“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin arxivində saxlanılan bir məktub Heydər Əliyevin Vətəni və xalqı qarşısında çoxsaylı və danılmaz xidmətlərindən birini təsdiqləyən olduqca qiymətli sənəddir. Bu məktubla, eləcə də altmış altı il bundan əvvəl onun ətrafında cərəyan edən kokret hadisə barədə məlumatı oxucularla bölüşməyi lazım bildik.
1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi illərində respublikada mövcud olan böyük sənaye obyektlərinin sayı 735-dən 1048-ə çatdırıldı. Çox ciddi kapital yatırımları ilə neft-maşınqayırma sənayesinin inkişafı o həddə çatmışdı ki, ABŞ-dan sonra ən böyük neft-maşınqayırma məhsullarının istehsal müəssisələri məhz Azərbaycanda yerləşirdi. Azərbaycanda faktiki olaraq dünya bazarında rəqabətə davamlı məhsullar istehsalı müəssisələri yaradılmışdı. Bunlara, həmçinin “Ulduz” cihazqayırma, “Ozon”, Bakı məişət kondisionerləri zavodlarının məhsullarını göstərmək olardı.
Təbii ki, bu yanaşma Xəzər Dəniz Gəmiçiliyinin (XDG) də inkişafına səbəb oldu. Dəniz nəqliyyatına ciddi kapital qoyuluşu, XDG-nin donammasındakı gəmilərin sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi, dənizçilərin əmək haqlarının artırılması məhz bu inkişafın nəticəsi idi. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunandan sonra o vaxta qədər Azərbaycan üçün nəzərdə tutulan, amma naməlum səbəblərdən dondurulan bir çox layihələrin də donu açıldı. XDG-nin inkişafı yolunda H.Əliyev o dövrdə misli görünməmiş addımlar atmağa nail oldu. 1984-1986-cı illərdə Yuqoslaviyada tikilən 8 gəmi-bərə də daxil olmaqla, 196 gəmi XDG-nin donanmasına daxil edildi. Onlardan 115-i keçmiş SSRİ zavodlarında, 81-i isə xarici ölkələrdə inşa edilmişdi.
Daim xalqının rifahını düşünən, azərbaycanlı olduğu ilə fəxr edən, müdrik insan, uzaqgörən diplomat Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi sənayeləşmə siyasəti həm də milli kadr-ların irəli çəkilməsi ilə müşayiət olunurdu. 1965-ci ildə XDG-nin rəisi, dörd dəfə “Lenin” ordeninə layiq görülmüş Mahmud Rəhimov Birləşmiş Ərəb Əmirliklərində dəniz nəqliyyatının inkişafına kömək göstərmək bəhanəsilə vəzifəsindən uzaqlaşdırıldı. SSRİ Dəniz Donanması Nazirliyinin təşəbbüsü ilə Nikolay Muxin XDG-yə növbəti dəfə rəis təyin edildi. Heydər Əliyev bu kadr yerdəyişməsinin hansı səbəbdən baş verdiyini yaxşı bilirdi. 29 dekabr 1968-ci ildə ulu öndərin dəstəyi ilə milli kadr Cabbar Əzim oğlu Haşımov Nikolay Muxinin yaratdığı süni maneələrə baxmayaraq, Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinə gətirildi. Sonrakı illərdə aydın oldu ki, Heydər Əliyev Cabbar Haşımovu irəli çəkməkdə qətiyyən yanılmayıb.
XDG-nin sahil boyunca Həştərxanda, Krasnovodskda (indiki Türkmənbaşı limanı) Şevçenkoda (indiki Aktauda) və Mahaçqalada limanları, təmir və istehsal müəssisələri vardı. Xəzər Dəniz Gəmiçiliyi İttifaq əhəmiyyətli təşkilat, dövlət büdcəsinə böyük həcmdə valyuta gətirən rentabelli müəssisə kimi 1984-cü ildə SSRİ-nin yüksək mükafatlarından sayılan “Oktyabr inqilabı” ordeni ilə təltif olundu. Belə bir məqamda Kremldə XDG-nin Həştərxan Gəmiçilik İdarəsini Bakıdan ayırmaq niyyətinə düşdülər. Bu planın arxasında ciddi məqamlar var idi. XDG-yə tabe olan Həştərxan Gəmiçilik İdarəsinin rəhbərliyi vilayət partiya komitəsi tərəfindən təqdim edilir və onların öz kadrları hesab olunurdu. Bu isə istər-istəməz, kadr siyasəti baxımından ikihakimiyyətliliyə gətirib çıxarmışdı. Həmin ikihakimiyyətliliyin nəticəsi olaraq Bakı və Həştərxan arasında ciddi fikir ayrılığı yaranmışdı. Həştərxan vilayət partiya komitəsinin başbilənləri problemi öz məqsədlərinə uyğun həll etməyə çalışır, XDG-nin donanmasının hesabına müstəqil Həştərxan Gəmiçilik İdarəsi yaratmaq istəyirdi. Bundan sonra baş verən hadisələr detektiv janrındakı filmin süjetini xatırladır.
