Amerika Birləşmiş Ştatları super gücdür. Məsafənin heç bir fərqi yoxdur… Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir.
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsindən
25 oktyabr 2020-ci il
İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.
ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə 20 may 2022-ci il tarixli məktubundan
Bu gün Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər qurulmasından 31 il keçir. Geridə qalan illərdəki əməkdaşlıq səhifələrimizə nəzər salanda mükəmməl bir tərəfdaşlıq nümunəsi yaratdığımızın şahidi oluruq. Bakıda hamı belə fikirləşir ki, bizim Birləşmiş Ştatlarla münasibətimiz olduqca yüksək səviyyədədir. Biz müttəfiqik və müxtəlif məsələlər ətrafında sıx əməkdaşlıq edirik. Vaşinqtonda da bu fikirdədirlər ki, bizim çox möhkəm əlaqələrimiz var.
Azərbaycan Prezidentinin qənaəti belədir ki, Birləşmiş Ştatlar bizim enerji inkişafımızı və xüsusən də, Bakı –Tbilisi – Ceyhan boru kəmərinin çəkilməsini hər zaman lazımınca dəstəkləyib və dəstəkləyir. Cənab Cozef Baydenin fikrincə isə enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır.
Ağ evdən yayılan məlumatlarda deyilir ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Amma Vaşinqtonun Bakıya inamlı münasibəti təkcə enerji sahəsindəki əməkdaşlıqla yekunlaşmır. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının çoxşaxəli əməkdaşlıq məsələlərində dəyərli tərəfdaşıdır. Onu da xüsusilə vurğulayaq ki, ABŞ-da hakimiyyətə hansı partiyanın və ya liderin gəlməsindən asılı olmayaraq, Bakı ilə münasibətlər dəyişilməz qalır. Məsələn, sabiq Prezident Donald Trampın Bakıya ünvanladığı bir məktubda oxuyuruq: “Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.
Bütün bunlar təkcə ABŞ dövlətinin maraqlarına görə deyil, həm də ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun uğurlu nəticələridir. Həmin siyasətin həyata keçirilməsi gənc müstəqil Azərbaycanın siyasi-diplomatik nailiyyətlərini gündən-günə artırır. Müstəqilliyin geridə qalan dövrlərində Azərbaycan – ABŞ əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daim inkişaf etməsi də məhz həmin uğurlar sırasındadır. 1993-cü ilin yayından etibarən Vaşinqton –Bakı münasibətləri daim yüksələn xətlə inkişaf edib.
Dostlarımız da, bədxahlarımız da şahiddirlər ki, Azərbaycan –ABŞ əməkdaşlığı cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Məsələn, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində iki ölkə arasında geniş əməkdaşlıq mövcuddur. Xüsusilə vurğulanmalıdır ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edirlər.
Xüsusilə xatırladılmalı məqamlardan biri də odur ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və daim dəstəkləyir. Təbii ki, Bakı da bu siyasi mövqeyə cavabsız qalmır. Belə ki, rəsmi Bakı qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər.
Dövlət başçımız dəfələrlə xatırlatmışdır ki, 2001-ci ildə Nyu-Yorkda törədilən 11 Sentyabr terror hadisəsindən sonra rəsmi Vaşinqtonun öz yanında gördüyü ilk dövlətlərdən biri məhz Azərbaycan olmuşdur. Ölkəmiz ABŞ rəsmilərinin təşəbbüsü ilə yaradılan antiterror koalisiyaya ilk qoşulanlardan biri kimi dostluğa və tərəfdaşlığa sədaqət nümayiş etdirmişdir.
Bundan başqa, ölkəmiz beynəlxalq terrorçuluqla mübarizədə daim ABŞ-la birgə çıxış edir. Azərbaycan 1994-cü ilin may ayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub. Kosovo, İraq və Əfqanıstanda Azərbaycan hərbçiləri beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak ediblər.
Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu məkandır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özündə Qərb və Şərq mədəniyyətinin sintezini yaradır. Azərbaycan sürətlə inkişaf edir, bütün dünya üçün strateji tərəfdaşdır. Məhz ona görə də bir neçə il qabaq Bakıda Azərbaycan – ABŞ dostluq və tərəfdaşlığı mövzusunda keçirilmiş möhtəşəm tədbirdə 42 ştatın nümayəndələri iştirak edirdilər. Bu isə Azərbaycan-ABŞ münasibətlərinin bugünkü səviyyəsinin göstəricisi idi. İki ölkə arasındakı əməkdaşlığa diqqət yetirdikdə bir daha bəlli olur ki, ABŞ – Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Buvaxtadək iki ölkə arasında mühüm əhəmiyyətə malik 80-ə yaxın dövlətlərarası sazişin imzalanması da deyilənləri təsdiqləyir.
Ekspertlərin fikrincə, Azərbaycan – ABŞ münasibətləri elə bir səviyyədədir ki, hətta Vaşinqtonda ölkəmizin və türk dünyasının əleyhinə atılan bəzi addımlar da bu münasibətlərin yaxşıya doğru getməsinə mane ola bilmir. Məsələn, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan “907-ci düzəliş” adlı düzəliş və ABŞ-ın bəzi ştatlarının qondarma erməni soyqırımını tanıması bizim münasibətlərimizə xələl gətirə bilmir.
Yeri gəlmişkən, ötən ilin iyun ayında Vaşinqtondan gələn məlumatda deyilirdi ki, ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb. Yəni düzəliş ləğv olunmasa da, hələlik icra edilmir. O da maraqlıdır ki, bu addımı məhz həmin düzəlişin qüvvəyə minməsində rolu olmuş keçmiş konqresmen, bugünki ABŞ Prezidenti atmışdır.
Daha bir xüsusi məqam isə ondan ibarətdir ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra ABŞ onu tanıyan ölkələr arasında ön sıralarda yer almışdı. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də quruldu. Həmin ilin mart ayında ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında səfirliyi fəaliyyətə başladı. Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasi xətti daim dəstəkləmiş, “Əsrin müqaviləsi”nin hazırlanmasında, imzalanmasında və icra edilməsində daim Azərbaycanın yanında olmuşdur.
Nəhayət, bu sətirləri Azərbaycan Prezidentinin Azərbaycan – ABŞ dostluq və tərəfdaşlıq münasibətlərinə verdiyi önəmi ifadə edən fikirləri ilə tamamlayırıq: “Bizim Birləşmiş Ştatlarla münasibətimiz olduqca yüksək səviyyədədir. Biz müttəfiqik və müxtəlif məsələlər ətrafında sıx əməkdaşlıq edirik.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”