“Buzların əriyəcəyinə” ümid edək

post-img

Ruben Vardanyanın Qarabağdakı separatçı rejimdə tutduğu “dövlət naziri” oyuncaq postundan uzaqlaşdırılmasından sonra fevralın 24-də Azərbaycan tərəfi ilə bölgənin erməni nümayəndələrinin görüşü keçirilib. Təmas ərazidəki Rusiya Sülhməramlı Kontingentinin vasitəçiliyi ilə reallaşıb. Görüşdə başlıca müzakirə mövzusu bölgənin enerji təminatı ilə bağlı məsələlər olub və mövcud istiqamətdə konkret müsbət nəticələr əldə edilib. Erməni mediası və ictimai rəyi hadisəyə böyük diqqət ayırıb. Azərbaycan cəmiyyəti də həmçinin. 

Əslində, bu sayaq təmaslar əvvəl də var idi. Əvvəl deyərkən, R.Vardan­yanın “dövlət naziri” vəzifəsinə gətiril­məsinə qədərki dövr nəzərdə tutulur. Belə görüşlərin kifayət qədər effektiv­liyini də söyləmək mümkün idi. Bakı effektivlikdə maraqlıdır. Ölkəmiz yalnız Qarabağda yaranmış ayrı-ayrı prob­lemlərin aradan qaldırılmasını deyil, bütövlükdə, bölgə ermənilərinin Azər­baycana inteqrasiyasını təbliğ edir. Bu məramı Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif çıxışlarında, kifayət qədər, səmimi notlarla diqqətə çatdırıb. 

Bəli, ölkəmiz Qarabağda yaşayan erməni azlığının respublikamızın digər bölgələrindəki azsaylı xalqlar və etnik qruplar kimi, Azərbaycanın həyatında iştirakının tərəfdarıdır. Bakı bu azlı­ğın hüquq və azadlıqları məsələsini, o cümlədən, sosial rifah halını diqqətdə saxlayacağını bildirir. Prinsipial məqam isə həmin hüquq və azadlıqlar üzərində Ermənistanın hər hansı patronajlığının qəbul edilməməsidir. Qəbuledilməzlik, eyni zamanda, erməni kartı üzərindəki beynəlxalq patronajlığa da aiddir. Hər halda indi haqqında söz açdığımız gö­rüş bu məntiqdən uzaqdır. Amma...

***

Əlbəttə, Azərbaycan tərəfi konkret nəticəsi olan görüşlərin bundan son­ra da davamında maraq göstərəcək. O anlamda ki, Ermənistan hər hansı şəkildə həmin təmaslarda özünü əla­hiddə tərəf kimi göstərməyə çalışma­sın, səmimi davransın. Onu da nəzərə almaq lazımdır ki, Bakı ilə Qarabağ erməniləri arasında danışıqların və ikincilərin Azərbaycan cəmiyyətinə in­teqrasiyasının Azərbaycan-Ermənistan normallaşması ilə paralel aparılması son dərəcə vacibdir. Yəni, səmimiyyət dövlətlərarası münasibətlərdə yaran­malıdır ki, pozitiv mənzərə tamamlan­mış olsun. Nəzərə alaq ki, Azərbaycan onsuz da suveren hüquqlarından istifa­də edəcəkdir. Əsas olan bu hüquqların təminatına əngəl törədilməməsidir. İn­diyədək əngəl yaradılıb. Bəs bundan sonra?.. 

Daha bir vacib məqam Qarabağda­kı separatçı rejimin sıradan çıxmasıdır. Başqa sözlə desək, bölgədəki admi­nistrativ idarəçilik, tamamilə, Azərbay­can yurisdiksiyasına keçməlidir. Heç bir halda danışıqlar rəsmi Bakı və rəs­mi Xankəndi preambulasına əsaslan­mamalıdır. Bakı indiyədək baş vermiş təmasların vurğuladığımız tərzdə təq­dimatına yol verməyib və verməyəcək də...

