə fundamental insan hüquqları­nın qorunmasına yönəlik addım və təşəb­büslər hər zaman dəstəklənir və Azərbay­can ümumbəşəri əhəmiyyətli proseslərə təkan verən layihələrin reallaşmasına öz töhfəsini verir. Bakı Beynəlxalq Multikul­turalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təş­kilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusun­da beynəlxalq konfransın keçirilməsi də bu həqiqəti bir daha təsdiqləyir. Son illər demokratik dəyərləri qorumaq və güclən­dirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli pro­seslərin baş verməsindən narahat olan Azərbaycan da digər İslam ölkələri kimi, islamofobiya ilə mübarizəyə dair qəti fəa­liyyət planının hazırlanmasını zəruri sayır və belə beynəlxalq forumların keçirilmə­sinin akademik platformanın yaradılma­sına təsir göstərəcəyinə inanır. 

Müzakirələrdən öncə BMT Baş ka­tibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinosun videomüraciəti təqdim olun­du. Cənab Moratinos ötən il Baş Assam-bleyanın 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, dünyada, xüsusən də Qərb ölkələrində yayılan islamofobiya nifrət deyil, qorxudur. Bununla belə, müsəl­manların özlərini qorumaq hüququ da var və hamımız birlikdə çalışaraq nifrətin aradan qaldırılmasına nail olmalıyıq. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov açılış nitqində bildirdi ki, islamofobiya hallarının artması Azər­baycanı da narahat edir. Qeyd etdi ki, konfransda dünyanın 31 ölkəsindən alim­lər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatla­rının nümayəndələri iştirak edəcək. Onun sözlərinə görə, həmin nümayəndələr islamofobiya ilə mübarizədə fərqli ya­naşma, bəzi Avropa ölkələrində islamo­fobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar. Tədbirə Azərbaycanın ev sahibliyi etməsinin xüsusi önəmini vurğu­layan R.Həsənov əlavə etdi ki, dünyada islamofobiya hallarının artması Azərbay­canı da narahat edir. O, konfransın daya­nıqlı şəkildə keçirilməsinə ümid etdiyimizi də diqqətə çatdırdı. 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmeleddin İh­sanoğlu isə dedi ki, islamofobiya qlobal sülh üçün ciddi təhlükədir, sabitliyə ciddi təhdiddir. Cənab İhsanoğlu vurğuladı ki, bəzi ölkələrdə islamofobiya siyasiləşdiri­lir. O, bu təhlükəli tendensiyanın xüsusilə də seçki kampaniyalarında müşahidə edildiyini diqqətə çatdırdı. İƏT-in keçmiş baş katibinin sözlərinə görə, vəzifəsinin icrasına başladığı zaman üzləşdiyi əsas problemlərdən biri Qərbin İslama mənfi münasibəti olub. O vurğuladı ki, indi əv­vəlki illərlə müqayisədə üç istiqamətdə islamofobiya ilə bağlı nəzərəçarpacaq mənfi tendensiya müşahidə edilir. İsla­mofobiyanın ciddi problem olduğunu qə­bul etməyin vacibliyinə toxunan Cənab İhsanoğlu təfliklərini də səsləndirdi. Onun sözlərinə görə, müsəlman ölkələrin səsi daha ucadan səsləndirilməlidir. Bundan başqa, müsəlman ölkələr ortaq mövqe nümayiş etdirməlidirlər ki, İslam Avropa­da yad din deyil, “Köhnə qitə”də milyon­larla müsəlman yaşayır. 

Beynəlxalq Münasibətlərin Təhli­li Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında müsəl­manlara qarşı mədəni, siyasi baxım­dan qərəzli münasibətin bəslənildiyini bildirdi. Onun sözlərinə görə, Ermənis­tan ̶ Azərbaycan münaqişəsində heç bir dini tərəf olmasa da, ermənilər özlərin­dən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbay­can 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb: “Biz tarix boyu müsəlmanların təcrid olunmasını görü­rük. İslamofobiya özünün doğurduğu nəticələr baxımından müxtəlif kontekt­lərdə mövcuddur. Bu anlayışın həm də dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, iqtisadi və sosial məzmunlara ciddi təsiri var. Bu, faktdır”. Fərid Şəfiyev əmin oldu­ğunu bildirdi ki, konfrans islamobiyaya ilə mübarizədə uğurlu başlanğıcı olacaq.

İlk plenar sessiyada çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkila­tının İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının üzvü Aydın Sə­fixanlı dedi ki, dünya Fransanın Əlcəza­ir xalqına, Afrika, həmçinin Cənub-Şərqi Asiyanın digər ölkələrinə qarşı törətdiyi kütləvi vəhşiliyi unutmamalı, ədalət tələb etməlidir. Gələcəkdə belə faciələrin qar­şısını almaq üçün mümkün olan hər şey edilməlidir. Onun sözlərinə görə, Fransa Əlcəzair xalqına qarşı dəhşətli müharibə aparıb və bu müharibədə 1,5 milyondan çox insan həyatını itirib.

