Filoloq-alim: Od çərşənbəsi mahiyyətcə magik xarakterli olaraq günəşi arzulama mərasimidir

post-img

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.

AZƏRTAC Od çərşənbəsi ilə bağlı AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin qeydlərini təqdim edir.

Çərşənbələrin ikincisini od ünsürü ilə əlaqələndirən mərhum professor Azad Nəbiyev yazırdı: “Türkdilli xalqlarda Ülgen tanrısının yaranması da təsadüfi deyil ki, Günəş–Od–Atəş anlamı ilə bağlıdır. Nisbətən sonralar zərdüştilik də Odun və Günəşin bu müqəddəsliyini saxlamış, oda sitayiş anlam və etiqadı yarandıqdan sonra Günəş – Od – Atəş istisinin beş növü ilə əlaqədar şənliklər keçirilmişdir... Od çərşənbəsində Günəş–Od–Atəş anlamı çox geniş ölçülərdə qəbul və dərk olunar, təbiətin dörd ünsüründən biri olan Oda erkən inam və etiqadlar silsiləsini yaradardı. Bu inanc dünyası isə Odun əbədiliyi, müqəddəsliyi tapınmasını doğurmuşdur. Od çərşənbəsi – Günəş– Od–Atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzə qədər gəlib çatmışdır”.

Göründüyü kimi, Od çərşənbəsi günəşin bəlgəsi olaraq, atəşpərəstlikdə oda, atəşə inamın təzahürü olaraq səciyyələndirilir. Həm də od dörd yaradılış ünsüründən biridir. Yeni həyatın doğuluşu rəmzi olan Novruz bayramı qabağı keçirilən Od çərşənbəsinin mühüm missiyası isə odun yaradıcı stixiyası ilə əlaqədardır. Bu münasibətlə təbii ki, müxtəlif cür ayin və rituallar, həmçinin nəğmələr var. Qodu xanla bağlı mərasim və oxunan nəğmədə də bunun arxaik izləri seçilir. Qodu günəşin rəmzidir. Günəşin rənginə uyğun şəkildə qırmızı parçadan düzəldilən gəlincik kukla “Qodu” adlanır. Onu da deyim ki, Qodunu bütpərəstliklə əlaqələndirib kuklanı isə Allahın bütü kimi də hesab edirlər. Ancaq bizə məlum mərasim və nəğmələrdə onun atəşpərəstliklə bağlı cizgiləri aydın görünür:

Qodu xan, Qodu xan,
Söndürmə odu, xan.
At üstə ad gətir,
Ulusa od gətir...
Qodu xan daldadır,
Al atı yaldadır...
Qoduya at apar,
Dalınca çat apar.
Yalında yat apar,
Qan-tərə bat apar...
 
Qodu xan yoldadır,
Əlləri baldadır.
Büsatı daldadır.
Sözü bal Qodu xan,
Özü al Qodu xan.
 
Qodu xan Göy xandır,
Qodu xan Dağ xandır.
Qodu xan Ağ xandır.
Sözü bal Qodu xan,
Özü al Qodu xan.

Nəğmənin nəqərat hissəsində təkrarlanan “Özü al Qodu xan” ifadəsi od rəngində al (qırmızı) Qodu xana işarə edir. Yaxud əvvəlinci misralarda Qoduya müraciətlə söylənən “Söndürmə odu, xan”, “Ulusa od gətir” kimi ifadələr də Qodunun odla-günəşlə bağlılığına açıq işarə edir. “Qoduya at apar” misrası isə öz yorumunu başqa bir folklor mətnində – “Günəşə qurban kəsmək mərasimi”ndə açıq-aşkar tapır: Günəş istisini arzulayan ulu babalarımız odlu çərşənbədə sübh tezdən günəşə qurban aparardılar. Daha erkən çağlarda aparılan belə qurban, adətən, kəhər at olardı. Bir nəfər yedəyindəki atı uca bir təpənin üstünə qaldırardı. Əlində balta olan başqa bir nəfər isə arxadan onları müşahidə edərdi. Gün doğanda at təpənin üstündə olar, günəşin doğması şərəfinə onu qurban kəsərdilər. Xalqda belə inam olardı ki, qırmızı kəhərin günəşə qurban kəsilməsi adamlara xoşbəxtlik və səadət gətirir.

Deməli, Qodu Günəşin bəlgəsi, Qoduya aparılan at isə günəşin doğmasının şərəfinə kəsilən atı işarələyir. Bəs nəyə görə Od çərşənbəsində, həmçinin bununla bağlı nümunə verdiyimiz mərasim və nəğmə mətnlərində oda bu qədər önəm verilir? Məlumdur ki, qış fəsli təbiətdə gecənin – qaranlığın uzunluğu, çox olması ilə xarakterikdir. Deməli, qaranlığın işığı üstələdiyi soyuq-ölgün qışdan yaz fəslinə – ictimai səviyyədə Novruz bayramına qovuşmağın bir yolu da işıqdan-oddan keçir. İşığın mənbəyi, odun təbii batareyası isə günəşdir. Yazın gəlişi həm də gecə-gündüz bərabərliyi və ondan sonra isə gündüz saatlarının uzanması ilə xarakterikdir. Deməli, Novruz öncəsi keçirilən Od çərşənbəsi mahiyyətcə magik – təqlidi xarakterli günəşi arzulama – istiliyi, odu öymə və qarşılama mərasimidir. Qışın donuq – ölgün suyunu (buzu və qarı) əritmək üçün mütləq od, günəş (istilik) lazımdır. İnsanların od çərşənbəsi adı altında keçirdikləri mərasimin əsasında – fəlsəfi qatında təbiəti və cəmiyyəti qışın şaxtasından xilas edə biləcək odun, atəşin, günəşli günlərin gəlməsi arzusu, ideyası ifadə olunub. Torpağın, suyun, ümumiyyətlə, təbiətin canına istilik gəlməlidir ki, oyanma, yeni həyat başlasın. Od, istilik bu cəhətdən ən vacib amil olduğuna görə bütün çərşənbələrdə (hətta yalançı çərşənbələrdə belə) və Novruz bayramının özündə tonqallar çatılır. Yandırılan ocaqlar, qalanan tonqallar günəşin, odun, işığın – başqa sözlə, həyatverici hərarətin bəlgəsi olmaqla odun yaradıcı gücünü təcəssüm etdirir.

Onu da qeyd edim ki, od həm də fəsil kimi yay fəslini özlüyündə simvollaşdırır. Fəsillər içərisində qızmar olması, yandırıcı günəş şüaları ilə fərqlənməsi məhz yay fəslinə xasdır. Bolluğun, bərəkətin, artımın himayəsi olan Günəşin yaradıcı gücünün stixial missiyası od çərşənbəsinin üzərinə düşən müqəddəs yükdür.

Maraqlı