İraq Kürdüstanı ilə əməkdaşlıq regionda sülhə kömək edəcək

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürdüstanının başçısı Neçirvan Bərzanı ilə də danışıqlar aparması diqqətdən yayınmadı. Dövlətimizin başçısı Azərbaycan, Türkiyə və İraq Kürdüstanının üçtərəfli əməkdaşlıq formatı yaratmasının mümkünlüyünə toxundu. Elə N.Bərzani də Azərbaycanla tarixi və mədəni bağlarının olduğunu, regionun Türkiyə ilə sıx əməkdaşlıq etdiyini və bu kontekstdə bir sıra layihələri müzakirə etməyin mümkünlüyü üzərində dayandı. 


Məsələ bundadır ki, İraq Kürdüstanı ilə qardaş Türkiyənin də geniş əməkdaşlığı mövcuddur, əsasən də ticarət-iqtisadi və enerji sahələrində. Bundan əlavə, qarşılıqlı əlaqələr sərhədlərin təhlükəsizliyi və digər sahələri də əhatə edir. Bu ilin yanvarında N.Bərzaninin Türkiyəyə səfəri zamanı İraq və Suriyada İŞİD-ə qarşı mübarizə, Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdu. 


Türkiyə ilə İraq Kürdüstanı arasında əlaqələri şərtləndirən cəhətlərdən biri də Türkiyə əhalinin 13 faizinin (11 milyon nəfər) kürdlərdən ibarət olmasıdır. Amma digər qonşu ölkələrdə, İranda və Ermənistanda da kürdlər yaşayır. Ermənistanda onlar – yezidi kürdlər azlıq təşkil edən xalqdır, sayları cəmi 30 mindir. Bununla belə, tamamilə monoetnik ölkə yaratmaq iddiasında olan ermənilər daim milli azlıqların, o cümlədən yezidlərin hüquqlarını pozmuş, onlara qarşı diskriminasiya siyasəti aparmışlar.  


Ermənistanda kürd əhalisi də daim diskriminasiyaya məruz qalmış, alçaldılmış, təhqir olunmuşdur. Onların orduda hərbi xidmətə çağırılmış gənclərinə qarşı həmişə qəddar davranılmış, təhqirə məuz qalmış, bir çoxları heç bir günahı olmadan güllənərək öldürülmüşdür. Yezidlərin hüquqlarının pozulması ilə bağlı beynəlxalq aləmdə aparıcı insan haqları təşkilatları tərəfindən, eləcə də, BMT səviyyəsində etirazlar bildirilmişdir. Hətta ABŞ Dövlət Departamentinin 2020-ci ilin iyulunda yaydığı “Dini azadlıqlar haqqında beynəlxalq hesabat”da Ermənistanda dini azlıqların böyük problem ilə qarşılaşdıqları bəyan edilmişdir. 


Bütün bunlar, sözsüz ki, bu gün Azərbaycan, Türkiyə və İraq Kürdüstanı arasında münasibətlərin genişləndirilməsini tələb edir. Hesab edirik ki, bu, son illərdə münaqişə və müharibələrdən təngə gəlmiş regionda sülh və ticarət-iqtisadi əməkdaşlıq yaradılmasını istəyən qüvvələrin də marağına cavab verir. Hər halda İraq Kürdüstanı və Azərbaycan neft-qazla zəngin ölkələrdir və bu məhsullar ilə Avropada böyük ehtiyac var. Hər iki ölkədən Türkiyədən keçməklə Qərb istiqamətində kəmərlər çıxır. 


İraqın bu bölgəsi ilə əməkdaşlıq, eyni zamanda, beynəlxalq ictimaiyyətə özünü məzlum xalq kimi təqdim etməyə çalışan, əslində isə milli və dini azlıqların qənimi olan Ermənistanın əsl simasının açılmasına da şərait yaradır. 

