Azərbaycan–Aİ münasibətləri strateji tərəfdaşlığa əsaslanır

post-img

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən ikitərəfli görüşlərdə, o cümlədən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə söhbətində ölkəmizin beynəlxalq aləmdə hökm sürən geosiyasi şəraitdə səmərəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Dövlətimizin başçısı “dəyirmi masa”da isə ötən il Azərbaycanın qaz təchizatının artırılmasını qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə kimi dəyərləndirib. Ölkə rəhbəri, eyni zamanda, orta və uzunmüddətli perspektivdəki hədəfin isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsi olduğunu deyib. 


“Dəyirmi masa”da 2022-ci il Bakıda Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı xatırladılaraq ölkəmizlə bu beynəlxalq təşkilatın enerji sahəsində əməkdaşlığının adıçəkilən sənədə uyğun olaraq bundan sonra da genişləndiriləcəyi diqqətə çatdırılıb. 
Azərbaycanla Aİ arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rol oynadığını söyləyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb: “Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi “yaşıl enerji”nin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq”-deyə, Prezident İlham Əliyev qeyd edib. 
Yeri gəlmişkən, burada Azərbaycan-Aİ əməkdaşlığı ilə bağlı bir qədər ətraflı fikir bildirmək istərdik. Əvvəlcə xatırladaq ki, Aİ ölkələri respublikamızın əsas xarici ticarət tərəfdaşıdır. Bu nüfuzlu beynəlxalq qurumla Azərbaycan arasında əmtəə dövriyyəsinin rekord səviyyəyə yüksəlməsi də bunun bariz ifadəsidir. Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko özünün “Facebook” səhifəsində bildirir: “Bu yaxında son statistikanı əldə etdim: Azərbaycanın xarici ticarətinin 52 faizi, ixracın isə 65,6 faizi Aİ bazarının payına düşür. Bu, tarix boyu ən yüksək göstəricidir”. 

Azərbaycanın Aİ ilə əməkdaş-lığında təbii qaz ixracı xüsusi yer tutur. Bunu statistik göstəricilər də təsdiqləyir. Belə ki, 2021-ci ildə ölkəmizin bu təşkilatın bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edib. Ötən il isə həmin rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə qaz ixracının ən azı 11,6 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulub. 
Onu da qeyd edək ki, Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığın 20 ilə yaxın bir tarixi var. Bu müddət ərzində Anlaşma Memorandumu və Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bütün bunlar Avropanın enerji xəritəsini tamamilə dəyişib. Neft hasilatı ilə başlanan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin tikintisi, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə davam edib. 
Artıq Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bütün bunlar Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunun bariz ifadəsidir.
Bu sahədə tərəflər arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələri mühüm önəm daşıyır. Qeyd edildiyi kimi, Azərbaycan –Aİ münasibətlərində bir çox sahələri əhatə edən, o cümlədən neft-qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni və digər məsələləri nəzərdə tutan səmərəli enerji dialoqu mövcuddur. Ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində olan böyük potensial Aİ tərəfindən yüksək dəyərləndirilir. 

 

 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeyi getdikcə möhkəmlənir, respublikamız ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunur. Bununla yanaşı, dünyada maliyyə böhranının, Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda respublikamızın davamlı iqtisadi inkişafı, ölkədə quruculuq işlərinin vüsət alması qabarıq nəzərə çarpır. Bütün bunlar isə Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Belə şərait dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq respublikamızın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini şərtləndirir. 
Azərbaycan hazırda beynəlxalq təşkilatlar, o cümlədən BMT, Aİ, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir. Bu sırada Aİ ilə münasibətlər xüsusilə diqqət çəkir. Bu, dövlətimizin başçısı ilə Aİ Şurasının prezidenti Şarl Mişel arasında konstruktiv münasibətlərin, qarşılıqlı səfərlər və yüksək səviyyəli dialoqun, sıx əməkdaşlığın məntiqi nəticəsidir. 
Respublikamızın Aİ ilə əmək-daşlığında son bir neçə il ərzində bərpaolunan enerji layihələrinin reallaşdırılması xüsusi yer tutub. Hazırda külək və günəş enerjisindən istifadə edilməsi üçün investisiya qoyuluşu prosesinə başlanıb. Təkcə Qarabağ və Şərqi Zəngəzurun azad olunan ərazilərində günəş və külək enerjisinin potensialının 9200 meqavat olması müəyyənləşdirilib. Xəzər dənizinin də külək enerjisi üzrə yüksək potensialı nəzərə alınaraq, yaxın gələcəkdə Azərbaycanda çoxlu sayda bərpaolunan enerji mənbələrinin yaradılacağı proqnozlaşdırılıb. Eyni zamanda, Xəzər dənizində qarşıdakı dövrdə istifadəyə veriləcək yeni qaz yataqlarının da mövcudluğu “mavi yanacağ”ın genişhəcmli ixracı üçün aydın təsəvvür yaradıb. 
Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun növbəti təzahürü olmaqla yanaşı, bu təşkilatla münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi xüsusi önəm daşıyır. Çünki Anlaşma Memorandumunda Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması nəzərdə tutulur. Memorandum vasitəsilə Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Bununla da Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə ciddi töhfə verəcəyi proqnozlaşdırılır. 
Bütün  bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyənləşdirilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da genişlənməsinə müsbət təsir göstərib.


Vaqif BAYRAMOV, 
“Xalq qəzeti” 





Siyasət