“Fevralın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən redaksiyamıza bildirilib.
Qeyd edilib ki, Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi, sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.
Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil.
XİN-in açıqlamasında daha sonra qeyd edilib ki, Münxen danışıqlarında açıq-aydın göstrərildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi, həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü “erməni sakinlərin nümayəndəsi” kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi, erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib.
Lüksemburqlu nazirin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.
“Xalq qəzeti”