Əlbəttə, hazırda separatçı rejimin idarəçiliyində yer alanların da Azərbay­can yurisdiksiyasının diktə etdiyi real­lıqlarda təmsilçilikləri mümkündür. Hər halda ölkəmiz bu adamları tamamilə uzaqlaşdırmaq hədəfini müəyyənləş­dirməyib. Lakin burada da vurğulanma­lı vacib məqamlar istisna deyil. Azər­baycan idarəçilikdə təmsil olunacaq ermənilərin də kimliklərini süzgəcdən keçirməlidir. İlk növbədə ölkəmizə güllə atan, güllə atmağı təbliğ və təşviq edən keçmişə malik olmaq, o cümlədən, konkret cinayət əməllərində iştirak müt­ləq qaydada nəzərə alınmalıdır. 

***

Bəli, Qarabağın erməni əhalisi ilə Azərbaycanın təması vacibdir. Onun konkret nəticələr verməsi üçün mütləq amil səmimiyyətdir. Ancaq sözügedən görüş ilə bağlı səmimiyyətdən uzaq məqamların və deyimlərin meydana çıxdığı nəzərdən yayınmır. Məsələn, separatçı rejimin “prezidentinin” nü­mayəndəsi kimi tanınan və əvvəllər də Azərbaycana qarşı çıxışları ilə gündəm yaradan David Babayan bildirib ki, fev­ralın 24-də keçirilmiş görüşə bənzər görüşlər Bakı ilə Xankəndi arasındakı siyasi dialoqun başlanması deyil: “Heç bir halda bunu Artsaxın (Qarabağın – red.) gələcəyi ilə bağlı siyasi məsələlər üzrə dialoq kimi qiymətləndirmək ol­maz. Bu formatda görüşlər vacibdir, la­kin, bu, o demək deyil ki, kimsə, bir növ, Artsaxı Azərbaycanın bir hissəsi kimi görə bilər. Bu, mümkün deyil. 1988-ci ildən bəri Artsaxda heç kim özünü və ölkəsini Azərbaycanın bir hissəsi he­sab etmir. Hətta 1921-ci ildən 1988-ci ilə qədər, yəni Artsax Azərbaycana birləşdirilənə qədər, Artsax xalqı bu reallıqla barışmadı. İndi biz bu huma­nitar məsələlərin həllini təmin etməliyik. Müdrik siyasət yeritməklə birləşmək və Artsaxı xilas etmək lazımdır”. 

***

Göründüyü kimi, görüşün əldə et­diyi nəticələri heçə endirmək yönümlü ilk separatçı fikir səsləndi. Keçək möv­cud istiqamətdəki digər məqamlara. Bunlardan biri Laçın-Xankəndi yolunun Ermənistanın məntiqində blokada kimi qiymətləndirilən durumunun tezliklə aradan qaldırılacağı üzərindədir. Bakı ilə Qarabağ ermənilərinin təmaslarının bu müstəviyə təsir göstərəcəyinə dair baxışlar var. Müxtəlif erməni mənbələri yaxın günlərdə Qarabağı Ermənistanla birləşdirən yolun açılacağı barədə mə­lumat yayıblar. Bölgədəki separatçı re­jimin “prezidentinin” mətbuat katibi kimi qondarma postu tutan Lusine Avenes­yan mövzu barədə söz açarkən bildirib ki, Rusiya sülhməramlılarının köməyi ilə problemin aradan qaldırılacağına ümidvardır. 

