Hamı Təbrizdən qaçsınmı?

post-img

Bu yazı 2000-ci ildə işıq üzü görüb. Səid Zəncanlının farscadan tərcümə etdiyi məqalədə sanki şəhərin bu günündən söhbət açılır. Güneyli fəalların göndərdiyi həmin yazını oxuculara təqdim edirik.

Təbriz elə bir şəhərdir ki, onun mərkəzində məktəbli uşaqlar acı bibər, corab, sabun və başqa xırdavat sat­maqla həm güzaranlarını keçirir, həm də yay tətillərini başa vururlar. Taksi sürücüləri bu şəhərdə sərnişin tapmaq üçün bütün günü hay-küy salırlar. Təb­rizin yalnız çayxanalarında və avtobus­larında adamları gur görmək olar. Bu şəhərin sürücülərinə və piyadalarına avtomobil hərəkəti qaydaları önəmli deyil, yazılmamış qanunları var Təb­rizin. Bu şəhərdə diriləri dindirmirlər, ancaq ölüləri də asanlıqla başlı-başına buraxmırlar.

Burada iş vaxtı saat 10-dan baş­layır. Süstlük, yorğunluq yağır şəhərin qapı-bacasından. Onu rəssamlıq, teatr, kino, mətbuat və kitab maraqlandırmır. Məmurlar əyri yolları burada öyrənirlər, cibləri dolandan sonra, Tehranda başa çıxır bu ağalar. Tehranın icazəsi olma­dan Təbrizin idarələrində kimsənin su içməyə belə ixtiyarı yoxdur. Bu şəhər­də hər şeyin ömrü ikigünlükdür. Əksər məmur xidmət etdiyi müddətdə heç bir səmərəli iş görmədən tezliklə yerini başqa “əməkdar”a verir. Təbrizdə belə məmurların sürücüsünə və nökərinə də irad tutmaq olmaz. Bura elə şəhər­dir ki, hər şeyi yenidən öyrənməli və hər şeyi sıfırdan başlamalısan.

Müdirləri burada məhkəməyə ça­ğırmırlar. Yalvarmaq, yaltaqlanmaq burda mədəniyyətə çevrilib, sədaqəti, sözü üzə deməyi sevmirlər bizdə. İn­diyə qədər dediklərim üzdə görünən­lərdi. Təbrizin dərinliklərinə varsan, daha dəhşətli, daha kədərli hadisələrlə qarşılaşacaqsan. Bütün bunlar Təbrizi ölülər şəhərinə çevirib, elə bil, ölü tozu səpilib bu şəhərin üzərinə. Təbrizin ölülüyünü nəinki görmək, bəlkə, ayaq­ların altında belə hiss edirsən.

Üzümü sizlərə tutub soruşuram: “Bu ölülər şəhərindən qaçmaqla iş bi­tirmi?” “Ölülərin iyrənc qoxusu dirilərin də nəfəsini kəssinmi? “Görəsən, qaç­maqdan savayı başqa bir çarə yoxdur­mu?” “Niyə Təbriz doğma övladlarınıa yad olub?” Bu sözləri mən Təbrizin sərmayə sahiblərinə və avam camaa­tına söyləmirəm. Təbrizdən qaçan sər­mayə sahibi, pulunu vətəndən daha əziz tutur, onlardan belə şey gözləmək ağılasığmazdır. Heç elə iş olar ki, onlar məmləkətin abadlaşmasını fikirləşsin­lər?

Avam camaat da ki, cəmiyyəti sağ­lamlaşdıra bilməz. Onlar bir qarın çörək tapıb qarınlarını doyura bilsələr, bu özü hünərdir. Təbrizdən bu iki təbəqənin çıxıb getməsi o qədər kədərli deyil, axı dünyanı düzəltmək onlara qalmayıb, onlar yalnız özlərini düşünürlər.

