“Dağları aşmağa” maneə, yaxud ətlik heyvanı niyə kökəldirlər?

post-img

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunmuş "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusundakı plenar iclasdan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Ümumən, dövlətimizin başçısının həm həmin müsahibədə, həm də plenar iclasda söylədiklərinin hər biri özlüyündə ayrıca üzərində dayanılmalı olan mövzudur və istər Azərbaycan mediası, istərsə də Ermənistanın jurnalistləri, siyasi müşahidəçiləri və ekspertləri məsələyə kifayət qədər geniş yer ayırırlar.  


Cənab İlham Əliyevin toxunduğu bir məqama söykənərək, Azərbaycan-Ermənistan normallaşmasına diqqət yetirməyi düşünürük. Bəri başdan bildirək ki, söhbət səmimiyyətdən gedir. O səmimiyyətdən ki, Azərbaycan Prezidentinin məsələyə ciddi önəm verməsi, ölkəmizin apardığı beynəlxalq siyasətin vacib seqmentini təşkil etməkdədir, habelə, dövlət başçımızın xarakterinin müstəsna göstəricisi olaraq diqqət çəkməkdədir. 


Bəli, səmimiyyət yoxdursa, deməli, münasibətlərdə problemlər qalmaqdadır və qalacaqdır. Hətta ən sərt siyasi ritorika da, ziddiyyətin özü də oyun qaydaları gözlənilirsə, səmimi təsir bağışlaya bilər. Ermənistanın baş naziri Nikol Paşinyan isə Münxendəki çıxışında göstərdi ki, onun üçün oyun qaydaları tipik erməni xəstəliyindəki bəsitlikdən o yana keçmir. İllər Nikolu ağıllandırmır, amma kökəldir. Nəzərə alaq ki, bütün ətlik heyvanları da kəsməzdən öncə kökəldirlər...

Dövlətimizin başçısı müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgədə vəziyyətin tamamilə dəyişdiyini, yeni reallıqların formalaşdığını, ölkəmizin bu durumdakı mövqeyini  daha da gücləndirməyə çalışdığını bildirdi. Onu da əlavə etdi ki, panel müzakirə bəzilərinin bu reallıqlar ilə barışmaq istəmədiyini ortaya çıxardı. “Amma məcbur olub barışacaqlar”, - deyən dövlətimizin başçısı bölgəmizdə gedən proseslərin yeni yanaşmalar tələb etdiyini vurğuladı. 


Azərbaycan Prezidentinin nəzərindəki yeni yanaşmalara olan tələbatın nəticəsidir ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər qurum Cənubi Qafqazda, obrazlı desək, dağları aşmağın vacibliyini qabardır. Deməli, dağları, yəni problemləri aşmaq, regionda təhlükəsizlik mühitini formalaşdırmaq, qlobal dünyanın regional prioritetidir. 


Başqa bir tərəfdən, hazırkı situasiyada dağ olmaq lazım deyil. Çünki onu aşmaq üçün göstərilən səylər beynəlxalq səfərbərliyi təmin edən ciddi faktordur. Yəni, beynəlxalq birlik Ermənistanın timsalında bölgədə normal əməkdaşlıq mühitinin qərarlaşmasına maneçilik törədən dağ aşmağın vacibliyini qəbul edir. Həm də ona görə ki, məsələdə böyük haqq var. Prezident İlham Əliyevin müsahibəsində söylədiyi kimi: “Biz haqqın-ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır. Bunu mən müharibədən əvvəl demişəm. Bunu təkcə mən yox, bütün dünya nəinki deyir, görür. O ki qaldı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına, yenə burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu, tezliklə baş versin. Ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaq”. 
***
Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan panel iclasdakı çıxışı ilə göstərdi ki, ölkəsi Cənubi Qafqazdakı dağların aşılmasına maneçilik törədir və demək ki, təhlükəsizliyə zərər vurur. Məsələnin təfərrüatlarına varmazdan əvvəl Azərbaycan Prezidentinin iclasdan sonrakı müsahibədə səsləndirdiyi fikirləri diqqətə çatdıraq: “Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərindən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi.


Cənab İlham Əliyev müsahibəsində həqiqətləri gizlətməyin, yaxud da ki, reallığı təhrif etməyin mümkünsüzlüyü üzərinə gəlir. “Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik”.
Amma N.Paşinyan ya Azərbaycanın nə istədiyini anlamır, yaxud anlamaq istəmir. İkinci variant daha uyğundur. Elə buna görə dövlətimizin başçısı səmimiyyət məsələsini qabardır. Cənab İlham Əliyev, əslində, bildirir ki, erməni baş nazirin panel iclasda səsləndirdikləri qeyri-ciddidir və manipulyativ məram daşıyır. 


