“Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil”.
Məlum olduğu kimi, bu fikri Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilmiş plenar iclasdakı çıxışı zamanı dilə gətirib. Yazımızda, başlıca olaraq, dövlət başçımızın bu yanaşmasının əhəmiyyətli tərəfləri üzərində dayanacağıq. Əlbəttə, digər vacib məqamları da vurğulamaq niyyətindəyik.
Dövlətimizin başçısının “Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxs” məntiqi separatçı rejimin “dövlət naziri” kimi oyuncaq postu tutan Ruben Vardanyana yönəlmiş qəbuledilməzlikdir ki, cənab İlham Əliyev fikrinin davamında onun adını çəkməklə də hədəfi konkret müəyyənləşdirdiyini göstərir.
Əlbəttə, Prezidentin söylədikləri Azərbaycan–Ermənistan normallaşmasının hazırkı diskursu baxımından prinsipial əhəmiyyət daşımaqdadır. O anlamda ki, əvvəla, Azərbaycan Qarabağ erməniləri üzərindən hər hansı separatçılıq meyillərinin həyata keçirilməsinə qarşıdır. İkinci, ölkəmiz ayrı-ayrı şəxslərin yüksəldilməsinə nəzərən Qarabağın tərəf kimi qəbulunu göstərmək istəklərini qəbul etmir.
Ancaq nəzərə alaq ki, hazırda Ermənistanın “Dağlıq Qarabağ Respublikası”, yaxud “Artsax” kimi təqdim etdiyi qondarma quruluşda təmsil olunanlar da, prinsip etibarilə, Vardanyandan fərqlənmirlər. Nə olsun ki, onların sırasında bölgədə anadan olmuşlar var? Görünür, elə buna görə ölkəmizin lideri Qarabağda doğulmuşlar ilə yanaşı, ömrü boyu bölgədə yaşamışlar və əraziyə bağlılıq məsələsini gündəmə gətirir. Yəni, vurğunu Qarabağın erməni əhalisinin ayrıca xalq məntiqinə deyil, yerli icma strukturuna yönəldir.
Əlbəttə, icma təmsilçiliyi üçün konkret şəxsin bir yerə bağlılığı şərtdir. Eyni zamanda, bu təmsilçilikdə, sırf ərazidə yaşamaq amili əsas götürülür, yaşayıb tabeçiliyini daşıdığı dövlətə qarşı çıxmaq faktoru yox. Mövcud anlamda hazırda separatçıların lideri olan Arayik Arutyunyan da erməni icmasını təmsil etmək baxımından məqbul deyil. Baxmayaraq ki, o, Xankəndidə doğulub, işləyib və təhsil alıb.
Nəzərə alaq ki, Arutyunyan 1992-ci ildə – Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşüb də. Yəni doğulub boya-başa çatdığı ölkənin vətəndaşlarına güllə atıb. İkinci Qarabağ müharibəsi zamanı isə gülləni raketə dəyişib. Yada salaq ki, A.Arutyunyan həmin vaxt Gəncəni hədəf seçmiş və neçə-neçə dinc insanın həyatını itirməsinə səbəb olmuş raket hücumunu özünün qəhrəmanlığı kimi göstərmişdi.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Baş Prokurorluğu 30 oktyabr 2020-ci il tarixində Arayik Arutyunyan daxil olmaqla, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan kimi separatçıları Gəncədə mülki əhaliyə qarşı törətdikləri cinayətlərə görə beynəlxalq axtarışa verib. Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə onların barəsində cinayət işi başlanılıb.
Əlqərəz, sözümüz ondadır ki, Azərbaycana güllə, raket atmış, eləcə də ölkəmizə hədyanlar yağdırmış şəxslər də heç bir halda Qarabağ icmasını təmsil edə bilməzlər. Onu da nəzərə alaq ki, separatçı rejimdə hazırda rəhbər “vəzifə” tutanlar, həmçinin, hər hansı şəkildə təmsil olunanlar yerli icmanın adından danışmaq üçün ciddi şəkildə süzgəcdən keçirilməlidirlər. Belələrinin heç nə olmamış kimi, icma təmsilçiliyi əsla yolverilməzdir. Çünki ölkəmiz onların bölgədə doğulmaqları bir yana, Qarabağdakı yaşamalarını yaşamaq saymır və belə qiymətləndirmə aparmağa tam haqqı çatır.
