İki görüşün bir müzakirə mövzusu – bölgədə davamlı sülh

post-img

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib. O, səfərdən öncə “Twitter”də səfərinin məqsədlərini bir neçə cümlə ilə belə izah edib: “Yenidən Bakıda. Münxendəki görüşlərdən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə substantiv danışıqları səbirsizliklə gözləyirəm. Bu gün baş verən hadisə (Xəlfəli–Turşsu yolunda erməni separatçıların törətdiyi qanlı insident-müəl.) sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda irəliləyişin vacibliyini vurğulayır”.

Azərbaycan Prezidenti İlham Əliyevmartın 6-da Avropa İttifaqının Cənu­bi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezi­denti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğu­nu vurğulayıb.

Toivo Klaar da öz növbəsində Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və Avro­pa İttifaqının da Azərbaycanla Ermə­nistan arasında münasibətlərin normal­laşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.

Görüşlə bağlı yayılan məlumatda cənab İlham Əliyevlə Toivo Klaarın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prose­si barədə fikir mübadiləsi apardıqları qeyd olunur.

Avropa İttifaqı son vaxtlar sülh gündəliyi prosesində aktivlik nüma­yiş etdirir. Eyni zamanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz da­nışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono da Azərbaycanda səfərdə­dir. Güman etmək olar ki, Aİ və ABŞ-ınxüsusi nümayəndələri ilə Bakıda apa­rılan danışıqların əsas mövzusu sülh müqaviləsinin mətni və ya Bakı ilə Qarabağ erməniləri arasında dialoqun mətni deyil, ilk növbədə qeyd olunan danışıqların aparılması şərtləri ilə bağlı olub. Martın 5-də Xankəndi–Xəlfəli–Turşsu yolunda baş verən hadisə nəti­cəsiz qala bilməz. Sözsüz ki, Aİ və ABŞ nümayəndələri bu barədə məlumatlan­dırılıblar.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara, eləcə də Bakı ilə Qarabağ erməniləri arasın­da dialoqa əsas maneə Ermənistan si­lahlı qüvvələrinin qalıqlarının Qarabağ­da olması və ümumiyyətlə, regionun hərbiləşdirilməsidir.

Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri Qarabağdan çıxarılma­dan nə sülh müqaviləsi prosesi, nə də Bakı ilə Qarabağ erməniləri arasında dialoq nəticə verə bilməz. Bu proses­lərin hər ikisi kövrəkdir və son iki ildə eskalasiyanın artan diplomatik fəallıq­la necə növbələşdiyinə dair çoxlu nü­munələr var.

Demək, danışıqların aparılması və nəticənin əldə olunması üçün nə­zarət-buraxılış məntəqəsinin yaradıl­ması və sərhədə tam nəzarəti Azərbay­canın öz üzərinə götürməsi zərurətə çevrilib. Bunsuz Ermənistanla danışıq­ların, Qarabağ erməniləri ilə dialoqun mənasının olmadığını hamı, elə Brüs­sel və Vaşinqton da yaxşı baş düşür.

Əgər Avropa İttifaqı və ABŞ region­da davamlı və möhkəm sülhün bərqə­rar olmasında maraqlıdırlarsa, ilk növ­bədə sülh danışıqlarının sağlam zəmin üzərində qurulmasına çalışmalıdırlar. 

 

H.SƏXAVƏT,
“Xalq qəzeti”



Siyasət