Diqqət yetirək: Paşinyanın çıxışı konkret şablon əsasındadır. Yada salaq ki, panel iclasdakı birinci sual Ukraynadakı durumun Cənubi Qafqaz ölkələrinə təsiri ilə bağlı idi. Rusiya-Ukrayna müharibəsinin bölgədə risklər yaratdığını deyən Nikol “beynəlxalq birliyin diqqətinin bizim region üzərində də saxlanılması çox vacibdir, çünki fikrimcə, burada idarə olunmalı çoxlu risklər var” şəklində fikir bildirir və bunun ardınca: “Biz demokratik islahatlar gündəliyimizə sadiq qalmışıq. Çünki biz demokratik islahatların, demokratik təsisatların inkişafının, qanunun aliliyinin, insan haqlarının, müstəqil məhkəmə sisteminin və sair məsələlərin regionumuzda ümumi vəziyyəti daha da yaxşılaşdıracağına inanırıq. Hesab edirəm ki, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirsək, bu, bütün region üçün faydalı olar”, – deyir.


Məlumdur ki, bölgədə riskli duruma səbəb Ermənistandır. Paşinyan isə ortaya demokratiya şablonlarını atmaqla, ölkəsinin hər cür qeyri-adekvat davranışa rəğmən, qorunmalı olduğunu sırf bəşəri norma və prinsiplər kontekstində izah etməyə çalışır. Başqa sözlə desək, Nikolun fikrincə, risklər Ermənistan demokratiyasını yox edə bilər. Nəzərə alaq ki, dünya Rusiyanın Ukraynaya hücumunu işğal olaraq dəyərləndirir. Daha konkret desək, avtoritarizmin demokratiya üzərinə hücumu kimi. Paşinyan da eyni məntiqi Cənubi Qafqaza gətirmək niyyəti güdür. 


Yada salaq ki, Nikol 44 günlük müharibəni də məhz bu düşüncəsi ilə başlamışdı. Özünü, belə demək mümkünsə, demokratiyanın qladiatoru sayan Paşinyan hesab etmişdi ki, “Qarabağ Ermənistandır” dedikdə, beynəlxalq ictimaiyyət onun müharibə məntiqini anlayacaq və Azərbaycana qarşı çıxacaqdır. Beləliklə, işğal altındakı Azərbaycan ərazilərinin Ermənistan torpağı kimi rəsmiləşməsi baş verəcəkdir. Lakin erməni baş nazirin istəkləri alınmadı. Görünür, Paşinyan keçmişin dərslərindən nəticə çıxarmır və yenə eyni “ampluadadır”. Onun səmimiyyətdən uzaqlığının birinci bariz göstəricisi budur.


N.Paşinyanın Münxendəki qeyri-səmimi davranışının ikinci motivinə diqqət yetirək. Erməni baş nazir Laçın-Xankəndi yolunun Qarabağ erməniləri üçün “humanitar fəlakət” məntiqini qabardır. Halbuki əgər, bölgədə dayanıqlı sülh şəraitini istəyirsə, bundan uzaq durmalıdır. Ən azından ona görə ki, Laçın-Xankəndi yolu suveren Azərbaycan ərazisidir və oradakı aksiyaya fokuslanıb beynəlxalq risk faktoru baxımından Qarabağ erməniləri üçün humanitar fəlakət məsələsini gündəmə gətirməyin özü aşkar spekulyasiyadır və səmimiyyətdən çox-çox uzaqdır. Belə olan halda Azərbaycan Prezidentinin işğal dövrünü xatırlaması və erməni vandalizmini diqqətə çatdırması şərtdir. Xüsusən, dini abidələrimizə, mədəni miras nümunələrimizə münasibətdəki erməni vandalizmini. 


Bəli, Azərbaycan Prezidentinin Münxendə 44 günlük Vətən müharibəsinin ayrıntılarına diqqət yetirməsi, o cümlədən, Azərbaycan Ordusunun güc hesabına beynəlxalq ədaləti bərpa etdiyini vurğulaması mütləq əhəmiyyət daşıyırdı. Birincisi, bu, erməni cəmiyyətinin və Ermənistan siyasətinin anladığı dildir. İkincisi, müharibədən sonrakı durum göstərdi ki, rəsmi İravan tipik erməni xəstəliyindən uzaqlaşmaq niyyətində deyil. Üçüncüsü isə Münxendəki panel iclasda ənənəvi anti-Azərbaycan ritorikasını ilk işə salan, yəni Laçın yolu məsələsini ölkəmizin qəbul etmədiyi humanitar fəlakət olaraq qabardan, məhz, Paşinyan oldu. 


