Haqlı tələblərinin yerinə yetirilməsini təkidlə tələb edən ekofəallar bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyur, şüarlar səsləndirirlər. Dünəndən etirazçıların fəallığı daha da artıb.
Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib. 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunmuşdur. Dəyişikliklərdən biri dekabrın 12-də Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı “Laçın yolunun açılması” idi.
İddia ondan ibarət idi ki, bu aksiya, guya, saxtadır və iştirakçılar Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, Azərbaycan tərəfindən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto və video sübutlar məhkəməyə təqdim edilib. Belə ki, açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib.
Layihələrin qəbul olunması üçün Ermənistan parlamentinin spikeri və xarici işlər nazirinin müavini Avronest Parlament Assambleyasının iştirakçılarına video müraciət ediblər. Azərbaycan nümayəndə heyətinin həm ikitərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri assambleya tərəfindən rədd edilib. Bu fakt bir daha hər kəsin regionda sülh, qanuni yaşayış və inkişafın tərəfində olduğunu göstərir. Avronest PA-da Azərbaycanı Milli Məclisin deputatı Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil etmişdir.
“İrəvanın yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının “blokada” və “gərgin humanitar vəziyyət” yaratdığı barədə iddialarını təkrarlamaqla yoldan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdir. Bu bir daha sübut edir ki, əslində, Laçın yolunda aksiyaların “humanitar vəziyyət” yaratdığı iddialarının heç bir əsası yoxdur. Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir.” Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselbornun bəyanatlarına dair şərhində deyilir.
Qeyd edilir ki, Ermənistan xarici işlər naziri, hər zaman olduğu kimi, sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 70-dən çox humanitar təyinatlı avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan bütün məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.
Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan tərəfi yanvarın 30-da dinləmələr zamanı həmin etiraz aksiyalarının həqiqətən də ekofəallar tərəfindən təşkil olunduğunu, etirazlarda iştirak edən QHT-lərin siyahılarını, müvafiq ekofəalların adlarını, ümumilikdə, etiraz aksiyalarının nə ilə bağlı həyata keçirildiyini, bununla əlaqədar təfsilatlı məlumatı məhkəməyə təqdim etmişdir.
Bununla bağlı bütün foto və videosübutların Azərbaycan tərəfindən məhkəməyə təqdim edildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, həmin dinləmələr də açıq şəraitdə keçirilib, canlı yayımda göstərilib. Yanvarın 30-da Azərbaycan tərəfi məsələ ilə bağlı Ermənistanın mövqeyini təkzib edən sübutları ortaya qoyaraq, məhkəməyə təqdim edib.
Nazir müavini onu da qeyd edib ki, Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan məhkəmə prosesi zamanı təkzib edə bilmədi. O qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

