Xəbər verdiyimiz kimi, ötən həftə Xocalıda – Rusiya sülhməramlılarının qəragahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə ilk görüş keçirilib.
“Bakı və Xankəndi arasında müzakirə mexanizminin yaradılması” ilə bağlı məsələ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2022-ci il oktyabrın 2-də Cenevrədə baş tutan görüşündə müzakirə mövzusu olanda həm daxildə, həm də xaricdə bu dialoqa skeptik yanaşanlar ona ümid bəsləyənlərdən xeyli çox idi. Artıq “buzların əridiyinə” şahidlik edən birincilər son söz haqqını tarixin həmişə özündə saxladığına bir daha əmin oldular.
Azərbaycan Prezidenti İlham Əliyev: "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən, Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".
Bunu bir dəfə yazmışıq, indi xatırladırıq: daxili məsələmizi özümüz həll edəcəyik. Milli Məclisin deputatı Ramin Məmmədovun Xocalıda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşünü dialoqun başlanması hesab etmək olar. Hələlik detalları açıqlanmayan qarşılıqlı görüşlərin əhəmiyyətini qeyd etməklə yanaşı, bu təmasların davamlı olacağına sağlam zəmin yaradıldığını söyləyə bilərik.
Dialoqun alternativi yoxdur
Bəli, Qarabağda doğulub, boya-başa çatan bütün sakinlər, millətindən asılı olmayarq Azərbaycan vətəndaşlarıdır və onlarla sivil qaydalara uyğun danışmaq vacib olduğu kimi, həm də təbii haldır. Sadəcə, bu proses mütləq davamlı xarakter almalı, Bakı-Xankəndi dialoqu özünün məntiqi sonluğuna çatmalıdır. Erməni sakinlərlə danışıqlara məsul parlamentin nümayəndəsi onlara Azərbaycan tərəfinin mövqeyini çatdırır və güman edirik ki, Qarabağ erməniləri sağlam məntiqlə düşünərək Bakının sözünü eşidəcək, dövlətin müvafiq strukturları isə son qərarın icrası ilə məşğul olacaq. Kənardan bu dialoq prosesinə mane olmaq istəyən, bunun əleyhinə çıxanlar da var.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın konkret müddəalarının icrasını ləngidən İrəvan bununla həm də vətəndaşımız olacaq Qarabağ ermənilərinin haqqını tapdamış olur. Bakının xoş məramlı dialoq təşəbbüsü reallaşacağı təqdirdə, əhalinin sosial, məşğulluq və digər problemləri öz həllini tapacaq və nəhayət, həyat öz axarına düşəcək. Bizdən daha çox məhz erməni sakinlərinin arzuladığı dinc, birgə yaşayışın bərpa olunacağı, üç onillikdə müharibə və münaqişə durumunun yaratdığı qarşılıqlı kin və nifrət mühitinin yumşalacağı, inamsızlığın etimadla əvəz olunacağı şəksizdir. Aydın məsələdir biz Ermənistan tərəfinin də bunu istəməsini arzulayırıq və dayanıqlı sülhün və əmin-amanlığın bərqərar olmasını bölgənin bütün xalqları arzulayır.
Növbəti dialoqu İrəvan başlamalıdır
Düşünürük ki, bizi qarşıda dialoqun ikinci raundu gözləyir. 1988-1989-cu illərdə o zamankı Emənistan SSR-dən qovulmuş 250 min soydaşımızın doğma ata-baba torpaqlarına qayıdışı məsələsi mütləq şəkildə gündəmə gətirilməlidir. İrəvan istəsə də, istəməsə də, bu addımı atmalı olacaq. Yəni, dialoq və qayıdış prosesi qarşılıqlı olmalıdır.
Qafar ÇAXMAQLI,
ermənişünas, professor:
“Xalqımız bilməlidir ki, İrəvan xanlığının bütün əraziləri bizə aiddir. Nə vaxtsa biz bu torpaqların sahibi olacağıq. Çünki ermənilər üçün ora sadəcə olaraq ərazidir, bizim üçünsə Vətəndir”.
Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı prosesə Azərbaycan tərəfindəm start verilib və artıq Qayıdış Konsepsiyası işlənib, hazırlanıb və təsdiqlənib. Bakı-Xankəndi dialoquna pararlel olaraq, Ermənistan tərəfi də Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır. Bunu isə İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı deyir. Onun sözlərinə görə, bu, Azərbaycan xalqının milli məsələsidir. Artıq İrəvan Türk Cümhuriyyətinin təməlləri atılıb. Əsas məqsədimiz bu ideyanı yaymaq, yaşatmaqdır.
Bunu da bacaracağıq. İki il yarım bundan əvvəl yuxularımıza belə gələcəyinə inanmadığımızi gerçəkliyə necə çevirdiksə, indi iananılmaz görünəni də reallıqda yaşayacağıq. Sadəcə buna inanmaq kifayətdir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”

