Prezident İlham Əliyevin martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışı bu təşkilatın qlobal dünya düzəninə, belə demək mümkünsə, açıq çağırışı idi. Şübhəsiz ki, belə bir mesajın verilməsi, Azərbaycanın sədrliyinin quruma qazandırdığı müstəsna siyasi və mənəvi dividenddir.
Bəli, qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycanın QH-yə rəhbərliyi təşkilatı qlobal oyunçuların dünyanın idarə edilməsi ilə bağlı fəaliyyətinə layiqli alternativ kimi formalaşdırmaq, ona bu yolda inamlı obraz qazandırmaq niyyətinin qəti ifadəsidir. Qurumun sədri kimi Prezident İlham Əliyev əzmkarlıq obrazının özüdür. Deməli, Azərbaycan liderinin öyünməyə haqqı var. Həm də ona görə ki, hərəkatın son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilməsi ölkəmizin təşkilata rəhbərliyindən qaynaqlanmış reallıqdır.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Diqqət yetirək, dövlətimizin başçısı, bilavasitə, quruma rəhbərlik edən Azərbaycanın mövqeyini açıqlayır. Mövqeyimiz ədalətin və beynəlxalq hüququn təminatından ibarətdir. Əslində, bu iki anlayış prinsip etibarilə bir-birini tamamlayan xarakter daşıyır. Biri olmadan, böyük anlamda, o birini təsəvvürə gətirmək mümkünsüzdür. Ancaq dünyanın hazırkı düzəni göstərir ki, beynəlxalq hüquq heç də həmişə ədalətin təminatına köklənmir. Deməli, onun özünün də mahiyyətcə deqredasiyaya uğradığını, ədalət hədəfindən yayındığını söyləməyə əsaslar var. Azərbaycan QH-yə sədrliyi ilə məhz bu məqamı bəyan etmiş oldu.
***
COVID-19 platforması ölkəmizin QH müstəvisindəki qlobal siyasət trayektoriyasında beynəlxalq hüquqa əsaslanmış ədalət preambulasının savaş meydanı idi. Nəzərə alaq ki, insanlar kimi, ölkələrin də xarakterləri onların ağır durumlara reaksiyaları ilə ölçülür. Koronavirus pandemiyası qlobal miqyaslı, bəşəri bəla idi. Biz özünü mütərəqqi göstərən bəzi dünya dövlətlərinin dar gündə necə nalayiq davrandıqlarının şahidi olduq.
Məlum oldu ki, bəşəri diskonfort anı sivil dəyər və prinsipləri sıradan çıxarmaq, heçə endirmək potensialını hələ də saxlamaqdadır. Gördük ki, belə durumlarda, loru desək, hər kəs yalnız özünü düşünməklə məşğuldur. Bundan başqa, dünyanın indiyədək əldə etdiyi mütərəqqi dəyərlərin gerçək təhlükələrə müqavimətinin zəifliyi də nəzərimizdən yayınmadı.
Azərbaycan isə əksinə, müqavimət formalaşdıran tərəf qismində çıxış edərək, çətinliklərin xarakterinə, haradan qaynaqlanmağına diqqət yetirdi və pandemiya ilə bağlı mənfi halların aradan qaldırılması üçün beynəlxalq miqyaslı ictimai müqavimət formalaşdırdı. Prezident İlham Əliyev Zirvə görüşündə əbəs yerə vurğulamdı: “Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik”.
Bəli, bu qiymətləndirmə sıradan məsələ deyildi. Azərbaycanın QH-yə sədrliyi insani prinsipləri – mərhəməti, qayğıkeşliyi, mütəşəkkil mübarizəni təlqin etdi. Bunun nəticəsi idi ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Dövlətimizin başçısının bildirdiyi kimi, hərəkat bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təlqin etdi. Nəticədə, qurum 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarına çevrildi.
