Nə arxa ehtiyac var, nə cuvara...

post-img

Maraqlı bir atalar sözü var. Deyir “suçıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz”. Deyəsən Şəmkirdə tezliklə bu atalar sözü arxaik sözə çevriləcək. Hiss olunur ki, Azərbaycanın bu ən böyük kənd təsərrüfatı rayonunda suvarmada nə cuvara ehtiyac qalacaq, nə də əziyyət çəkib əllə iş görən digər adamlara. Çünki rayonda bu sahənin inkişafı üçün kompleks iş aparılır, fermerlərə hərtərəfli dəstək göstərilir, onların təklifləri dinlənilir, problemlərinin aradan qaldırılması üçün səmərəli tədbirlər həyata keçirilir.

Bu işdə rayona təkan verən, kənd təsərrüfatının inkişafında xüsusi rolu olan təşkilatlardan biri də "Azərşəkər" MMC-dir. 

İndi qeyd edəcəyimiz faktlar ilk baxış­da quru rəqəmlər təsiri bağışlasa da onların arxasında çox məqsədyönlü işin dayandığını, yuxarıda qeyd etdiyimiz “cu­var”, “arx” söhbətinin təsadüfi olmadığını ortaya çıxarır. Diqqət yetirin, indiyədək bu müəssisənin təsərrüfatlarında 6 kilo­metrdən çox elektrik xətti çəkilib, 16 min kilovoltluq yarımstansiya tikilib, 3 ədəd 1000 kilovoltluq transformatorlar quraş­dırılıb. Eyni zamanda 15,3 kilometr uzun­luğunda su xətti çəkilib, müvafiq olaraq 65, 250, 500 min kubmetrlik su tutarları tikilib.

"Azərşəkər" MMC-nin tərkibində olan təsərrüfatda 758,6 hektar sahədə yeni pi­vot quraşdırılıb. Amma bütövlükdə o cür pivot sahəsi 1430 hektara çatır. Bundan başqa 40 hektar ərazidə damlama, 17,2 hektar sahədə isə sprinkler sistemindən istifadə olunur. Həmçinin pivota ilk dəfə olaraq yeni texnologiya- draqonlayn sis­temi qoşulub ki, pivotu damla suvarma sistemi kimi idarə edir və nəticədə suya qənaət iki dəfə azalır. Sistem suyu birba­şa bitkinin dibinə yönləndirir…Bax, bu­rada cuvar istər-istəməz yada düşür. Bu yaxınlarda rayonların birində cuvarların necə əziyyətlə sahəni suvarmalarının şa­hidi oldum. Üstəlik sahibkar səsini cuva­ra qaldırırdı ki, “toxumu su yuyub apardı”, “cərgənin biri suvarılmadı…” və sair.

İndi pivotaltı sahələrdən yığılmış məhsula baxın. Keçən il 130 hektar əra­zidən 773 tona yaxın buğda, 165,7 hek­tar ərazidən 851,4 ton arpa, 74,9 hektar ərazidən isə 151,8 ton soya məhsulu yı­ğılıb. Məlumat üçün bildirək ki, soya 25 hektar ərazidə damlama sistemi ilə də əkilmiş, həmin ərazilərdən isə 54 min 200 ton məhsul əldə olunub. 

Eyni zamanda 197,95 hektar ərazi­dən 1179,8 ton qarğıdalı, 161,55 hektar ərazidən isə 1326,050 ton çuğundur top­lanıb, 65,2 hektar əraziyə isə yonca əki­lib. 

Amma bu üsulu tətbiq etdikdən sonra çəkilib kənarda dayanmayıblar. Üstəlik, əkilmiş ərazilərdəki bitkilərdə təhlükə­li xəstəliklərin aşkarlanması məqsədilə müəssisənin mütəxəssisləri tərəfindən monitorinq keçirilib. 

Beləcə, ötənilki əkin mövsümündə tətbiq edilən ən son texnologiya, yeni ya­naşma sayəsində yüksək məhsuldarlıq əldə edilib, arpa və buğda sahələrində orta məhsuldarlıq 6 ton olub. 

Bu müəssisənin texnikasına söz ola bilməz. Hərçənd özləri deyir ki, hələ az­dır, bir qədər də modernləşdirəcəyik. Amma təsərrüfatlarda istifadə olunan “Mzuri” texnikası ilk dəfə olaraq “Azər­şəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. 

Bu texnikanın üstün cəhəti dörd pro­sesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxum­ların üstünün basdırılması) eyni anda görməsidir. Sözügedən texnikanın isti­fadəsində məqsəd su ehtiyatına qənaət edilməsi, torpağın münbit qatının qoru­nub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırıl­masıdır.

Eyni zamanda ötən il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Cey­rançöl təsərrüfatında şəkər çuğunduru­nun yığılmasında “Ropa Maus” texnika­sından da istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi yığım sürətinin 2 dəfə artırılmasına və vaxta qənaət edil­məsinə gətirib çıxarıb. “Ropa Maus” tex­nikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir. 

Şəmkirdə adıçəkilən cəmiyyətlə sıx əməkdaşlıq onu göstərir ki, hansı ra­yonda yeniliklərə, müasirliyə “yaşıl işıq” yandırılır, dünyada mövcud qabaqcıl texnologiya uğurla tətbiq edilir, o zaman istənilən nəticəni almaq mümkündür. 

Rayonda müasir suvarma sistemlə­rindən, digər mütərəqqi üsullardan isti­fadə etməklə kənd təsərrüfatında ciddi dönüş yaradılacağına əmindirlər. Bu il cəmiyyət 2000 hektar ərazinin əkilməsini planlaşdır. 2023-cü ildə pivotaltı sahələ­rin 322,6 hektarında buğda, 341,8 hekta­rında arpa, 88,6 hektarında soya, 228,3 hektarında qarğıdalı, 421,6 hektarında isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub.

Şəmkirin respublikada ən qabaqcıl rayonlar sırasına çıxması üçün bütün im­kanlar var. Yəqin ki, rayonda hədəfin bu olması məqsədə çatmağı tezləşdirəcək.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Şəmkir



İqtisadiyyat