“Alman Dalğası” (Deutsche Welle) nəşrində Azərbaycanın Avropaya təkcə təbii qaz deyil, həm də “yaşıl” enerjinin ixracı ilə bağlı planlarından bəhs edən rus dilində məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Almaniyaya səfəri çərçivəsində bu ölkənin Federal kansleri Olaf Şolts ilə görüşü barədə məlumat verilib. Nəşrdə Azərbaycanın dövlət başçısının AFR hökumətinin rəhbəri ilə görüşündə söylədiyi “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır” sözləri sitat gətirilir və qeyd edilir ki, Bakı özünü Almaniya və Avropaya qaz və bərpa olunan enerji mənbələrinin tədarükçüsü kimi təqdim edir.
Alman nəşri Prezident İlham Əliyevin sözlərinə istinadla yazır ki, Avropaya tədarük olunan qazın həcmi cari ildəki 12 milyard kubmetrlə müqayisədə 2027-ci ilə qədər 20 milyard kubmetrə qədər artacaq. Bundan əlavə, Azərbaycan çox böyük miqdarda bərpa olunan enerji potensialına malikdir. Təkcə Xəzər dənizinin külək enerjisinin potensialı 157 qiqavatt təşkil edir. Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti ölkəsinin Avropaya təkcə təbii qaz deyil, həm də “yaşıl” enerji tədarük edəcəyinə əminliyini bildirib.
“Alman Dalğası” yazır: “Olaf Şolts, öz növbəsində, enerji sahəsində Azərbaycanla daha fəal əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Kansler qeyd edib ki, Azərbaycan Almaniya və Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə vermək potensialına malikdir. O, neft və qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji mənbələrini də xatırladıb.
Məqalədə, həmçinin deyilir ki, Prezident İlham Əliyev görüş zamanı Ukraynada müharibə başlayandan sonra ən azı on Avropa ölkəsinin Azərbaycandan qazın tədarükündə maraqlı olduğunu bildirib. Bundan öncə əsas alıcılar Türkiyə, Gürcüstan, İtaliya və Yunanıstan olub. Yaxın zamanda qazın, həmçinin Rumıniya, Albaniya və Macarıstana tədarükü nəzərdə tutulur. “Əlbəttə, uzunmüddətli müqavilələr imzalanmalıdır”, - deyə nəşr Prezident İlham Əliyevin sözlərini sitat gətirir.