“Azərkosmos” Azərbaycan Respublikası Gənclər Fondu ilə birgə ölkənin gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirib.
Toplantının məqsədi azərbaycanlı gənclərin oktyabrın 2–6-da Bakıda keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Beynəlxalq Astronavtika Konqresinə marağını artırmaq və onları tədbir çərçivəsində keçirilən elm müsabiqəsində fəal iştiraka təşviq etmək olub. Müsabiqə iştirakçılara elmi işlərini və ya məqalələrini kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verir.
Görüşdə 1000-dən artıq fəal gənci öz ətrafında birləşdirən təşkilatlar iştirak edib. Xatırladaq ki, 2-6 oktyabr tarixində Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın kosmik sahəsindəki aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər.
“Xalq qəzeti”

