Lavrov Bakıya hansı “paketlə” gəlir?

post-img

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfərinin Münxen Təhlükəsizlik Konfransından dərhal sonraya, Avropa İttifaqının monotorinq komissiyasının Ermənistanla Azərbaycanın sərhədində fəaliyyətə başlaması ilə üst-üstə düşməsi təsadüfi sayılmamalıdır.

Azərbaycan Respublikası ilə Rusiya Fede­rasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının bir illiyi ilə əlaqədar keçiriləcək görüş səfərin sadə­cə görünən tərəfidir. Bildirdiyimiz kimi, Kremlin Xarici Siyasət İdarəsi rəhbərinin ölkəmizə gə­lişi Azərbaycan, daha dəqiqi desək, ölkəmizin həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsi ilə Ermənis­tanın sərhədində Kremlə qıcıq verən Avropa İttifaqının monotorinq missiyasının fəaliyyətə başlaması ilə üst-üstə düşür. Bu missiyanın Moskvada ciddi etiraz, hətta qəzəb doğurdu­ğu başadüşüləndir. Axı, iki il sərhəddə fəaliy­yət göstərəcək avropalıların məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, bu alınmasa, ən azı, onun bölgəyə təsir imkanlarını xeyli zəiflət­məkdir. Rusiya XİN Ermənistan və Azərbayca­nın sülh sazişi ilə bağlı danışıqlarda Moskvanın vasitəçiliyində maraqlı olduğunu bildirib. Rəsmi Moskva mövcud durumda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazır olduğunu açıqlayıb. Qarabağ­da, eləcə də regionda yaranmış mövcud vəziy­yət ilə bağlı Rusiyanın səylərinin nəyə hesab­landığı məlumdur. 

 

Missiya haranı və necə monitorinq edəcək?

 

Artıq iki gündür fəaliyyətinə start verilən Aİ-nin mülki monitorinq missiyasının görün­məyən tərəfləri kimi, onun tərkibi də kifayət qə­dər maraq doğurur. Aİ-nin okeanın o üzündən də dəstəklənən, bu üzündə “Makron missiyası” adlanan monitorinqinin başlıca məramının Er­mənistanın yanında olmaqdan daha çox, Ru­siyaya qarşı yönəldiyi indi hamıya məlumdur. Bunu Moskvanın baş diplomatı da çox yaxşı bilir və bu vacib məsələnin onun Bakı səfəri­nin gündəliyində əsas mövzu olacağına şü­bhə yoxdur. Bəli, Moskva Cənubi Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün çeşidli üsullar və formatlar, eyni zamanda, İrəvanı cə­zalandırmağın yolunu axtarmaqdadır. 

“Makron missiyası”ndan danışarkən bir vacib məqama diqqət yetirməyə dəyər. Moni­torinqçilərin iki il müddətində hələ demilitasiya olunmamış Azərbaycan–Ermənistan sərhədya­nı zolağında nəyi və haraları müşahidə edəcəyi qeyri-müəyyəndir. Missiyanın tərkibinə alman polisi və fransız jandarmlarının daxil edilməsi isə onların Ermənistana Rusiya və İran qoşun­larının hərəkətini, yerdəyişməsini müşahidə və təhlil etmək bacarığına malik mütəxəssis­lər kimi gətirildiyini deməyə kifayət qədər cid­di əsas verir. Bu amil Moskvanı necə narahat etməsin? Aİ missiyasının iki ildən, Rusiyanın sülhməramlı hərbi kontingentinin Qarabağda fəaliyyət müddətinin isə iki il doqquz aydan sonra başa çatması faktını da nəzərdən qaçır­maq olmaz.

 

Diplomatik uğurumuzun real nəticəsi 

 

Güman edirik ki, Lavrovun Bakı görüşündə toxunmağa məcbur olacağı məsələlərdən biri də Laçın yolunda Azərbaycanın sərhəd-keçid postunun yaradılmasıdır. Münxen Təhlükəsizlik Konfransına qədər də Laçın yolunda Azərbay­canın sərhəd-nəzarət buraxılış məntəqəsinin qurulması barədə məsələ vaxtaşırı gündəmə gətirilirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen forumunda ən yüksək səviyyədə bu məsələni qaldırması, ABŞ və Qərb nümayən­dələrinin təşəbbüsü anlayışla qarşılamaları və bunun məntiqli olması ilə bağlı rəy bildirmələ­ri diplomatik uğurumuz sayılmalıdır. Və bütün bunlar, heç şübhəsiz, Kreml rəsmilərinin, o cümlədən, Sergey Lavrovun diqqətindən yayı­nır. 

Hazırda yaranmış situasiya Azərbaycanın xeyrinədir. Ekofəallarımızın Laçın yolundakı aksiyası gözlədiyimiz məntiqi sonluqla başa çatmalı, burada Respublikamızın sərhəd-nə­zarət məntəqəsi qurulmalıdır. Sərhəddə nə­zarət postunun yaradılması ilə qanunsuz ermə­ni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması problemi avtomatik olaraq öz həllini tapacaq.

Bu, həm bizim təbii haqqımız, həm də bey­nəlxalq hüququn tələblərinə uyğun olaraq, ta­rixi ədalətin bərpasıdır. 

 

 

Rasim MUSABƏYOV, 

Milli Məclisin deputatı, politoloq: 

 

– Məndə olan məlu­mata görə, Lavrovun Ba­kıya səfəri, ilk növbədə, Azərbaycan–Rusiya mü­nasibətlərinin nəzərdən keçirilməsi məqsədini daşıyır. Rusiya ilə bağ­ladığımız müqavilələrə, eləcə də müttəfiqlik və tərəfdaşlıqla bağlı bə­yannaməyə əsasən, belə məsləhətləşmələr hər il keçirilir. Ya Azərbaycanın Xarici işlər naziri Mos-kvaya səfərə gedir, ya da əksinə, Rusiyanın Xarici İşlər Naziri, yaxud onun müavini səviyyəsində Ba­kıya səfərlər təşkil edilir, müzakirələr aparılır. 

Nəzərə alsaq ki, ha­zırda Rusiya dünyada bir növ təklənib və bu mənada Lavrovun rəsmi səfərlərinin coğrafiyası da xeyli məhdudlaşıb, Bakı­ya səfərlə bağlı qərarı özü verib. Təbii ki, aparılan məsləhətləşmələr çər­çivəsində, o cümlədən, Azərbaycan–Ermənistan münasibətlərinin Rusiya­nın vasitəçiliyi ilə nizam­lanması məsələsi mühüm yer tutur. Səfərin proq­ramında digər tədbirlər də yer alır və həmin təd­birlərin birində mənim də iştirakım nəzərdə tutulub. Yəni, Rusiya–Azərbay­can münasibətlərinin təh­lili ilə məşğul olan siyasi ekspertlərin burada birgə toplantısı keçiriləcək. Bu, bizim tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, onlardan isə Ru­siya Xarici İşlər Nazirliyi ilə əlaqəli çalışan anali­tik mərkəzin birgə tədbiri olacaq. Əvvəlcədən plan­laşdırıldığına görə, həmin tədbirdə hər iki ölkənin xarici işlər nazirinin iştira­kı nəzərdə tutulub. Rəsmi məlumatım bu qədərdir, amma onu deyə bilərəm ki, ikitərəfli münasibət­lərə dair gündəlik kifayət qədər genişdir və onların müzakirəsinə ehtiyac var.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət