İki gün bundan əvvəl erməni silahlıları Xankəndi–Xəlfəli–Turşsu yolunda hərbçilərimizə qarşı növbəti terror aktı həyata keçirdilər. Şübhəli avtomaşına baxış keçirən əsgərlərimizə erməni separatçılarının açdığı atəş nəticəsində iki hərbçimiz həlak oldu, bir nəfər yaralandı. Düşmən cavabını artıqlaması ilə alsa da, bu atəşin İrəvandan birbaşa sülh danışıqlarına tuşlandığı qətiyyən şübhə doğurmur.
Ermənilərin Xəlfəli yolundakı təxribatını bu kimi digər əməllərindən fərqləndirən bir sıra amillər var. Bunlardan biri təxribatın Avropa İttifaqının mülki missiyasının Ermənistan tərəfində monitorinq həyata keçirərkən baş verməsidir. Bu zaman onu da qeyd etmək lazımdır ki, avromissiyanın fəaliyyətə başlaması ilə bölgədə erməni təxribatlarının çoxalması müşahidə edilməkdədir. Yəni, görünən odur ki, Aİ-nın missiyası şərti sərhədin o üzündə yerləşəndən sonra Ermənistan özünü daha rahat, toxunulmaz hesab etməyə başlayıb, hətta Azərbaycana qarşı silsilə təxribatlar həyata keçirməkdən belə çəkinmir.
Elementar məntiqə görə, avromissiyanın fəaliyyət göstərdiyi məqamda erməni separatizminin geniş əl-qol açması, ilk növbədə, bütövlükdə Avropa İttifaqının özünün nüfuzuna kölgə salır.
Ermənistandan Qarabağa silah-sursat daşınır
Xəlifəli təxribatı nəticə etibarı ilə Ermənistandan Qarabağdakı erməni separatçılarına silah-sursat daşındığının sübutu oldu. Bunun əyani isbatı isə əsgərlərimizə ermənilərə məxsus avtomaşından atəş açılmasıdır. Bu fakt həm də onu göstərir ki, ərazimizdə hərəkət edən maşınlardakı erməni silahlıları özlərini Azərbaycan əsgərinə atəş açacaq qədər arxayın və sərbəst hiss edirlər.
Deməli, Qarabağ iqtisadi rayonunda hərəkət edən bütün erməni avtomobilləri yoxlanılmalıdır. Bu mənada, rəsmi Bakının narahatlığı kifayət qədər əsaslıdır və separatçıların əl-qolunu bağlamaq üçün təcili lazımi tədbirlər görülməlidir.
Maraqlıdır ki, bu proses Rusiya sülhməramlılarının gözləri önündə baş verir. Nə qədər qəribə görünsə və anlaşılmaz olsa da, sülhməramlı kontingent erməni quldurlarının Qarabağa silah-sursat daşımasına, terror aktları törətməsinə mane olmur, baş verənləri sadəcə seyr etməklə kifayətlənir.
İrəvan sülh sazişini imzalamaqdan yayınır
5 mart təxribatı həm də Ermənistanın iki ildən çoxdur sülh sazişini imzalamaqdan yayınmasının əsl səbəbini ortaya qoydu. Bu hadisə göstərdi ki, Ermənistan Qarabağ separatçılarına mütəmadi silah-sursat daşımaqla, onları yeni terror aktlarına hazırlamaq məqsədini güdür. Rəsmi İrəvanın əsas hədəfi isə Azərbaycan tərəfinin dialoq təklifinə rəğmən, sülh sazişini imzalamaqdan yayınmaq, prosesə süni əngəllər yaratmaqdır. Bəli, revanş xülyasına düşən ermənilər post-müharibə dönəmində yenidən toparlanmaq, güc yığmaq və Azərbaycana qarşı yeni təxribatlara start vermək barədə düşünür.
Əslində, Xəlfəli yolunda açılan atəş tək əsgərlərimizə deyil, sülh prosesinə, bütövlükdə, sülhsevər dünyaya tuşlanan atəş idi. Bu da rəsmi İrəvanın yeni müharibə niyyətindən, terror planlarından xəbər verir. Görünür, Ermənistan yaxın gələcəkdə ikinci və artıq sonuncu məğlubiyyətini dadmalı olacaq.
Sülhməramlılara qarşı sayğısızlıq və təxribat
Bu terror həm də Rusiya sülhməramlılarına qarşı təxribat kimi xarakterizə oluna bilər. İrəvan bu təxribatlarla Rusiya sülhməramlılarnın missiyanın öhdəsindən gələ bilmədiyi, bölgədə sülh və təhlükəsizliyi təmin etməkdə aciz olduğu fikrini formalaşdırır. İndiki dönəmdə beynəlxalq ictimai rəyə bu qənaətin təlqin edilməsi İrəvan üçün ikiqat əhəmiyyətə malikdir. O, bununla narazı qaldığı Rusiyadan qisas almaqla yanaşı, bölgəyə çağırdığı Avropa İttifaqı mülki missiyasının rolunu şişirtmək, ona, həqiqətən, ehtiyac olduğu fikrini əsaslandırmaq üçün gərəklidir. Başqa sözlə, Ermənistan belə təxribatlarla Rusiya sülhməramlılarını nüfuzdan salmağa, onların gərəksizliyini “sübut etməyə” çalışır.
Moskva Ermənistanın öz sülhməramlılarına toxunan bu təxribatına adekvat cavab verməli, bölgədə mövcudluğunu hay separatizmini tərk-silah etməklə sübuta yetirməlidir.
Seymur ƏLİYEV,
“Xalq qəzeti”



