Bizim ən böyük vəzifəmiz Azərbaycanda dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir. Hər bir vətəndaş bunu qiymətləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfəsini verməlidir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Əslində, bu faktın sübuta, dəlilə ehtiyacı yoxdur. Çünki 2020-ci ilin payızındakı 44 günlük İkinci Qarabağ müharibəsi günlərində və möhtəşəm Zəfərimizdən sonra yaranmış yeni reallıqların beynəlxalq aləmdə qəbul edilməsi zamanı dostlarımız da, bədxahlarımız da gördülər ki, Azərbaycan tək deyil. Üstəlik, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı Azərbaycanın hansısa məsələdə təklənməsinə qətiyyən imkan verməz.
Bütün bunlar danılmaz faktlardır. Ancaq cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşdüyü, təmas qurduğu insanların əhatə dairəsi də həmin faktı bir daha təsdiqləyirdi. Dövlət başçımız konfrans çərçivəsində dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə bir sıra önəmli görüşlər keçirmişdir. Görüşlərin əksəriyyətində Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və təhlükəsiz enerji tərəfdaşı olduğu xüsusi vurğulanırdı. Eləcə də, iqtisadi-ticari, hərbi-siyasi və enerji sahələri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı anlaşmalar əldə olundu. Yəni, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu göstərən məlum arqument Almaniyada da gündəmə gətirildi.
Çox təəssüf ki, müstəqilliyin ilk illərində bu barədə danışmaq qətiyyən mümkün deyildi. Fəxrlə deyə bilərik ki, son iyirmi ildə xalqımız, dövlətimiz və Prezidentimiz ulu öndərin tövsiyələrinə ən incə məqamlarınadək əməl etmiş, gənc müstəqil Azərbaycan Respublikası dünyanın sayılıb - seçilən dövlətlərindən birinə çevrilmişdir. Müasir Azərbaycan həqiqətləri əcdadlarımızın xəyallarında əsrlərdən bəri bitib-tükənməyən arzu kimi yaşamışdır. Sevindirici haldır ki, həmin xəyallar heç zaman ölməmiş, öləziməmişdir. Bütöv bir xalqın öz müstəqil dövlətini görmək arzusu nə zamansa azalmış olsaydı, biz bugünkü qüdrətli Azərbaycan dövlətini qura bilməzdik.
Bəli, bugünkü Azərbaycan dövləti dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyimiz davam edir. İlham Əliyevin rəhbərlik etdiyi sivil, demokratik və dünyəvi Azərbaycan dövləti Avropa Şurası Nazirlər Kabinetinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olmuşdur. Azərbaycan paytaxtı siyasi, iqtisadi, hərbi, texniki, elmi, mədəni istiqamətli ən mötəbər beynəlxalq təşkilatların dünya miqyaslı tədbirlərinə evsahibliyi etmişdir. Bu ilin oktyabrında isə biz 50 il əvvəlki uğurumuzu təkrarlayaraq, 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsini təmin edəcəyik.
Bütün bunlar müasir Azərbaycan reallıqlarıdır. Ancaq XX əsr Azərbaycan klassiklərindən olan Məhəmməd Hadi 95 il əvvəl –1908-ci il dekabrın 1-də "İttifaq" qəzetinin birinci sayında dərc etdirdiyi "Zümzümati – təhəssürat, yaxud qarışıq xəyallar" adlı şeirində ürək ağrısı ilə yazırdı:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində.
Ədəbiyyatçılar şairin həmin şeirini xalqın gələcəyi üçün keçirilən narahatlıq hissi kimi qəbul etsələr də, siyasətçilər bu misralarda mükəmməl bir proqnozun olduğunu söyləyirlər. Əgər Hadi o zaman xalqın taleyindən nigarançılıq ifadə edirdisə, bu gün artıq ona ehtiyac qalmayıb. Çünki xalqımız əsrlərdən bəri arzuladığı müstəqil dövlətin ən ali nəticələrini görməkdədir. Yox, əgər şairin həmin misralarında nə zamansa müstəqil Azərbaycan dövlətinin yaradılacağı barədə proqnoz irəli sürülürdüsə, onda bu uzaqgörənlik öz təsdiqini tapmışdır.
Prezident İlham Əliyevin fikrincə, xalqımızın ürəyində bəslənilib həyatında özünə yer tapmış müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində həm fəal, həm də qətiyyətli oyunçulardan birinə çevrilib. Azərbaycan dövləti bütün tərəfdaşlarının inanıb etimad göstərdiyi, sədaqətli və sınanmış tərəf-müqabilinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Azərbaycan BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq. Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi.
İlham Əliyevin uğurlu diplomatiyasının nəticəsi olaraq, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmişdir. Sevindirici haldır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində əsas rol oynayır. Biz bunu Qoşulmama Hərəkatının son iki ildəki fəaliyyətində və qurumun yeni strukturlarının yaradılması prosesində də gördük.
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xatırlatmışdır ki, ölkəmiz Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır: “Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.
Xalqımız və dövlətimiz ümid edir ki, uzun illərdən bəri gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Məhz elə həmin ümidin nəticəsidir ki, Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdiririr. Kaş “Yox millətimin xətti bu imzalər içində” – sızıltısı ilə dünyasını dəyişmiş Məhəmməd Hadi Azərbaycanın bugünkü reallıqlarını görmüş olaydı. Elə onun kimi “Azərbaycan, Azərbaycan!”– deyə-deyə can vermiş digər fədai ziyalılarımız da.
Eybi yox, onlar görməsələr də, dövlət başçımızın “inandığı, güvəndiyi” milyonlarla yeni nəsil soydaşlarımız bunu görürlər və dünəndən dərs alaraq, sabaha daha inamla getmək üçün müasir yollar, variantlar seçirlər.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