Respublikamız QH ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Ancaq nəzərə alaq ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ilə yanaşı, postpandemiya dövründə dünyanın siyasi, istisadi və mənəvi arxitekturasının formalaşması da önəmlidir. Azərbaycanın lideri QH-yə sədrliyi ilə bu amili də tam dolğunluğu ilə düşünüb.
Belə həssas yanaşmanın nəticəsidir ki, Prezident İlham Əliyev 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmasını zəruri sayıb. Bu məqsədilə QH-yə üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını (martın 2-də baş tutan Bakı Zirvə görüşünü – red.) irəli sürüb: “Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq”.
Dövlətimizin başçısı çıxışında Bakı Zirvə görüşü ilə formalaşmış imkanı dəyərləndirmək üçün, bir növ, çağırış edir. Bu çağırış həm də ona görə vacibdir ki, QH indiyədək əldə edilmiş nüfuzu ilə kifayətlənməməli, daha da inkişaf etməlidir. İnkişaf Azərbaycanın müəyyənləşdirdiyi istiqamət vektorunun son dərəcə vacib xəttidir. QH-nin pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi hərəkatın nüfuzunu və məsuliyyətini nümayiş etdiribsə, deməli, qarşıda daha böyük hədəflər var.
Bəli, hədəflərə çatmaq üçün problemləri dəqiq müəyyənləşdirmək şərtdir. Bu baxımdan Prezident İlham Əliyev bildirir ki, Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir göstərib. Ölkəmizin başçısı hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq məqsədilə yalnız qlobal səylərin gücləndirilməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulamır, həmçinin, mövcud istiqamətdə dəyərli təşəbbüs də səsləndirir: “Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram”.
***
Ölkəmiz Prezident İlham Əliyevin şəxsində QH-nin hədəflərə doğru irəliləməsinin konseptual tərəflərini açıqlayır. Belə yanaşma isə hərəkatın institusionallığın gücləndirilməsi zərurətini meydana çıxarmaqdadır. Bu anlamda da Azərbaycanın ortaya qoyduğu konkret iş var ki, Prezident İlham Əliyev həmin işlərdən də söz açır. Dövlətimizin başçısı çıxışında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü vurğulayır. Şəbəkənin ilk iclasının 2022-ci ilin iyun ayında Bakıda keçirildiyini diqqətə çatdırır. Həmçinin, ötən ilin iyulunda Şuşa Razılaşması əsasında QH Gənclər Təşkilatının yaradıldığını, qurumun daimi katibliyinin Bakıda yerləşəcəyini açıqlayır. Prezidentin söylədikləri Azərbaycanın QH üçün, obrazlı desək, biçdiyi uzunömürlülük libasının mənəvi məzmunudur: “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”.
***
Bütün bunlar onu göstərir ki, Azərbaycan QH-yə yalnız özünün nüfuzunun yüksəldilməsi, ölkəmizin haqq işinin, məqsəd və mənafeyinin dünyaya çatdırılması baxımından etibarlı plasdarm kimi yanaşmır. Məqsədimiz bəşəridir və əvvəldə bəşəriliyin ədalət paradiqması üzərində dayandıq. Beynəlxalq hüquqa etinasızlıq müstəvisində ədalət anlayışına yanaşmada da qlobal problemlərin müşahidə edildiyini diqqətə çatdırdıq.
Onu da düşünək ki, ədalət anlayışına yanaşmanın subyektiv olduğu kimi, obyektiv tərəfləri də var. Dünya dəyişir, dəyərlər, ölçülər, nizam-intizam qaydaları, idarəçilik parametrləri də həmçinin. Yeni düzən təhlükəsizlik məsələlərinin vacibliyi reallığını ortaya qoyur. Təhlükəsizlik isə təhdidlərə qarşı mübarizə immunitetinin möhkəmliyindən qaynaqlanır. Dövlətimizin başçısının da vurğuladığı elə budur. Təbii, başqa məqamlar da var...
“Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir”, – deyən Azərbaycan Prezidenti əlavə edir ki, yaşadığımız qlobal transformasiyalar şəraitində suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Habelə, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.
