BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarına dair bəzi məqamların diqqətə çatdırılmasına ehtiyac var.
Əvvəla, hiss olunur ki, ali məhkəmə instansiyasının yanaşması daha çox qurumu siyasi ritorikadan, dəqiq desək, tərəfkeşlikdən uzaq tutmaq məramına söykənib. Ancaq bu, mümkün olmayıb.
Çox güman, BMT-nin ədalət təmsilçiləri Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun spesifikasının mürəkkəbliyi amilinə söykəniblər. Onlar öz baxışlarında, bir növ, balans yaratmağa, müəyyən mənada, neytral davranmağa və paritet yaratmağa çalışıblar. Azərbaycan və Ermənistan cəmiyyətlərindəki narazılıq və narahatlıq da bu mövqenin ayrı-ayrı təzahür formalarından qaynaqlanır.
Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistanda BƏM-in yanaşmasına münasibətdə açıq hiddət nümayişi var. Erməni siyasilər qurumdan Azərbaycana qarşı sanksiya gözlədikləri halda, bunun baş verməməsindən məyus duruma düşüblər. Əslində, ölkənin hakim elitası da eyni gözləntidə idi. Sadəcə, belə görünür, onun təmsilçiləri davranışları ilə təmkinlərini qorumağı, sərt fikirlərdən uzaq durmağı üstün tuturlar. İrəvandakı müxaliflər, həmçinin, məhkəmə mövzusunu iqtidar əleyhinə kampaniyanın tərkib hissəsinə çeviriblər, özlərini baş nazir Nikol Paşinyan komandasının yarıtmaz fəaliyyətinin tənqidinə kökləyiblər.
Əlbəttə, ümumən, BƏM-in paritetlik fazası beynəlxalq hüquq prizmasından yolverilməzdir. Ona görə ki, hüquq mahiyyətcə sərt təbiətə malikdir. Nəzərə alsaq ki, hazırda iddia predmeti kimi götürülən məsələlərin məkanı suveren Azərbaycan ərazisidir, o zaman Ermənistanın mövcud istiqamətdə mübahisəyə çevirməli heç nəyi olmamalıdır. Azərbaycanın isə var.
* * *
Azərbaycanın Xarici İşlər Nazirliyi BƏM-in mövqeyini şərh edən açıqlamasında bildirir ki, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Deməli, buna görə XİN açıqlamasında “Azərbaycanın Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcəyini” vurğulayır və heç şübhəsiz, belə də olmalıdır. Yeri gəlmişkən, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da özünün “Tvitter” hesabındakı paylaşımında eyni mövqeni bölüşüb.
Lakin BƏM-in qərarında pozitiv qiymətləndirilməli olan məqamlar da istisna deyil. Həmin məqamları Azərbaycan XİN də diqqətə çatdırır: “Məhkəmənin 2021-ci il 7 dekabr tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq”. Nazir müavini E.Məmmədov da məsələni şərh edərkən bildirib ki, Ermənistan əvvəlki məhkəmənin 2021-ci il 7 dekabr tarixli qərarına əsasən, vəziyyəti gərginləşdirməkdən çəkinməyə hələ də borcludur. Belə nəticəyə gəlmək mümkündür ki, İrəvanın bölgədə gərginləşdirici faktor obrazı təsdiqlənir.
Əlbəttə, məsələ heç də onda deyil ki, BƏM nəyisə siyasiləşdirmək, yaxud, siyasi qiymət vermək məntiqinə söykənir. Sadəcə, qurumda yaxşı anlayırlar ki, tərəflər arasındakı çəkişmənin siyasi məntiq pəncərəsi var. Təəssüf ki, obrazlı desək, bu pəncərədən boylanmaqdan imtina edilməməsi, hansısa mənada zəiflik göstərilməsi məhkəmənin Azərbaycanı Laçın yolunun “mühasirəsinə son qoymağa” məcbur edən müvəqqəti qərarını şərtləndirir. Qurumun ermənilərin bu yoldan mina və silah daşımaq üçün istifadə etməsi ilə bağlı Bakının arqumentlərinin qəbulundan imtinasını da həmçinin.
BƏM-in Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərini rədd etməsinin üzərində dayanaq. Azərbaycan XİN bu məqamı da alqışladığını açıqlayıb.
BMT-nin ədalət instansiyasının qərarındakı maraqlı məqamlardan biri də sənəddə Azərbaycan hökumətinin Laçın yolu vasitəsi ilə insanların və malların sərbəst hərəkətini təmin etmək öhdəliyinin qeyd olunmasıdır. Məsələyə iki aspektdən yanaşmaq mümkündür. Birincisi, BƏM belə bir öhdəlik müəyyənləşdirirsə, deməli, Bakı hərəkətə keçib həmin öhdəliyi səmərəli yerinə yetirmək üçün sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmalıdır. Və deməli, ərazidən minaların, narkotik vasitələrin, əlvan metalların, silahların ötürülməsinin də qarşısı alınmalıdır ki, vaxtilə bu kimi hərəkətlərə yol verən Ermənistan olub. O zaman sual yaranır: İrəvanda məhkəmənin belə yanaşmasını niyə pozitiv qarşılayırlar? Axı, öhdəliyin icrası Qarabağdakı separatçı rejimin, belə demək mümkünsə, mövcudiyyət məhrumiyyəti deməkdir.
Nəzərdə tutduğumuz ikinci məqam da Ermənistanın yuxarıda diqqətə çatdırdığımız və Azərbaycan üzərinə qoyulmuş öhdəliyə, bilavasitə, müsbət münasibətindən qaynaqlanır. Belə görünür, İrəvan siyasiləri BƏM-in mövqeyini dekabrın 12-dək, yəni, Laçın–Xankəndi yolunda azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin keçirdikləri və hələ də davam etməkdə olan aksiyaya qədərki status-kvoya qayıtmaq şansı kimi qiymətləndirirlər. Halbuki, bu perspektiv mümkün deyil.
Deməli, erməni siyasilərin nikbinliyi, yalnız məhkəmə qərarının interpretasiyasının gətirdiyi ötəri sevinc hissidir. Digər tərəfdən, qərar oldu, ya olmadı Laçın yolundan humanitar yüklər onsuz da daşınır. Yəni, prinsip etibarilə Azərbaycana qarşı sözügedən öhdəliyin sərt səslənəcək hansısa predmeti istisnadır.
Bəli, Azərbaycan XİN bildirir ki, ölkəmiz beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək. Şübhəsiz, belə də olmalıdır. O da şübhə doğurmur ki, Bakı İrəvana qarşı hüquqi mübarizəsini bundan sonra da tutarlı arqumentlərlə zənginləşdirəcəkdir. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi hazırda bəzi məqamlara münasibətdə göstərdiyi zəiflikdən daşınıb hüququn sərt sifətini ortaya qoyacaqmı? Bunu isə zaman göstərəcək.
“Xalq qəzeti”nin analitik qrupu

