Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardımı müstəvisində Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının ortaya qoyduğu sentimentallıq ab-havası, deyəsən, yerini sərt reallıqlara verməkdədir. Daha doğrusu, paşinyançılar sərt reallıqlar qarşısında geri çəkilirlər. Söhbət ölkədəki anti-Türkiyə çağırışlarının “çiçəklənməsindən” gedir.
Əslində, hadisələrin bu məcraya yuvarlanacağı proqnozlaşdırılan idi. Həm də ona görə ki, hələ Paşinyanın yardım “tır”ları Türkiyəyə yola düşəndə Ermənistan cəmiyyətinin bir sıra fəalları və siyasiləri, ümumi şəkildə ifadə etsək, “ən yaxşı türk, ölü türkdür” deyimini və bundan irəli gələn sarsaqlamaları dövriyyəyə buraxmışdılar. Onlar, xüsusən, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya səfəri fonunda böyük ajiotaj yaratmış, öz aləmlərində, İrəvanın “seysmik diplomatiyası”nın fəsadlarını gündəmə gətirmişdilər. Halbuki, ilk baxışdan, bu diplomatiyanın ölkəyə faydalı tərəflərini düşünmək üçün, kifayət qədər, ciddi əsaslar var idi.
Türkiyə ilə münasibətlərin normallaşmasının, Ermənistanın bu ölkə ilə 1993-cü ildən bağlı qalmış sərhədlərinin açılmasının İrəvan üçün iqtisadi mənfəətləri bir yana, siyasi dividendi də yetərincə böyükdür. Bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclas zamanı da gördük.
* * *
İclasda iştirak etmiş ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurası sədrinin müavini xanım Helqa Maria Şmid Paşinyanı yardıma görə xeyli tərifləyərək, bəşəri məqamlara toxundu və həmin məqamları Ermənistan üzərinə, bir növ, interpretasiya etməklə, İrəvanın nüfuzunu qaldırmaq mahiyyəti şübhə doğurmayan fikirlər səsləndirdi. Ölkənin insani obrazını yaratmaq üçün qol çırmamış xanım Şmid çıxışında, eyni zamanda, Ermənistan–Türkiyə yaxınlaşmasının davamlılığı baxımından, birinciyə, eləcə də erməni cəmiyyətinə, müəyyən mənada, pas ötürmüş oldu: “Xüsusilə baş nazir Paşinyana təşəkkürümü ifadə etmək istəyirəm. Bilirəm ki, bir neçə gün bundan əvvəl sizin xarici işlər naziriniz Türkiyədə olmuş və türkiyəli həmkarı ilə görüşmüşdür. Bu faciənin fonunda biz bir-birimizlə işləmək üçün yollar tapa bilərik. Hesab edirəm ki, bu, olduqca vacibdir”.
H.Şmidin fikirləri həm də dolayısı ilə Türkiyənin önəminin vurğulanmasından irəli gələn tezislər idi. Paşinyan iclasdakı münasibəti ilə ATƏT-in xanım baş katibinin, necə deyərlər, ötürməsini “qola” çevirməyi bacardı. Həm mövzuya uyğun sentimentallıq göstərdi, həm də Türkiyə–Ermənistan münasibətlərinin vacibliyini vurğuladı: “Hesab edirəm ki, bu humanitar dialoq, kommunikasiya vasitəsilə konkret siyasi qərarların qəbul olunması üçün imkanlar daha yüksək ola bilər. Xüsusilə, sizin qeyd etdiyiniz kimi nazirimiz Türkiyəyə səfər etmişdir və orada bəzi siyasi xarakterli təşkilati məsələlər qeyd olunmuşdur. Biz bu məsələdə irəliləməyə hazırıq, çünki biz, həqiqətən də, inanırıq ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərimizin açılması təkcə regionda vəziyyət baxımından yox, eyni zamanda, beynəlxalq arenada vəziyyət nöqteyi-nəzərindən də çox müsbət olacaqdır”.
Əlbəttə, bütün bu sayaq pozitiv təqdimatlar real mənzərənin spesifikasına aydınlıq gətirməyə bilər. Yəni, prinsip etibarilə, hazırda Türkiyə-Ermənistan yaxınlığını diktə edən sosial çağırışlar nəzərə çarpmır. Söhbət erməni cəmiyyətində və siyasi istəbleşmentindəki yanaşmalardan gedir. Bu yanaşmalar üçün anti-türk ovqatı və nifrət ritorikası öz aktuallığını qorumaqdadır. Əvvəldə mövcud istiqamətdəki bəzi xarakterik cəhətlərə diqqətə çatdırdıq. İndi bir qədər konkretləşdirək.
Tarixən ermənilərin türk nifrətini körükləyən siyasi qruplaşma rolunda terrorçu “Daşnaksütyun” partiyası çıxış etmişdi. XIX əsrin 70-ci illərinin başlanğıcında yaranmış bu partiya həmin vaxtlar, eləcə də XX əsrin əvvəllərində türklərə qarşı müxtəlif təxribat əməllərinin, bir növ, katalizatoru rolunu oynamışdı. Qurum o dönəmdə türk diplomatlarına qarşı həyata keçirilmiş terror aktlarının da təşkilatçısı olmuşdu.