Aparat rəhbəri vurğuladı ki, Qərbin bəzi ölkələrində İslama qarşı aşağılayıcı hərəkətlərə yol verilir: “Bu əməllər ifadə azadlığı adı altında edilir. Halbuki bu aşa­ğılayıcı addımların ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqındakı səfiri və da­imi müşahidəçisi İsmət Cahan təəssüf hissi ilə bildirdi ki, Qərbdə, dünyanın bəzi regionlarında islamofobiya artır. Bəzi ölkələrdə bu mənfi tendensiyanın siya­siləşdirilməsinə meyillik müşahidə olunur ki, bu da yalnış yoldur. Onun sözlərinə görə, islamofobiyanın gender aspekti də var: “Avropada müsəlman qadınlara qar­şı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır. Avropada belə fikir var ki, müsəlman qadını azad etmək lazımdır. Bu, kökündən yalnış mövqedir. Müsəl­man qadını seçimində azaddır”. İ.Cahan nəzərə çatdırdı ki, İslamofobiyanın güc­lənməsindən ciddi narahatlıq duyur. 

Avropada müsəlmanların terrorçu və arzuolunmaz mühacir olduğunu düşü­nürlər. Bu mövqe cəmiyyəti qütbləşdirir. Amma, təbii ki, bu, yanlış fikirdir. O dedi ki, müsəlmanların Avropada öz yerinin ol­duğunu deməyə ehtiyac var. Bunun üçün islamofobiya ilə mübarizə konkret fəaliy­yət planı əsasında aparılmalıdır.

***

Aralıq sessiyada keçirilən “Fransada islamofobiya” mövzusunda müzakirələr­də bir sıra maraqlı məqamlara toxunul­du. Fransa Milli Mərkəzinin fəxri baş elmi işçisi Fransua Burqat çıxışında vurğuladı ki, Fransada öz dininizə aid nəsə etsəniz, məsələn, hansısa atribut­la gəzsəniz, bu qeyri-qanuni sayılacaq. Cənab Burqat islamofobiya ilə mübarizə aparılmasının vacibliyini qeyd edərək bil­dirdi k, Fransa cəmiyyəti dövlət islamo­fobiyasına doğru gedir. Onun fikrincə, bu tendensiyanın bəzi səbəbləri var. Fransız qonaq dedi ki, Fransa artıq xristian cə­miyyət deyil və müsəlmanlara qarşı nifrət nitqini ifadə edənlərin inanclı xristianlar olmadıqları görürülür. Cənab Burqat, həmçinin vurğuladı ki, artıq Fransa hö­kuməti hərəkətləri yox, düşüncələri krimi­nallaşdırır.

“İslamofobiya lüğəti” kitabının müəllifi, tarixçi Kamil Meziti də ondan öncə çıxış edən natiqlərin sözlərini təs­diqləyən fikirlərə yer ayırdı. Onun sözlə­rinə görə, son 10 il ərzində Fransa artıq qanuni irqçiliyə doğru addımlayır. “10 il əvvəl islamofobiya ilə bağlı kitabı ya­zanda mənə irad tuturdular ki, qeyd olu­nanlar şişirtmədir. Lakin bu gün görürük ki, artıq biz qanuni irqçiliyə doğru gəlib çıxmışıq”. Cənab Meziti əmin olduğunu bildirdi ki, bu, Fransa dəyərlərinə xas bir vəziyyət deyil. O, Fransanın 10 faizinin müsəlman olduğunu xatırlatdı. 

Bundan başqa, K.Meziti əlavə etdi ki, Fransada İslama qarşı paranoya yaşa­nır. Bunu sonuncu prezident seçkilərin­də görmək mümkün oldu. O xatırlatdı ki, prezidentliyə namizəd şəxs müsəlmanla­rı təhqir etdi və bu əməlinə görə cəzalan­dırılmadı. K.Meziti nəzərə çatdırdı ki, si­yasətçilər öz siyasi karyeralarını qurmaq üçün belə üzdəniraq fəndlərdən yararla­nırlar. Natiq cinayətkarın milli mənsubiy­yətini qabartmağın da yolverilməz oldu­ğunu vurğuladı. Təəssüf ki, Fransada, bəzi ölkələrdə cinayət törədən vətəndaş­lara milli mənsubiyyətlərinə görə fərq qo­yulur. Bunun xüsusilə də müsəlmanlara qarşı tətbiq olunduğu müşahidə edilir.

Eyni mövqeni Rutgers Universi­tetinin Hüquq məktəbinin hüquq və sosial ədalət üzrə tədqiqatçısı Sahar Aziz də sərgilədi. Xanım Aziz vurğuladı ki, Fransada müsəlmanlara qarşı qa­nunların qəbuluna və onların əleyhinə yönəlmiş fəaliyyətlərin həyata keçiril­məsinə sponsorluq edən qüvvələr var. O, həmçinin bildirdi ki, Fransada hicaba qarşı çıxırlar və bu, yolverilməzdir. Axı müsəlman qadının öz seçimi var, onu geyim tərzini zorla seçməyə vadar et­mək olmaz: “Qadınların verdiyi qərarlara nəzarət etmək və onların əvəzinə qərar qəbul etmək təhqiramizdir”. 

“İrqçi müsəlmançılıq” kitabının müəllifi olan Sahar Aziz Fransada is­lamofobiyanın artdığını diqqətə çat­dırdı. O, bunun, ilk növbədə, Fransanın keçmiş müstəmləkələri ilə münasibətləri­nin mürəkkəb olması ilə bağlı olduğunu vurğuladı. Xanım Azizin sözlərinə görə, bu problemin dərin tarixi kökləri var. 

Konfrans işini bu gün yekunlaşdıra­caq. 

 

Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”

3-2.jpg

Sosial həyat