Əlbəttə, ölkəmiz Laçın-Xankəndi yolunun açıq olduğunu bildirir. Ərazi­dən keçən avtomobillərin və insanların statistikası da bunu söyləməyə əsas verir. Burada vacib məqam isə sər­həddə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlıdır. Maraqlıdır ki, erməni tərəf məsələnin üzərinə gəlmir. Daha doğrusu, Ermənistan siyasiləri problemin üzərinə onun Azərbaycan üçün vacibliyini vurğulamaq, beləlik­lə, ziddiyyət formalaşdırmaq məqsədi ilə gəlir. Məsələn, ölkə parlamentinin “Şərəfim var” fraksiyasından olan de­putatı Tiqran Abramyan prosesi Ba­kının mənafelərinin təminatı ilə əsas­landırıb qıcıq yaratmaq və mövzunu iqtidar əleyhinə kampaniyaya çevirmək yolu tutur. T.Abramyan, eyni zamanda, R.Vardanyanın “vəzifəsindən” uzaqlaş­dırılmasını Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan tələbin yerinə yeti­rilməsi kimi dəyərləndirir, beləliklə, İrə­vanın və Qarabağ ermənilərinin, guya, aşağılandığını vurğulayır. Nəticə, şü­bhəsiz, haqqında söz açdığımız dialoq məntiqinə xələl gətirir və gətirəcəkdir. 

***

Qeyd edək ki, Qarabağ ermənilə­ri ilə Bakı arasında danışıqların bər­pasına Qərbdən də müsbət reaksiya var. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bölgədə elektrik enerjisi və qazın bər­pası barədə razılaşmaları “hər şeyin doğru istiqamətdə getməsinə ümid” kimi qiymətləndirib. Belə görünür, av­ropalı diplomat da mövzuda vurğunu, bütövlükdə, Bakı və Xankəndi təması­nın dərinləşməsi üzərinə qoyur. “Pərdə arxasında, eləcə də ictimaiyyət arasın­da fərqli kontaktlarımız olub. Əminik ki, Qarabağ əhalisi, yerli ermənilər yaşa­dıqları ərazidə özlərini təhlükəsizlikdə hiss etməlidirlər və bunun üçün Bakı və Xankəndi arasında əsl dialoqun baş­lanması önəmlidir”.

Əlbəttə, Bakının Qarabağ ermə­niləri ilə danışıqlarını Bakı-Xankəndi dialoqu prizmasına daşımaqdan siyasi spekulyasi qoxusu gəlməkdədir. Yəni, məsələyə bu sayaq əlahiddə obraz qazandırmaq yolverilməzdir. Avropalı diplomat Bakı-Xankəndi arasında di­aloqun mexanizminin mövcud olma­dığını bildirsə də, onun, belə demək mümkünsə, bağlı qapıların açıq qapı­lara çevirmək məntiqi, müəyyən qədər, şübhələr doğurmaqdadır: “Aydındır ki, bəzi müzakirələr bağlı qapılar arxa­sında ola bilər. Əsas olan onun təkcə beynəlxalq ictimaiyyət yox, eləcə də Qarabağ əhalisinə görünən olmasıdır. Bunun özü beynəlxalq ictimaiyyətin fərqli imkanlarla prosesə cəlb edilmə­sinə zəmin yaradır”. 

İndi Bakı ilə Qarabağ ermənilə­rinin görüşü kimi leqallaşmış təmas Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutubsa, maraqlıdır, T.Klaarın “beynəlxalq ictimaiyyətin fərqli imkan­larla prosesə cəlb edilməsi” məntiqi nə üçündür? Bəlkə, burada da Qərb-Ru­siya rəqabəti ortaya girəcək? Bəlkə, yenə Qarabağ ermənilərinin taleyi ilə oynamaq yolları axtarılacaq? Əslində, mövzuya dair suallar çoxdur. Eləcə də, haqqında söz açdığımız səmimiyyət məsələsinin nə dərəcədə gözləniləcə­yi müstəvisində şübhələr qalmaqdadır. Hər bir halda, obrazlı desək, dondu­rulmaq üçün soyuducuya qoyulmuş buzun oradan çıxarılması və əriməsi, yaxud əriməyə başladığı görüntüsünün formalaşması müsbət haldır. Prosesin davamını izləyək.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət