Qışda tarlaları nəfəsi ilə isidənlər...

post-img

İndi qışın oğlan çağıdır. Tarla və plantasiyalar bəzi yerlərdə bəmbəyaz qarla örtülüb. Amma ilin bu çağında da fermerlər bekar qalmırlar. Kimi əkin sahələrinə gübrə daşıtdırır, kimi meyvə ağaclarında calaq aparır, təmirçilər isə texnikanı yaz-tarla işlərinə hazırlayırlar. 

Azərbaycan torpağı barlı, bəhrəli, bərəkətlidir. Ölkəmizin ucsuz-bucaqsız taxıl zəmilərində, alma, üzüm, sitrus bağlarında, tərəvəz sahələrində çalı­şanlar bilirlər ki, bu torpaq heç vaxt ha­lal əməyi itirməyib, əkin-biçin adamının zəhmətini özünə birə-beş qaytarıb. 

Torpaqda izi olanın süfrədə payı olur, – deyirlər. Bu gün kənddə sadə torpaq pay mülkiyyətçilərindən tutmuş böyük fermer təsərrüfatlarınının rəh­bərlərinə qədər hər kəs torpağın “dili”ni tapıb daha çox və keyfiyyətli məhsul əldə etməyə çalışır. İnsafən, Azərbay­can kəndinin və kəndlisinin uğurları ilbəil artır. 

Artıq yola saldığımız 2022-ci təsər­rüfat ili bütövlükdə aqrar sahədə çalı­şanlar üçün uğurlu olub. Demək olar ki, kənd təsərrüfatı məhsulları istehsalının bütün sahələrində artım müşahidə olu­nub. Bu, ona dəlalət edir ki, bölgələri­mizdə əhalinin rifahı daha da yaxşıla­şıb. 

Azərbaycan dövləti qeyri-neft sek­torunun sürətli inkişafına böyük önəm verir. Milli Məclisin Aqrar siyasət ko­mitəsinin sədri Tahir Rzayev dedi ki, möhtərəm Prezidentin rəhbərliyi ilə bu istiqamətdə davamlı və perspektivli iş­lər görülür. Məqsəd ölkədə ərzaq təh­lükəsizliyinin daha da gücləndirilməsi və kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına nail olmaq­dır. 

T.Rzayev bildirdi ki, bu gün ölkə­mizdə rəqabətqabiliyyətli kənd təsər­rüfatı məhsullarının istehsalı və emalı sənayesi formalaşdırılır. Reallıq budur ki, Azərbaycanda aqrar sektor keyfiy­yətcə daha yüksək səviyyəyə yüksə­lir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda aqrar sahədə innova­siyaların tətbiqi ilə bağlı uğurlu təcrü­bələr yaranıb. Dövlət və özəl sektorun vəsaitləri hesabına “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunub.

Təqdirəlayiq haldır ki, ölkəmizdə “elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tətbiq edilməsinə başlanılıb, artıq 2020-ci ildən başlaya­raq bitkiçilik və heyvandarlıq sahəsin­də fermerlərə subsidiyaların alternativsiz olaraq EKTİS vasitəsilə verilməsi təmin edilib. Bu da öz növbəsində sub­sidiyaların verilməsində şəffaflığın yük­səlməsinə səbəb olub. 

Əməkdar kənd təsərrüfatı işçisi Ba­bakişi Quliyev bizimlə söhbətində belə bir fikri dönə-dönə vurğuladı ki, aq­rar sahə dövlətin diqqət və qayğısına ehtiyacı olan sahədir. Yaxşı haldır ki, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçıları daim dövlət qayğısı ilə əhatə olununlar. 

Bütün bunlar öz müsbət nəticələrini verir. Konkret misallar çəkməyə lüzum görürəm. Buyurun, son 10 il ərzində ölkədə kənd təsərrüfatı məhsulları is­tehsalı 46,8 faiz (o cümlədən bitkiçilik məhsulları istehsalı 53,0 faiz, heyvan­darlıq məhsulları istehsalı 42,5 faiz) ar­tıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqri­bən 26,9 faiz yüksəlib.

Bu gün ölkəmizdə əhalinin ərzaq­lıq buğda ilə təmin olunması strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli fərmanına əsasən yeni dövlət dəstəyi mexanizminin yaradıl­masına başlanılıb.

Əhalinin ərzaq təhlükəsizliyini güc­ləndirmək məqsədilə ölkəmizdə bü­tün lazımlı tədbirlər görülmüşdür və bundan sonra da görüləcək. Diqqət yetirin. Son bir ildə buğda əkinlərinin sahəsi 7,8 faiz artırılıb. Azərbaycanda 2022-2023-cü təsərrüfat ilində 1 mil­yon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi əvvəlki təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxalıb.

Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa, 160 hektarını çovdar əkinləri təş­ki edir. Bundan əlavə, ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb. 

Azərbaycanın 60-dan artıq rayo­nunda taxıl əkinləri aparılır. Payızlıq taxıl əkinləri ölkəmizin ümumi əkin ba­lansının 60 faizə yaxınını təşkil edir. Qeyd edək ki, yazlıq dənli və dənli pax­lalı bitkilərin əkininə isə mart ayından start veriləcək.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı baxımın­dan da yeni imkanlar yaradılıb. Ötən mövsümdə artıq 50 min hektardan ar­tıq sahələr əkinə cəlb edilib. Həmçinin Kəlbəcər və Laçın rayonlarının yaylaq­larına pilot təcrübə kimi arı ailələri, qo­yunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Zəngilan rayonunda 5 hektar sahədə Azərbaycan–Türkiyə Qardaşlıq bağı salınıb, həmçinin Zən­gilan rayonunun Ağalı kəndində “Dost Aqropark” fəaliyyətə başlayıb.

Azərbaycanda aqrar sektorun po­tensialı böyükdür. Bu imkanları reallığa çevirmək üçün bu sahədə çalışanlar­dan gərgin səylər, səriştə və fədakar­lıq tələb olunur. İnanmaq istərdik ki, Azərbaycan kəndi zamanın çağırışla­rına adekvat olaraq inkişaf və tərəqqi edəcək. 

P.S. Yazının əvvəlində qeyd et­mişdik ki, bu günlərdə tarla və plantasiyalarımız qara bürünüb. Re­daksiyamızda təcrübə keçən Leyla Hadiyeva adlı istedadlı tələbə-jurna­list təsadüfən bu qeydləri oxuyan­da soruşdu ki, bəs orada meyvə və sitrus ağacları, çay və moruq kolları üşümür ki? Cavab verdim ki, fermer­lər onları öz isti nəfəsləri ilə qızdırır­lar. Leyla şəhərli qızıdır, sözlərimə inandı və gülümsəyib dedi ki, bu, onun bu vaxta qədər ağlına gəlmə­mişdi...

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”





İqtisadiyyat