***
Qətiyyətlə demək mümkündür ki, beynəlxalq hüquq və ədalət carçısı kimi çıxış edən Azərbaycanın QH-yə sədrliyi onun regional liderlikdən qlobal aktorluq yolunda inamla addımlamasının göstəricisidir. Qlobal aktorluq yeni dünya düzəninə, az əvvəl haqqında söz açdığımız böyük dəyişikliklərə adekvat yanaşmanın irəli sürülməsini şərtləndirməkdədir.
Bəli, yeni meyar və prinsiplər nəinki açıqlanmalı, eyni zamanda, dolğun şəkildə ifadəsini tapmalıdır. Ən əsası isə Azərbaycan liderinin dediyi kimi, QH bu müstəvidə önə çıxmalıdır: “Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.
Yeni dünya düzəninin formalaşmasındakı fəal iştirakçılıq da beynəlxalq ədalət prinsiplərinin qorunmasına, köhnəliyin qalıqlarının dünya üçün yük anti-mahiyyətinin dərkinə əsaslanmalı və həmin mənfi stereotiplərdən uzaqlaşmanın fundamental əhəmiyyətini vurğulamalıdır. Ancaq görünən budur ki, yeni düzən fərqli şərtlər diktə edir. Nəticə etibarilə bəşəriyyət neokolonializm meylinin artdığına şahiddir. Bu isə QH-nin məramına ziddir. Çünki qurum tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranıb. Elə həmin səbəbdən də Azərbaycan Prezidenti özünəxas əminliklə xatırladır: “Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.
***
Fransa müasir neokolonializmin parlaq təzahürüdür. Onun yeritdiyi siyasət mənfi presedent yaradır. Ölkə XXI əsrdə, Birinci Dünya müharibəsindən sonrakı müstəmləkəçiliyə əsaslanmış, mandat sisteminin, bir növ, ilhamvericisi rolunu oynamaqdadır. Dövlətimizin başçısının çıxışındakı anti-Paris tezisləri məhz bundan irəli gəlirdi: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”. Azərbaycan liderinin bəzi QH ölkələrinin tarixi keçmişlərini yada salması heç də sıradan məsələ deyil. Nəzərə alaq ki, Fransanın tarixi həm də bu təşkilata üzv ölkələrə qarşı zülmün tarixidir. Elə buna görə “qurum müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə” Parisi üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmalıdır. Şübhəsiz ki, bu, bəşəri ədalətin qərarlaşmasına müstəsna töhfə olar.
***
Prezident İlham Əliyevin beynəlxalq siyasətinin yeni təzahür formalarının vurğulandığı çıxışındakı ən vacib məqamdan da söz açaq. Söhbət dünyanın idarə olunmasının, belə demək mümkünsə, struktur perspektivlərindən gedir. Dövlət başçımızın gündəmə gətirdiyi tezislər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın illər əvvəl irəli sürdüyü “dünya beşdən böyükdür” deyimi ilə səsləşməkdədir. Həm Türkiyə liderinin, həm də Prezident İlham Əliyevin dilə gətirdiyi konseptual yanaşma BMT sistemində islahatların aparılmasına yönələn ciddi çağırışdır. Ölkəmizin rəhbərinin bildirdiyi kimi, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Bu səbəbdən: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.
Bəli, ədalət və yenə də ədalət! Azərbaycanın çalışdığı məhz budur. Ölkəmiz Prezident İlham Əliyevin səriştəli siyasəti ilə QH-ni beynəlxalq ədalətin təntənə tribunasına çevirmək əzmini nümayiş etdirir. Dövlətimizin başçısı Qoşulmama Hərəkatına sədrlik edən ölkənin növbəli şəkildə BMT-nin Təhlükəsizlik Şurasında təmsilçiliyini irəli sürməklə, həm təşkilatın nüfuzunu yüksəldir, həm də respublikamızın bəşəri ədalətin təmin edilməsinə sanballı töhfəsini təmin edir.
“Xalq qəzeti”ninanalitik qrupu