Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden mədənlərinin qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər. Etirazçıların qətiyyəti onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!
Məhz bu aksiyalardan sonra onun hansı zərurətdən keçirildiyi də dünya ictimaiyyətinə aydın oldu. Separatçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirir, ekologiyamıza ziyan vururdular. Həmçinin aksiya keçirilən yoldan ermənilər tərəfindən Qarabağa minalar, silah-sursat daşınırdı. Ekofəallar və vətəndaş cəmiyyətinin təmsilçiləri də məhz bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması məqsədilə dinc aksiyaya başladılar.
Digər tərəfdən isə erməni separatçılarının ekologiyamıza qarşı qəddarlığı, təbii sərvətlərimizin talan edilməsi bu ölkənin vətəndaşı olaraq bizi məyus edir. Məhz Laçın-Xankəndi yolunda etiraz edən gənclərimizin tələblərindən biri də budur ki, yaşıllıqlarımızın məhvi dayandırılsın. Ermənilərin təbiətə qarşı vandal əməlləri Azərbaycanın rəsmi dairələrinin də ciddi narahatlığına səbəb olur. Bu məqsədlə törədilən ədalətsizlik, ekoloji soyqırımı dünya ictimaiyyətinə çatdırılır. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib ki, Laçın yolundan hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir. Bu aksiyanın iştirakçıları Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşıdırlar.
Dövlət başçısı bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bildirib, yol üzrə hərəkətin təmin edildiyini, dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğulayıb. Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində - Ermənistan–Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu da əlavə edib.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Onlar yoldan keçən humanitar təyinatlı avtomobillərin keçidinə əngəl yaratmırlar. Xankəndidən Laçına və əks istiqamətdə gün ərzində Rusiya sülhməramlılarına məxsus 100-dən çox təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Avtomobillərdə erməni əsilli şəxslər də olub.
Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Bu şirkətlər həm Ermənistana, həm də digər xarici ölkələrə məxsusdur.
Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmalarına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun hələ 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən "Vallex Group", "Base Metals", ACP, Lerna Metalurgiayi İnstitute, "Teghout" və digər şirkətlər, o cümlədən Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər.
Havva MƏMMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru
– Doxsan beş gündür ki, ekofəallar Laçın–Xankəndi yolunda başladıqları aksiyanı yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Etirazlarda Azərbaycanın müxtəlif təbəqələrinə aid vətəndaşlar haqq çağırışları edirlər. Ermənilər 30 il ərzində Qarabağda yeraltı və yerüstü sərvətlərimizi talamış, apara bilmədiklərini məhv etmişlər. Bir sözlə, daş üstə daş saxlamayıblar. Bu talançılıq 44 günlük müharibədən sonra da səngimədi.
Laçın–Xankəndi yolundakı vəziyyəti yerindəcə qiymətləndirmək üçün əraziyə bir neçə dəfə xarici jurnalistlər, dünya ölkələrinin nümayəndələri gəliblər. Reallıq budur ki, yol bağlı deyil. Bunu dünya mətbuatı da yazır. Aksiya başlanandan həmin yoldan silahlar, minalar daşınmır. Hərəkət edən avtomobillərdə humanitar təyinatlı yüklər daşınır. Bu yüklərin keçidinə isə heç bir əngəl yarardılmır. Aksiya iştirakçılarının tələbləri ilk gündən dəyişməz olaraq qalır. Etiraz edən vətəndaşlarımızın tələbləri tam yerinə yetirilməyənə qədər aksiyanın davam edəcəyinə əminəm.
Biz o ərazilərin sahibləriyik. Orada Azərbaycan dövlətinin qanunları işləməlidir. Yox, əgər ərazilərimizdə separatçılıq, terrorçuluq planlarına yol verilərsə, hökumətimiz konstitusiya hüquqlarından istifadə edərək sülh və təhlükəsizlik naminə antiterror əməliyyatları keçirə bilər. Məğlub Ermənistan Azərbaycan dövlətinin təklifi ilə razılaşmalı, ölkəmizin diqtəsinə riayət etməlidir.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”