Rus dilində Moskvada çıxan “Водный транспорт” (Su nəqliyyatı) qəzetinə XDG Həştərxan idarəsinin losmanlarının adından şikayət məktubu təşkil edilir və həmin məktub dərc olunur. Məktubda XDG tərəfindən Həştərxan idarəsinə qarşı ayrı-seçkilik göstərilməsindən, onların sifarişlərinin yerinə yetirilməməsindən, bəzi gəmilərdəki yaşayış sahələrinin sanitar normalara uyğun tikilmədiyindən və s. bəhs olunurdu. Qəzetdə yazını təşkil edən Həştərxan partiya komitəsi belə ucuz təbliğatla XDG-dən ayrılmanın zəminini hazırlamağı düşünürdü. Losmanların “Водный транспорт” qəzetinə şikayəti ilə bağlı SSRİ Dəniz Donanması Nazirliyi Baş Donanma İdarəsinin rəisi V.S.Zbaraşenkonun teleqraf sorğusuna (GF 9/6-163 07.07.85) Həştərxan idarəsinin rəisi vəzifəsini icra edən V.İ.Mezentsev aşağıdakı məzmunda cavab yazır (bir nüsxəsi XDG-nin rəisi Cabbar Haşımova göndərilir):
“1. Xəzər Dəniz Gəmiçiliyinin Həştərxan idarəsində hazırda ixtisaslaşdırılmış losman gəmisi yoxdur. 21 aprel 1975-ci il tarixli 18 nömrəli müqaviləyə uyğun olaraq, Dəniz Donanması Nazirliyinin əmri ilə “Vano Sturua” zavodunda Xəzər Dəniz Gəmiçiliyinin Həştərxan idarəsinin sifarişi ilə 1535 saylı layihəsi üzrə losman gəmisi inşa edilir. Zavodun proqramına əsasən, 01/01/1986-cı il tarixinə gəminin inşası 29,3 faiz (772 min rubl) təşkil edəcəkdir.
2. “Водный транспорт” qəzetində çap edilən şikayətdə göstərilən bütün nöqsanlar əsaslıdır.
Bununla bağlı lazımi tədbirlər görülür”.
Təşkil olunmuş prosesə Həştərxan vilayətinin partiya funksionerləri də qoşulur və onlar Sov.İKP Mərkəzi Komitəsinə müraciət edirlər. Müraciətdə XDG-nin balansında olan gəmilərin böyük hissəsini əhatə edən Həştərxan Gəmiçilik İdarəsinin yaradılması məsələsi qaldırılır.
Bu müraciətdə göstərilən məsələ müsbət həll olunması üçün SSRİ Nazirlər Sovetinin ünvanına göndərilir. Həmin dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi bütün nəqliyyat sahəsinə Heydər Əliyev nəzarət edirdi və məktub onun iş masasının üzərinə qoyulur.
Suyun haradan bulandırıldığını çox gözəl bilən Heydər Əliyevin mövqeyi konkret olur: Əgər siz müstəqil Həştərxan Gəmiçilik İdarəsi yaratmaq istəyirsinizsə, nəyə görə bu, Xəzər Dəniz Gəmiçiliyinin balansındakı gəmilərin hesabına olmalıdır. Həmin gəmilərin böyük əksəriyyəti tanker, quru yük daşıyıcılarıdır və onlar Volqa-Don kanalı ilə dünya sularına çıxırlar. Bununla da ulu öndərin milli təəssübkeşliyi, qətiyyəti və dəmir məntiqi sayəsində “ayırıcıların” planının qarşısı yerindəcə alınır. Amma bu, tam qələbə deyildi. Heydər Əliyevin təlimatı ilə Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Cabbar Haşımov əks-hücuma keçir.