 

Əhməd ƏLİLİ,
politoloq

Kürd məsələsi Yaxın Şərq siyasətinin ortada olan “fillərindən” biridir. Yaxın Şərq məsələlərindən danışıb İraq kürdlərini kənarda qoymaq çətin məsələdir. Ona görə də Yaxın Şərqdə baş verən proseslərdə bu kart həmişə ortaya çıxır. 


İndiki şəraitdə Yaxın Şərqdə, xüsusilə də İran-Azərbaycan, İran-Türkiyə münasibətlərində meydana çıxan bir sıra məqamlar, yeni tendensiyalar tələb edir ki, Yaxın Şərqdə ortada olan “fil elementi” – kürd kartı ilə münasibətlərin necə qurulduğunu mütləq müəyyən etmək lazımdır. Əgər Azərbaycan və Türkiyə bu istiqamətdə müəyyən bir effektiv əlaqə qura bilmirsə, bu, artıq hər iki ölkəyə qarşı istifadə oluna bilər. Ona görə də Azərbaycan Türkiyə ilə birgə strategiya ortaya qoyur. Yəni Azərbaycan və Türkiyənin bu istiqamətdə birgə işlədiyini görə bilirik. 
Bu, İraq kontekstində nəzərdən keçirilməli olan məsələdir. Xüsusilə bir neçə istiqaməti nəzərə almalıyıq. Məsələn, İraq türkmənlərindən Azərbaycana istifadəyə cəhd olundu. İstədilər ki, 2020-ci ilin Qarabağ müharibəsi zamanı İraq türkmənlərindən və kürdlərdən Azərbaycana qarşı istifadə olunsun. Amma bu plan puç oldu. Bundan sonra Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı nəticəsində bu istiqamətdə bir sıra məqamların neytrallaşdırıla biləcəyini ehtimal edə bilərik. 


Hazırda İranda baş verən proseslərdən hiss olunur ki, İran özü görünmədən Azərbaycana qarşı addımlar ata bilər ki, bu da İran türklərinin hərəkəti  kimi təqdim oluna bilər. Ona görə də bu istiqamətdə fəaliyyətin qurulması üçün Bakı və Ankara yenidən İraq kürdləri ilə münasibətlərin genişlənməsinə çalışırlar. Məsələ ondan ibarətdir ki, Türkiyədə olan PKK və digər terror təşkilatlarından fərqli olaraq, İraq kürdləri ilə Ankara bir-biri ilə əvvəlki illərdə daha mülayim yol tapa biliblər. Ona görə hesab edirəm ki, indiki şəraitdə bu, özünü daha çox uğurla göstərəcək. Xüsusən İran azərbaycanlılarına qarşı İran kürdləri kartlarından kimsə istifadə etmək istəyərsə, Azərbaycan və Türkiyə birgə bunu daha uğurla neytrallaşdıra biləcəklər. 


Bu əməkdaşlığın gətirə biləcəyi faydanın daha bir istiqaməti Ermənistandakı yezidi kürdləri ilə bağlıdır. Azərbaycan dünyaya Ermənistanın monoetnik, monokonfessial bir ölkə olduğunu göstərə bilib. Bu, dünyada region ilə məşğul olmaq istəyən insanların diqqətini çəkir. Bu, Azərbaycanın uğurudur. Ona görə də Ermənistan çalışır ki, ölkədə yezidi kürdlərin mövcudluğunu qabartsın, monoetnik dövlət olmadığını göstərsin. Amma hesab edirəm ki, ermənilərin yezidi kürdlərə qarşı münasibətini Azərbaycan müxtəlif platformalarda çox uğurla qaldıra bilər. Bunu Ermənistan tərəfi də görür və çalışırlar ki, kürd kartından mümkün qədər sürətlə öz xeyirlərinə istifadə etsinlər.


Amma Azərbaycanın İraq kürdləri ilə yaxınlaşması, hesab edirəm ki, Ermənistanın bu istiqamətdə atacağı addımları da çox uğurla neytrallaşdıra biləcək.


Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”



Siyasət