Vətən müharibəsindən sonra Ermənistandakı daxili gərginlik sürətlə artmaqda, dövlət və xalq arasındakı uçurum genişlənməkdədir. Terror dövlətindəki daxili böhranın, barışmaz ziddiyyətlərin nəticəsidir ki, erməni yetkililər arasında həbslər və istefalar yaşanmaqda, Ermənistanın hökumət üzvlərinə qarşı sui-qəsd cəhdləri həyata keçirilməkdədir.
Son bir həftə ərzində Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun sabiq komandiri, general-mayor Qriqori Xaçaturovun həbs edilməsi, fevralın 20-də İrəvanda əsgər analarının etiraz aksiyası, fevralın 17-də Ermənistan ordusundakı bir sıra komandirlərin vəzifədən azad olunması terror dövləti daxilindəki gərginlik və qarşıdurmanın hansı səviyyədə olduğunu göstərir.
Rusiyanın son bir ayda bir neçə dəfə anti-Ermənistan bəyanatı səsləndirməsi, terror dövlətinin xarici siyasət platformasında da yeni və kifayət qədər ciddi problemlər “qazandığını” göstərir. Bəs Ermənistanda daxili ictimai-siyasi vəziyyətin belə gərginləşməsinə, dövlətin xalqın, xalqın isə dövlətin qanına susamasına səbəb nədir? Hansı “sehirli əl” Ermənistanı addım-addım yaxınlaşdığı vətəndaş müharibəsi təhlükəsindən xilas edə bilər?
Erməni Ermənistandan başqa hər yerdə xoşbəxtdir
Ermənistanda xalqla hökumət arasındakı dərin uçurumun ən başlıca səbəbi rəsmi İrəvanın rüşvət və korrupsiya siyasəti ilə bağlıdır. Hakimiyyətin qanunsuz yolla daha çox sərvət toplamaq üçün ölkədəki korrupsiyaya “yaşıl işıq” yandırması, vətəndaş hüquqlarının kütləvi şəkildə pozulması, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində heç bir addımın atılmaması, işsizlik və digər problemlər fonunda cinayətkarlığın sürətlə artması Ermənistanı faktiki olaraq vətəndaş müharibəsi həddinə çatdırıb. Hər il minlərlə erməninin Ermənistanı tərk etməsi, Afrikadan tutmuş uzaq Amerikaya qədər ən müxtəlif ölkələrə pənah aparması, terror dövlətindəki daxili vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Məlumat üçün qeyd edək ki, vaxtilə Qarabağda – işğal edilmiş Azərbaycanm ərazilərində məskunlaşan ermənilərin böyük əksəriyyəti 44 günlük Vətən müharibəsindən sonra Ermənistana deyil, xarici ölkələrə üz tutub ki, bu da ermənilərin Ermənistandan başqa hər yerdə özlərini xoşbəxt hiss etdiklərini göstərir. Bu, Ermənistan hakimiyyəti ilə sadə erməni vətəndaş arasındakı ziddiyyətlərin nə qədər dərin və uzlaşmaz olduğunun isbatıdır.
Terror dövlətindəki proseslərin təhlili göstərir ki, hakimiyyətdə təmsil olunan məmurlar öz şəxsi ambisiyaları naminə erməni toplumuna təzyiqi artırdıqca, toplum da öz eyni amansızlıqla hakimiyyətə təzyiq göstərməkdə, onu ifşa etməkdə, zəiflətməkdədir. Əslində, Ermənistanın həm iqtisadi, həm siyasi, həm də digər mənəvi-psixoloji baxımdan xarici qüvvələrdən asılı hala düşməsinin səbəblərindən biri də, onun xalqın dəstəyindən məhrum olmasıdır. Ermənistanda hakimiyyət və xalqın uzlaşmaq, problemlərin həlli üçün bir araya gəlmək üçün heç bir səy göstərməməsi, bu sahədə ən kiçik təşəbbüs belə ortaya qoymaması tərəflərin bir-birinə güzəştə getməyəcək qədər dərindən nifrət bəslədiyini əks etdirir. Bu isə o deməkdir ki, Ermənistanda dövlət cəmiyyəti, cəmiyyətin isə dövləti tükəndirməkdə davam edəcək.
Sülh sazişi və ictimai-siyasi “hannibalizm”
Ermənistandakı ictimai-siyasi, mənəvi-psixoloji “hannibalizmin” qarşısını ala biləcək yeganə amil sülh sazişinin imzalanması, Bakının sülh səylərinin dəstəklənməsidir. Çünki Ermənistandakı daxili gərginliyi alovlandıran ən başlıca amil iqtisadi tənəzzül, sosial sahədəki fəlakətli vəziyyətdir ki, bütün bu problemləri Azərbaycanla sülh sazişini imzalamaqla ortadan qaldırmaq mümkündür. Azərbaycanla normal münasibətlərin qurulması ölkəmizin moderatorluğu ilə gerçəkləşən regional layihələrindən İrəvanın yararlanmasını təmin edə bilər ki, bu da Ermənistan iqtisadiyyatının canlanması baxımından həyati əhəmiyyətə malikdir. Bu, erməni toplumunun da sosial rifahına müsbət mənada əhəmiyyətli təsir göstərə, cəmiyyətdəki qəzəb və nifrəti, ümidsizlik və çarəsizliyi azalda bilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistan üçün bu baxımdan xilas yolu ola bilər. Lakin rəsmi İrəvanın hələ də sülh sazişindən yayınması, Azərbaycana qarşı təxribatlara əl atması, Ermənistan hakimiyyətinin özünün və erməni toplumunun qurtuluşdan uzaq olduğunu göstərir.
Proseslərin gedişatı Ermənistanda hakimiyyət və xalq arasındakı mübarizənin daha da alovlanacağından, tamamilə açıq müstəviyə keçəcəyindən xəbər verir. Bu isə Ermənistan üçün yeni kütləvi həbslər və sui-qəsdlərlə yanaşı, həm də qanlı etiraz aksiyaları, silahlı qarşıdurma və vətəndaş müharibəsi deməkdir.
Seymur ƏLİYEV