Bu səmimiyyətsizliyi görən cənab İlham Əliyevin sərt ritorikaya üstünlük verməsi, İrəvanın kapitulyasiya reallığını xatırlatması tam yerinə düşürdü. Ancaq göründüyü kimi, dövlətimizin başçısı panel iclasın ikinci sualına cavabında diskussiyanın gedişini sərtlikdən uzaqlaşdırmaq üçün şans da verdi: “Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Ona görə də biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, biz gələcəyə və bu günə baxsaq, sessiyadan əvvəl müzakirə etdiyimiz kimi, bu gün tarixi gündür. Çünki ilk dəfədir ki, müstəqil dövlətlərin 3 lideri bir araya gəlib  – sovet dövründə belə hallar olub, – biz bu fürsəti əldən verməməliyik”.
***
Ancaq Paşinyan Prezident İlham Əliyevin jest kimi səslənmiş fikrindən də nəticə çıxarmadı. O, dövlətimizin başçısının söylədiklərindən bir detalı tutaraq, daha böyük spekulyasiyaya baş vurdu. Elə ab-hava yaratdı ki, sanki, Azərbaycan münaqişəyə dini zəmin vermək istəyir. “Kənardan təəssürat yaranır ki, Azərbaycan özünü qisas siyasətini rəhbər tutmuş bir ölkə kimi göstərmək istəyir. Ola bilər ki, elə budur Azərbaycanın yürütdüyü siyasət”,– deyən Nikolun öz aləmində Bakını işğalçı kimi təqdim etmək cəhdi də, ardınca yenə ölkəsində demokratik seçki məntiqinə söykənməsi də aşkar spekulyasiyadır, böyük qeyri-səmimilikdir. 


İzah edək nəyə görə? Məlumdur ki, dünyadakı bəzi anti-Azərbaycançı qüvvələr, ermənipərəst dairələr, onların ölkəmizdəki əlaltıları demokratik dəyərlərlə imitasiya yolu tutur, ölkəmizdə, guya, şəffaf və ədalətli seçkilərin keçirilmədiyini vurğulayır və bütün bunları Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Paşinyan da açıq formada bildirməsə də, dünyanın bu “tərzi” üzərinə oyun oynayır. Diqqəti öz ölkəsindəki seçki reallığına yönəltmək ilə, Ermənistan-Azərbaycan gərginliyindəki əsl motivlərdən uzaqlaşır. Çalışır ki, beynəlxalq ictimaiyyət Qarabağ məsələsində ənənəvi anti-Azərbaycançı baxışlarla “silahlansın”. Əlbəttə, bu niyyət, yumşaq yanaşsaq, səmimiyyətdən tam uzaqdır...


Bir halda ki, Ermənistanın baş naziri Cənubi Qafqazda sülh gündəliyi müstəvisində səmimiyyətdən uzaq davranır, “Dağlıq Qarabağ erməniləri sovet dövrünün borcunu ödəməməlidir” kimi yersiz düşüncəyə, ucuz populizmə yol verib əsl həqiqətlərdən uzaqlaşırsa, o zaman ona müstəqillik dövrünü xatırlatmaq ehtiyacı yaranır.  Prezident ­İlham Əliyev də xatırladır və dövlətimizin başçısının söylədikləri həm də sülh danışıqları ilə imitasiyalara meydan verilməyəcəyinə dair xəbərdarlıqdır: “O ki qaldı, sülh danışıqlarına biz bu mövqeyi başa düşə bilərik, lakin bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin, Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi”. 


Bəli, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusundakı plenar iclas Qərbin Cənubi Qafqaza “Qafqazın benilüksü” kimi yanaşmaq məntiqinə söykənmiş ideyasının gerçəkləşməsinə olan marağının təzahürü idi. Hazırkı mənzərə isə budur ki, Ermənistan rəhbərliyi özünün səfeh avantürizmindən irəli gələn qeyri-səmimi davranışı ilə bu mənzərənin formalaşmasına qarşıdır. Bu, baş nazir postunda çox kökəlmiş Nikol Paşinyanın yeni düzənə müqavimət nümayişidir. Yəni, obrazlı desək, kökəlmiş heyvan kəsilmək perspektivinə doğru inamla addımlamaqdadır. Buna “inamla addımlamaq” demək mümkündürsə...


Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

Siyasət