Mənim sözüm qələm sahiblərinə, düşünən beyinlərə, ziyalılara və in­cəsənət xadimlərinədir. Görəsən, bun­lar da qaçmalıdırlarmı? Bunların da arasından sənətlərini, qələmlərini giz­lədib qaçanların sayı az deyil. Etiraz edəndə də deyirlər ki, Təbriz, Azərbay­can yaşayası yer deyil. Beyni düşünən, əlindən iş gələn, “yolların” bağlı oldu­ğunu bildirir. Ayaqları işləyən isə Təbriz yollarının ayaqlar üçün yararlı olmadı­ğını söyləyir. Pulu cibində olan, beyni düşünən hər bir kəs çarəni yad yerlərə qaçmaqda görür. Onlar hünərlərini yad yerlərdə işlətmək, inkişaf etdirmək niy­yətindədirlər. Vicdan əzabı çəkməsin­lər deyə Təbrizin dünyaya “bağlı” oldu­ğunu bəhanə edirlər.

Mən Təbrizin və ümumiyyətlə, Azər­baycanın istedadlarını inkişaf etdirmək üçün sağlam mühitin olmasının vacib­liyini sübut etmək istəmirəm. Hamımız bilirik ki, Tehranın, İsfahanın və başqa yerlərin yolları istedadlar becərib, inki­şaf etdirmək üçün hamardır. Azərbay­canda belə bir hamar yol yoxdur. Təb­rizdə dar düşüncələrin bolluğundan hamının xəbəri var. Hamımız bilirik ki, istedadlar burada inkişaf etmir, buranın mühiti havasızdır.

Hamımız bilirik ki, yuxarıların əl-ayaqlarına dolaşan qanunlar Təb­rizdə, ölkənin digər yerlərinə nisbətən daha yaxşı həyata keçirilir. Əksinə, mil­lətin xeyrinə olan qanunlardan bizdə bir xəbər yoxdur. Biz hamımız bunları görürük, bəziləri də görür və hiss edir. Ancaq vəzifəmiz nədən ibarət olmalı­dır?

Nəyimiz varsa götürüb qaçmaq? Budurmu düşünən beynin, əlində qələm olanın vəzifəsi? Təbrizi qoyub qaçan sərmayə sahibləri, düşünən be­yinlər, sənətçilər və bu təbəqəyə xas olanlar mübarizəyə qadir olmayan, nəf­si zəif insanlardır. Düşünən beyin cə­miyyətin həkimi sayılır. Görəsən, belə bir həkimin vəzifəsi xəstədən qaçmaq­dır, yoxsa onu müalicə etmək? 

Getmək asan bir işdir. Ancaq qalıb xəstə bir cəmiyyətlə mübarizə apar­maq, düşmənin qabağından qaçma­maq hər oğulun işi deyil. Oğul bağlı qapını sındırmağı bacarmalıdır, düz olmayan yolları hamarlamalıdır. Ki­min gücü varsa millətin yolunda əsir­gəməməlidir. Qaçıb özgə yerlərdə özünü nümayiş etdirmək hünər sayıl­mır. Uzaqdan əli odda qızdırmaq yox, odun içinə girmək gərəkdir. Boş-boş bəhanələr gətirmək kişi işi deyil. Yad yerlərə gedib “Azərbaycanın dərdindən ölürük” kimi yalanlarınıza inanmazlar. Siz canınızı mənsub olduğunuz cəmiy­yətdən daha çox istəyirsiniz. Əgər düz deyirsinizsə, onda qaçmaq nəyə la­zımdır? Düşmənin əlindən qaçıb son­ra mübarizə tələb edib və nəzəriyyələr irəli sürmək kimin dərdinə dərmandır? 

Görəsən, bu düşünən beyinlər, sər­mayə sahibləri, işgüzar müdirlər min bir bəhanələrlə Təbrizi atıb yad yer­lərə getməsəydilər, şəhər indiki zəlil halında qalardımı ki? Düzdür, Təbriz nöqsanlıdır, onu aradan qaldırmaq isə avam insanların yox, ziyalıların vəzifə­sidir. Ziyalılar və ümumiyyətlə, sənət adamları incə ruhlu olurlar. Ancaq onlar cəmiyyəti düzəltmək üçün yaranıblar. 

Ziyalı və yaxud incəsənət adamının vəzifəli şəxsdən mərhəmət gözləməsi sadəlöhvlükdür. Bilirik, Azərbaycanda işləmək çətindir, canüzücüdür. Burada hər bir insan öz sümüklərinin sındığı­nın səsini ucadan eşidir. Vətəndə də qalmaq mümkün deyilsə, qaçmaq da düz yol deyil. Gəlin üçüncü yolu – xilas yolunu seçək.

 

Hazırladı:
Rəhman GƏNCƏLİ

Siyasət