Dövlət dəstəyi pambıqçılığa marağı artırır

post-img

2022-ci ildə “MKT İK”, “Azərpambıq”, “P-Aqro”, “Aqro-az”, “Aztəsərrüfat”, “Apeks” və “Taşobası” şirkətlərinin yerli nümayəndələri tərəfindən Sabirabad rayonunda 11697 hektar pambıq əkilmişdir. Əkin sahələrinin böyük əksəriyyəti “MKT İK”-in, “Azərpambıq” və “P-Aqro” məhdud məsuliyyətli cəmiyyətlərin payına düşür. Bunu da qeyd etmək yerinə düşər ki, məhsul bolluğuna nail olmaq üçün sahələrdə “Lodos” , “Bəyaz Altun”, “Ba440” və “Lazer” sortlarının əkilməsinə üstünlük verilmişdir. Pambıq sahələrinin suvarılması da normalara uyğun şəkildə həyata keçirilmişdir. Yığım dövründə sahələrdən 35602 ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Əlbəttə, pambıq yığımında bəzi fermerlərin xüsusi fəallığı işin gedişinə və nəticələrə müsbət şəkildə təsir göstərmişdir.

Əfraz Əsgərov, Xosrof Cəfərov, Fəxrəddin Əsgərov, Fatma Hüseynova, Azər Ba­layev, Aslan Mirəliyev, Vaqif Abbasov, Sərdar Paşəliyev, Mövsüm Nərimanov, Abdulla Cəfərov və Zamin Məmmədov kimi işbilən fermerlər öz əkin sahələrindən 40-50 sentner və bəzi hallarda daha artıq məhsul toplamışlar. Məhz buna görə də bu gün Sabirabadda hər hektar pambıq sahəsindən əldə olunan məhsuldarlığın orta hesabla 30,4 sentneri ötməsi heç kimə təəccüblü görünmür. Elə son iki ilin nəticələri ilə də müqayisə aparmaq olar. 2021-ci ildə hər hektar üzrə orta məhsuldarlıq 29,58 sentner, 2022-ci ildə isə 30,44 sentner təşkil etmişdir. 

Sözsüz ki, nəticələrin uğurlu alınmasında dövlət dəstəyinin müstəsna rolu var. Pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, informasi­ya-kommunikasiya texnologiya­larının imkanlarından geniş isti­fadə edilməsi, müasir suvarma metodlarının geniş tətbiqinin stimullaşdırılması, o cümlədən pivot sistemlərinin tətbiq olun­duğu layihələrin dəstəklənməsi, pambıqçılığın müasir texnika və avadanlıqlarla, keyfiyyətli pesti­sid və gübrə ilə təminatının güc­ləndirilməsi və istehsal olunan hər bir ton pambıq məhsuluna görə 170 manat subsidiyanın ödənilməsi təqdirəlayiq haldır.

Yeri gəlmişkən, tədarük olunan 35602 ton xam pambıq məhsulunun 27843 tonu və ya 78,2 faizi maşınlarla yığılmışdır. Peşəkar pambıqçılar haqlı ola­raq belə hesab edirlər ki, sov­ka ziyanvericisinə qarşı kütləvi mübarizə məqsədilə bioloji üsul növü olan feromon qurğularının geniş istehsala tətbiq edilməsi üçün lazımi materialların təmin edilməsi, fırlanan kimyəvi çilə­yicilərin (OVX tipli) pambıqçı­lıqda geniş istifadəsi (ictimai təsərrüfat dövründə daha çox istifadə olunan bu texnika işdə istifadə zamanı daha yüksək nəticə göstərməklə ideal xidmət vasitəsi sayılır), zərif mahlıclı az istiliktutumlu, tezyetişən mil­li sortların yaradılması və fer­merlərin istifadəsinə verilməsi məhsuldarlığı daha da artırmaq üçün ətraflı imkanlar yaradar və bu barədə düşünməyin, düzgün nəticə çıxarmağın vaxtı çoxdan çatıb. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 



İqtisadiyyat