Bu il fevralın 24-də Qarabağda Rusiya sülhməramlı kontingenti komandanlığının təşkilatçılığı ilə Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri arasında görüş baş tutub. Fevralın 28-də isə hər iki tərəfi təmsil edən nümayəndələr ikinci dəfə görüşüblər.
Rusiya sülhməramlılarının iştirakı ilə keçirilmiş görüş çərçivəsində Azərbaycan mütəxəssislərinin Qarabağdakı məlum qızıl və mis-molibden yataqlarında monitorinq aparması, Laçın yolu ilə avtomobillərin maneəsiz hərəkətinin bərpası, eləcə də elektrik enerjisi və və qaz ilə təminat məsələləri müzakirə edilib. Eyni zamanda, regionda gərginliyin azaldılması və dinc həyatın bərpasına yönələn gələcək əməkdaşlıq barədə razılıq əldə olunub.
Bundan əlavə, Azərbaycan Milli Məclisinin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Onun iştirakı ilə bir neçə gün əvvəl keçirilmiş görüş isə istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində geniş əks-səda doğurub. Bu kimi məsələlər və təmasların perspektiv xüsusiyyətləri barədə politoloqların fikirlərini öyrəndik.
Yeganə HACIYEVA,
politoloq
Qeyd etməliyik ki, Azərbaycan Konstitusiyasının verdiyi hüquq və səlahiyyətlər ölkədə yaşayan bütün etnik qruplara aiddir. Biz bir dövlət, xalq olaraq, həmişə bu konsepsiyadan çıxış etmişik. Amma 30 il ərzində Azərbaycan əraziləri işğal olunduğundan Qarabağda yaşayan etnik ermənilərlə əlaqə kəsilmişdi. Bununla da, bu illərdə Azərbaycan vətəndaşı olan ermənilərin yaxşı yaşayışını, sosial müdafiə imkanlarını təmin etmək mümkün olmamışdı. Dələduz, kriminal elementlərin azərbaycanlılarla yanaşı, erməni vətəndaşların da hüquqlarını pozması ilə bağlı çoxlu faktlar var...
44 günlük Vətən müharibəsindən sonra Qarabağda Azərbaycan Konstitusiyasının tələb etdiyi bütün səlahiyyətlərin həyata keçirilməsi çərçivəsində həm də Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı addımlar atılır. Bu istiqamətdə Azərbaycan Prezidenti çoxlu mesajlar verir. Bu mövzudan öz xeyrinə, Azərbaycana qarşı istifadə etmək istəyən dairələr olub. Belələri Rusiyada da, ABŞ-da da, Avropada da olub. Amma Azərbaycan öz vətəndaşları ilə birbaşa təmasda olmaq istədiyini həmişə bəyan edib. İndi məhz bu prosesi görürük.
Azərbaycan vətəndaşları olan etnik ermənilərlə təmaslar çoxdan başlayıb. 2022-ci ilin avqust ayından Vardanyan və digərləri bu prosesin qarşısını almağa çalışıb. Amma göründüyü kimi, Azərbaycan buna imkan vermədi. Azərbaycan Prezidenti Münxendə faktiki olaraq Vardanyanın və onun kimilərin prosesdən uzaqlaşdırılmasına nail oldu.
Eyni zamanda, regionda təbii sərvətlərimizin talanması faktı da ortadadır. Hazırda regionda bu iki proses paralel gedir: biz həm resurslarımızın talanmasının qarşısını alırıq, paralel olaraq reinteqrasiyaya start vermişik. Bu proseslər davam edəcək və Qarabağda Azərbaycan Konstitusiyasının tələbləri yerinə yetiriləcək.
Tural İSMAYILOV,
politoloq
Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan vətəndaşlarımızla istənilən danışıqları aparmağa hazırıq. Çünki biz terrorçularla və etnik terror törədən quldurlarla ünsiyyət qurmuruq və onları leqal tərəf kimi tanımırıq. Amma Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olmalıdırlar və onlara qarşı uzun illər müxtəlif basqılar həyata keçirilib. Separatçılar və onların havadarları Qarabağda yaşayan ermənilərdən Azərbaycana qarşı siyasi alət kimi istifadə etməyə çalışıblar.
Bu baxımdan Azərbaycanın ermənilərlə danışıqları labüd idi. Çünki nəzərə almaq lazımdır ki, məlum 10 noyabr üçtərəfli Bəyanatının üstündən xeyli vaxt keçib və Ermənistanın təxribatları üzündən gerçəkləşməyən Soçi və Praqa bəyanatları var. Belə olan təqdirdə və həmçinin, gələn il Rusiya sülhməramlılarının fəaliyyət müddətinin başa çatmalı olduğu bir kontekstdə Azərbaycan Qarabağ erməniləri ilə hansısa bir formada danışıqlar aparmalı və onların Azərbaycan dövlətinə, Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün bu dialoq labüddür.
Bu baxımdan, Rusiya sülhməramlılarının müşayiəti ilə belə görüşlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda, Ramin Məmmədov gənc, kifayəyt qədər perspektivli deputatlardan biridir, ictimai-siyasi proseslərdə də həmişə ön sıralarda yer alır. O, beynəlxalq münasibətlər sahəsində də böyük təcrübəyə malikdir. Ona görə də bu təyinatın, eləcə də ermənilərlə danışıqların uğurla davam edəcəyini düşünürəm.
Bütün hallarda, vaxt daralır və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, separatçı ünsürlərin prosesdən tamamilə kənarlaşdırılması üçün belə danışıqların mütəmadi aparılması vacibdir.