* * *
Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikrindən irəli gələrək məsələnin digər aspektinə diqqət yetirək. Nəzəri baxımdan Ermənistanın Azərbaycanın təkliflərini qəbul etdiyini və sülh müqaviləsi bağlamağa hazır olduğunu düşünək. Təbii, bu prosesin səmimiyyətə əsaslanacağına inanacaq qədər sadəlövh ola bilmərik. O zaman, görək, nəyə görə Ermənistan rəhbərliyi Qarabağda yaşayan ermənilərin sayını şişirdir – faktiki rəqəm 25-30 min olduğu halda, 120 min üzərində dayanır? Erməni həyasızlığının ən müxtəlif təzahür formalarını da diqqətdən qaçırmayaq.
Məsələn, Ermənistanın BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialardan biri Azərbaycan ərazisindəki, guya, erməni mədəni mirası sayılan abidələr üzərində mülkiyyət hüququnun təsbit edilməsi ilə bağlı idi. Təsəvvür edin, torpaq ölkəmizindir, İrəvan istəyir ki, həmin torpaqda inşa edilmiş hansısa abidənin, necə deyərlər, “kupçası” ona məxsus olsun. Belə bir həyasızlığı düşünən qövm, heç şübhəsiz, Azərbaycana ziyan vurmağın əhali sayını da, artım yolunu da ağlına gətirəcəkdir.
Bəli, əldə bayraq edilən 120 minlik say gerçək statistika deyilsə, deməli, o saya çatmaq üçün kənardan kimlərsə, dövlət başçımızın təbirincə desək, ixrac edilməlidir. Kənardan gətirilənlərin yenidən separatçılıq fəaliyyətinə girişəcəklərini, silaha sarılacaqlarını, raket əldə edəcəklərini və sair məsələləri, hələlik, bir kənara qoyuruq. Qarabağda doğulmayan, heç vaxt orda yaşamayan, bölgə ilə bağlılığı olmayan şəxslər ora axın edəcəksə, onlar, ümumən, zərər vurmağı düşünəcəklər. Bununla bağlı presedent də var.
Yəqin çoxlarınız Kəlbəcəri və digər işğal dövrü bitmiş ərazilərimizi tərk etmiş ermənilərin evləri yandırdıqlarını, ağacları qırdıqlarını, ümumən, həyat izlərini sildiklərini xatırlayırsınız. Düşünək ki, insan bir yerdə yaşayırsa və müəyyən zaman mərhələsi keçirirsə, o insanda həmin yerə necəsə bağlılıq formalaşır. Əlbəttə, söhbət normal insandan gedir. Kəlbəcəri tərk etmiş ermənilərin timsalında biz anormallığı, vandallığı gördük. Bu hərəkətləri törədənlər, əksəriyyət etibarilə, bölgədə, işğal dövründə başqa-başqa yerlərdən gətirilərək, məskunlaşdırılmış ermənilər idilər.
Deməli, hazırda Azərbaycan dövləti Qarabağakı kənar erməni amilinin zərər təhlükəsini ciddi şəkildə götür-qoy etməlidir. Eləcə də bölgədən zərər verərək çıxma potensialını diqqətdə saxlamalıdır. Dediyimiz kimi, ortada, belə demək mümkünsə, çıxma presedenti var. Nəzəri baxımdan hesab etsək ki, sülh müqaviləsi bağlanıb, sərhədlər delimitasiya və demarkasiya olunub, hər iki tərəfdə sərhəd-buraxılış məntəqələri qurulub, o zaman fikirləşək görək, qeyd etdiyimiz zərər necə olacaq?
Cavab sadədir: Qarabağa gətirilmiş, əraziyə heç bir aidiyyatı olmayan ermənilər Azərbaycan ərazisini Avropada miqrant həyatı yaşamaq üçün, bir növ, tranplinə çevirə bilərlər. Onların bu addımı atmayacaqlarına, məsələnin sistemli total xarakter daşımayacağına heç bir real təminat yoxdur. Deməli, erməni separatizmi sülh müqaviləsi bağlandıqdan sonra da öz “ampluasında” qala bilər. Azərbaycan Prezidenti, məhz, bu səbəbdən bölgənin köklü əhalisi üzərinə vurğu qoyur. Dövlətimizin başçısı, beləliklə, ərazidən separatizmi tamamilə qazımağın formulunu müəyyənləşdirir.