Ulu öndər Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri C.Haşımovu çox yaxşı tanıyırdı. Təsadüfi deyil ki, C.Haşımov birbaşa Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Xəzər Dəniz Gəmiçiliyinə rəhbər gətirilmişdi və o, faktiki olaraq, Heydər Əliyevin kadrı sayılırdı. Bu səbəbdən XDG-nin rəisi çox gözəl bilirdi ki, müəyyən mərhələdən sonra Həştərxan gəmiçiliyi ilə bağlı qaldırılan “problem” ittifaqın bütün nəqliyyat sektorunu kurasiya edən SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin nəzarətində olacaq. C.Haşımov Heydər Əliyevin bu xarakterli məsələlərdə prinsipiallığını yaxşı bildiyinə və axıradək Azərbaycanın mövqeyindən çıxış edəcəyindən əmin olduğuna görə, 15 avqust 1985-ci il tarixində SSRİ Dəniz Donanması naziri T.B.Qujenkoya aşağıdakı məzmunda 238/1 saylı məktubunu göndərdi. O, əks-hücum taktikalı məktubunda yazırdı:
“SSRİ Dəniz Donanması naziri yoldaş T.B.Qujenkoya
1984-1985-ci illərdə XDG-nin Həştərxan Gəmiçilik İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb.
Amma, təəssüf ki, Həştərxan Gəmiçilik İdarəsinin rəhbər heyətinin və Oktyabr İnqilabının 10 illiyi adına zavodun işində köklü dəyişikliyə nail ola bilmirik. Bu, Həştərxan Gəmiçilik İdarəsinin, Oktyabr İnqilabının 10 illiyi adına zavodun və Bautino limanının ikiqat tabeliyində olduğu üçün idarəetmədə struktur qüsuru ilə bağlıdır (maliyyə-təsərrüfat baxımından Xəzər Dəniz Gəmiçiliyinə, kadr siyasəti isə Həştərxan vilayət partiya təşkilatına aiddir). Bu da bir çox məsələlərin həllində operativliyin və səmərəliliyin itirilməsinə, məsuliyyətin azalmasına və s. gətirib çıxarır.
Digər tərəfdən, Həştərxan idarəsinin və Oktyabr İnqilabının 10 illiyi adına zavodun rəhbərləri yaxşı kadrları saxlamaq, müəssisələrin inkişafını sürətləndirmək, sosial-maddi həvəsləndirmələri artırmaq üçün məqsədyönlü tədbirlər görmək əvəzinə, vaxtlarının böyük hissəsini nəqliyyat donanması, birləşmə, ayrılma, müstəqillik məsələlərinə sərf edirlər. Həştərxan vilayətində kəskin kadr çatışmazlığı var və Xəzər Dəniz Gəmiçiliyi bu məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib.
Xəzər Dəniz Gəmiçiliyi Həştərxan idarəsinin, Bautino limanının, zavodların, daşımaçılığın idarə edilməsini və təkmilləşdirilməsini, iş prosesinin intensivləşdirilməsini, gəmi təmirinin, gəmiqayırma işlərinin həcminin artırılmasını təmin etmək üçün aşağıdakı tədbirləri həyata keçirməyi vacib bilir:
1. Həştərxan idarəsinin nəqliyyat gəmiləri əsasında yeni qurum yaransın və bilavasitə Xəzər Dəniz Gəmiçiliyinin İstismar İdarəsinə tabe edilsin.
2. Oktyabr İnqilabının 10 illiyi adına Həştərxan gəmiqayırma zavodu “Xəzərdənizgəmitəmir” İstehsalat Birliyinə verilsin.
3. Bautino limanı və “Kaspreydmorput” İdarəsi Bakı, Krasnovodsk, Mahaçqala, Aktau, Bekdaş limanları kimi, birbaşa Xəzər Dəniz Gəmiçiliyinin “Xəzərdənizyol” idarəsinə tabe edilsin.
4. Həştərxan idarəsi Xəzər Dəniz Gəmiçiliyinin dəniz agentliyinə çevrilsin”.
Xəzər Dəniz Gəmiçiliyinin rəisi Cabbar Haşımov
15 avqust 1985-ci il.
Bununla da XDG-yə qarşı Həştərxanda hazırlanan, Moskvada həyata keçiriləcək sifarişli təxribatın qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınır. Məhz ümummilli liderin yaxından dəstəyi ilə XDG şərəfli inkişaf yolu keçərək, hazırda üçrəngli bayrağımızın dalğalandığı yüzlərlə gəmisi dünya sularında üzən suveren Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi QSC kimi fəaliyyətini uğurla davam etdirir.
Adıgözəl MƏMMƏDOV,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşı, Prezident mükafatçısı