2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki xalqımız çox yaxşı bilir ki, ölkəmiz Heydər Əliyev siyasəti sayəsində dünyada söz və nüfuz sahibi olub. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqın Ulu Öndər Heydər Əliyevə etimad göstərməsi müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi idi.
Bu barədə Quba Tibb Kollecində “Heydər Əliyev İli” çərçivəsində “Xalqımızın dünəni, bugünü və sabahı Heydər Əliyev” mövzusunda keçirilən tədbirdə ətraflı danışılıb.
Tədbirdə Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsini sədri Ramiz Qusarçaylı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova çıxış edərək Heydər Əliyevin Azərbaycanın dünyaya bəxş etdiyi ən nadir simalardan biri, adı türk dünyasının salnaməsinə qızıl hərflərlə yazılmış nadir şəxsiyyət olduğunu bildiriblər.
Qeyd olunub ki, xalqımızın taleyində mühüm rol oynayan Heydər Əliyevin uzaqgörənliyi, bütövlükdə həyatı hər bir azərbaycanlı üçün örnəkdir. Tutduğu vəzifəsindən asılı olmayaraq hər bir şəxs Heydər Əliyevin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir.
Tədbirdə ulu öndərlə görüşmüş qubalı ziyalılar xatirələrini bölüşüb, Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“Xalq qəzeti”