Sonrakı illərdə dünyadakı anti-türk dairələrin dəstəyi ilə “mövcudiyyətini” qorumuş “Daşnaksütyun”un keçmiş SSRİ-nin dağılmasından sonrakı zaman kəsiyində də aktivliyi nəzərə çarpmışdı. Budur, belə bir təxribatçı ünsürlərin yığnağı olan partiya Ermənistanın Qərbyönümlü hakimiyyət nümayəndələrinin üstün mövqe tutduqları parlamentdə də təmsilçiliyə malikdir və onun üzvləri yenə Türkiyə əleyhinə hədyanlar yağdırmaqlarından qalmırlar.
Baxın, Ermənistanın ali qanunverici orqanının “Daşnaksütyun” partiyasından olan deputatı Qeqam Manukyan bildirir ki, ölkənin mövqelərinin zəifləməsi şəraitində Türkiyə ilə dialoqun başlanması səhv idi. Onun sözlərinə görə, sözügedən dialoq gözlənilməz nəticələrə gətirib çıxara bilər. Hakimiyyət isə “ön şərtsiz danışıqlar” ifadəsini üstün tutur.
Manukyan, eyni zamanda, deyib ki, reallıqda Ermənistan, guya, Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirib, lakin, bu, Ankaraya kifayət etməyib və yeni şərtlər irəli sürüb: “Türkiyə nə tələb edirdi? “Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına dövlət dəstəyinin dayandırılmasını istəyib. Meksika Senatı bu yaxınlarda “erməni soyqırımı”nı tanıdı, bəs nə oldu? Hakim elita, Xarici İşlər Nazirliyi susdu. Səfirliyin məlumatından başqa heç nə yox idi”.
Manukyanın bildirdiyinə görə, N.Paşinyan, faktiki olaraq, Ermənistandakı hissləri türk millətçilərinin anti-erməni əhval-ruhiyyəsi ilə eyniləşdirib. “Anım Günü - 24 aprel, Ermənistanda ənənəvi olaraq soyqırımı zamanı həlak olanların xatirəsinin ehtiramla yad edilməsi hakimiyyətin yüngül əli ilə musiqili lazer şousuna çevrilir”, – deyən daşnak deputat xatırladıb ki, Türkiyənin ikinci tələbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması olub və bu tələb yerinə yetirilib. Həmçinin, hərbi əməliyyatlar zamanı ələ keçirilməyən ərazilərə Azərbaycan qoşunları daxil olub.
Anti-Türkiyə ritorikasına köklənmiş Manukyan onu da bildirib ki, İrəvan Bakının bir şərtini də yerinə yetirərək, Qarabağın statusu və öz müqəddəratını təyinetmə məsələsini təşviq etməkdən daşındı. “Deyirlər ki, iştah diş altındadır. Həqiqətən, Türkiyə göstərilən ilkin şərtləri yerinə yetirməklə kifayətlənməyib və yeni şərtlər irəli sürür. Ankara Zəngəzur dəhlizi, eyni zamanda, Laçın dəhlizi ilə bağlı şərtlər qoyur, Ermənistana qarşı daha sərt ritorika ilə çıxış edir. Vaxtaşırı Ermənistan sərhədləri yaxınlığında Azərbaycan ilə birgə hərbi təlimlər keçirir”, – deyən Manukyanın fikrincə, indiki şəraitdə Türkiyə Ermənistan ilə təzyiq dili ilə danışır və ölkə yeni birtərəfli güzəştlər qazanmaqda israrlıdır.
Sadaladıqlarımız Ermənistandakı anti-Türkiyə ovqatının təzahürlərindən yalnız biridir. Ancaq, bu, kifayət qədər ciddidir. Çünki onun, belə demək mümkünsə, ilhamvericisi, nəinki Ermənistanda, bütövlükdə dünyada Türkiyə əleyhinə baxışları körükləyən bir partiyadır – “Daşnaksütyun”dur. Deməli, Paşinyan, həqiqətən, Ankara ilə normallaşma xətti götürmək istəyirsə, ilk növbədə, daxildəki bu sayaq neqativ meyillərə qarşı real cəbhə açmalıdır. Elə bir cəbhə ki, bu müstəvidəki nəticələr, ümumən, Ermənistan cəmiyyətinin axarını dəyişsin. Yalnız cəmiyyətin axarının dəyişəcəyi və səmimiyyət mühitinin formalaşacağı təqdirdə gerçək normallaşmadan söhbət gedə bilər. Əks halda mövzu imitasiya xarakteri daşıyacaqdır. Elə görünən də budur ki, Paşinyan administrasiyası Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını yalnız imitasiya etməklə məşğuldur. Eynilə Azərbaycan ilə sülh danışıqlarındakı kimi. Nəzərə alaq ki, bu iki məsələ bir-biri ilə sıx bağlıdır və bunu Ermənistan hakimiyyətində bilməmiş deyillər.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”


