Milli Məclisin Sədri Sahibə Qafarova fevralın 23-də TÜRKPA-nın baş katibi Süreyya Eri qəbul edib.
S.Qafarova bildirib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib, onun fəaliyyətinə daim diqqət və qayğı göstərib. Onun sözlərinə görə, bu, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə öz töhfəsini verir. Qeyd olunub ki, Milli Məclis TÜRKPA-ya üzv ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və ötən dövr ərzində təşkilata üzv parlamentlərarasında əlaqələr daha da inkişaf edib.
Milli Məclisin Sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söhbət açaraq deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir . Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə beynəlxalq marağın getdikcə daha da artdığını deyən Sahibə xanım təşkilata üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsinə imkan verən yaxşı platforma olduğunu diqqətə çatdırıb. O, şəbəkənin 2021-ci ildə Madriddə təsis, ötən il Bakıda keçirilən birinci konfransları, həmçinin Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib. S.Qafarova TÜRKPA-nın həm təsis, həm də birinci konfransın iştirak etməsini yüksək qiymətləndirib.
Milli Məclisin Sədri onu da diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.
Sonra TÜRKPA-nın baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında məlumat verib. O, həmçinin, TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin və Parlament şəbəkəsinin sədri Sahibə Qafarova və TÜRKPA-nın baş katibi Süreyya Er imzalayıblar.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