Qarabağdakı kənar və təşkilatlanmış ermənilərin çox asanlıqla cinayətlər törətməsi də mümkündür. Bununla bağlı da keçmişin acı təcrübəsi var və mövcud anlamda bəzi məqamları diqqətə çatdırdıq. Ancaq hesab etsək ki, Azərbaycan dövləti buna yol verməmək üçün bütün tədbirləri görəcək, o zaman anti-Azərbaycan fəaliyyətinin yuxarıda qeyd etdiyimiz dinc həyasızlıq metodlarının işə düşməsi proqnozlaşdırılandır. Onsuz işğal dövründə də Qarabağın erməni əhalisi yaşayış səviyyəsinin bərbadlığına görə ərazini tərk edirdi. Elə Ermənistanın özündə də eyni vəziyyətdir. Belə olan halda İrəvana onların Azərbaycana zərər vuraraq uzaqlaşması sərfəlidir.
Qarabağda bölgəyə yad erməni mövcudiyyəti perspektivini bir qədər də sadə şəkildə izah edək. Gəlmələr qarışqadan fil düzəltmək məntiqi ilə hərəkət edib beynəlxalq strukturlara şikayətlər ünvanlayacaqlar. Onlar, məsələn, çox asanlıqda iddia edə bilərlər ki, ərazidə yaşayış mümkün deyil, şərait dözülməzdir və s. Hələ hazırda, necə deyərlər, beynəlxalq trendə çevrilmiş insan hüquq və azadlıqları ilə manipulyasiyalar da mümkündür. Heç şübhəsiz, bu sayaq hallar beynəlxalq məhkəmə müstəvisinə qaldırılsa, erməni lobbi və diaspor təşkilatları, habelə xaricdəki anti-Azərbaycançı qüvvələr “dövriyyəyə girəcəklər”. Onlar ölkəmiz əleyhinə qərarların qəbuluna cidd-cəhd göstərəcəklər. Belədə həm dövlətimizdən külli miqdarda pul təzminatı tələbi də aktuallaşa bilər, həm də ən əsası Azərbaycanın beynəlxalq nüfuzuna mənfi təsir ehtimalları yaranar.
Göründüyü kimi, vurğuladığımız məsələ xeyli dərəcədə mürəkkəbdir. Ancaq, şübhəsiz, Azərbaycan dövləti Prezident İlham Əliyevin şəxsində bütün mümkün spekulyativ yanaşmalara qarşı tədbirlər müəyyənləşdirib. O da birmənalıdır ki, dövlətimiz bu tədbirləri beynəlxalq ictimaiyyətin yaxın perspektivdə gözlədiyi Ermənistan ilə real sülh danışıqlarının müstəvisinə gətirməyi bacarır.
* * *
Onu da bildirək ki, Azərbaycan bundan sonra və görünür, hələ ən azı bir neçə onillik ərzində, Qarabağ ermənilərinə münasibətdə, məşhur el deyimimizdə bildirildiyi kimi, “itlə dostluq et, çomağını yerə qoyma” məntiqi ilə davranacaqdır. Bu, həm bizim bir xalq olaraq alın yazımızdır, həm də Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilərin taleyidir. İkincilərin özlərini doğrultmaları müəyyən vaxt aparacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə keçirilmiş məlum panel iclasındakı çıxışında Qarabağ ermənilərinin keçmişin günahlarının borcunu ödəməli olmadıqlarını bildirdi. Borc ödəməmək üçün ölkəmizin onların bölgədəki varlığına münasibətinə qarşılıq səmimi münasibət göstərmələri mütləqdir. Paşinyan və onun komandası isə öz soydaşlarını düşünürsə, onları borclu salacaq hərəkətlərdən daşınmalıdır.
Bəli, Qarabağ erməniləri səmimi davranacaqlarsa, ölkəmizin tam hüquqlu vətəndaşı kimi ömür sürüb, yaşadıqları torpağın, mülklərinin tam sahibinə çevriləcək, dövlətimizin imtiyazlarından bəhrələnəcəklər. Əks halda, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağı tərk etmək üçün yol açıqdır. Həm də ona görə yol açıqdır ki, Qarabağ daha “Dağlıq Qarabağ” deyil və bundan sonra, heç olmayacaqdır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

