Paşinyan növbəti uçurumdan xilas yolu axtarır

post-img

Beləliklə, üç gün davam edən Münxen Təhlükəsizlik Konfransı başa çatdı. Builki tədbirin əsas mövzusu, gözlənildiyi kimi, Rusiya-Ukrayna münaqişəsi oldu. Əvvəllər olduğu kimi, bu dəfə də konfransa dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə və müzakirələrdə dünya siyasi elitasının postmüharibə gündəliyinin reallıqları ilə tanış etdi. Amma Ermənistanda konfransın nəticələrindən razı qalmadılar. İrəvanda baş nazir Nikol Paşinyanın qətiyyətsizliyindən, milli maraqları qoruya bilməməsindən narahatlıq ifadə olunur. Bəzi politoloqların narahatlığı, hətta isterika səviyyəsinə yüksəlir...


Ötən il Münhen forumunda Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən iştirak etmişdi. Bu dəfə məlum səbəbdən videobağlantı vasitəsilə müzakirələrə qatıldı. O, videomüraciətində Qərbi Rusiyaya güzəştə getməməyə çağırdı. Sanksiya təzyiqinin gücləndirilməsi, Ukraynaya silah tədarükünün artırılması, Kiyevin qələbəsinin labüdlüyünə, hərbi yardımın davam etdiriləcəyinə dair təminatlar – bütün bunlar göstərir ki, Qərb Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. NATO-nun baş katibi Yens Stoltenberq hərbi yardımın münaqişənin eskalasiyası riskini artırıb-artırmaycağını ilə bağlı sualı şərh edərkən vurğuladı ki, azad seçim yoxdur, “lakin Rusiya Prezidenti Vladimir Putinin qələbəsi riski daha yüksəkdir”. Y.Stoltenberqin sözlərinə görə, Kiyevə hərbi dəstəyin davam etdirilməsi Ukraynada “uzunmüddətli və ədalətli sülhün” yeganə yoludur.
Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda iştirak edən Prezident İlham Əliyev regionda möhkəm və uzunmüddətli sülhün yaranmasının şərtlərini açıqladı. İki ölkə arasında münasibətlərin normallaşması üçün Ermənistanın konstruktivlik göstərməsinin vacibliyini diqqətə çatdırdı. Panel müzakirələrdə erməni baş nazirinin inamsız və məsələnin mahiyyətindən yayındırmağa hesablanmış uğursuz siyasi fəndlərinə qarşı qətiyyətli bəyanatları və tutarlı cavabları ilə dövlət başçımız Azərbaycanın İkinci Qarabağ müharibəsində haqlı tərəf olduğunu önə çıxardı. Bu dəfə də debatlarda işğalçılıq mahiyətini gizlədə bilməyən, Azərbaycan liderinin tutarlı arqumentləri qarşısında aciz duruma düşən N.Paşinyanın Münxen səfəri ölkəsində ciddi narahatlığa səbəb olub.

 

Münxen konfransının İrəvanda əks-sədası


Siyasi müşahidəçi Naira Hayrumyanın fikrincə, Azərbaycan Ermənistanı manevr imkanlarından məhrum etməklə öz mövqelərini irəli aparmağa çalışır. O hesab edir ki, danışıqların Moskvada baş tutmaması regionda təhlükəsizlik sistemində dəyişiklikdən xəbər verir: “Avropa Komissiyasının sədri Ursula Fon der Llayen Paşinyanla görüşdən sonra bəyan etdi ki, Kreml və Bakının şiddətli müqavimətinə, həmçinin rəsmi İrəvanın Avropa ilə bağlı danışmamağa çalışmasına baxmayaraq, gələn həftə 100 avropalı müşahidəçi Ermənistana gələcək. Naira N.Hayrumyanın sözlərinə görə, Rusiyanın beynəlxalq təcrid prosesləri fonunda regional təhlükəsizliyin formatı dəyişir. 
Siyasi  müşahidəçi əmindir ki, münaqişənin yekun həlli Ukrayna böhranı başa çatdıqdan sonra qlobal proses kontekstində nəzərdən keçiriləcək. Erməni politoloqun fikrincə, Rusiya postsovet məkanı da daxil olmaqla, beynəlxalq problemlərin həllindən uzaqlaşır və bu kontekstdə problemlərin özəl həll planı hazırlanacaq. Qərb indi minimum proqramı həll edir, yəni, 2020 - ci ilin payız müharibəsinin nəticələrinin qanuniləşdirilməsinin və Rusiya planlarına uyğun müqavilələrin bağlanmasının qarşısını almaq, həmçinin bölgədəki təhlükəsizlik sistemini dəyişdirmək istəyir. O, həmçinin hesab edir ki, Birləşmiş Ştatlar Rusiyanın rolunu tədricən azaldaraq və münaqişə ilə bağlı məsələləri beynəlxalq səviyyəyə qaldıraraq, ümumilikdə, münaqişəni artıq nəzarətə götürüb: “Birləşmiş Ştatlar artıq Rusiyanı insanlığa qarşı cinayətlərdə ittiham edib, bu, çox ciddi ittihamdır. Fransa lideri Emmanuel Makron açıq şəkildə BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılacağını açıqladı. Rusiya beynəlxalq təsir rıçaqlarını itirərsə, o, Cənubi Qafqazda oyunçu olmağı dayandıracaq”.
Politoloq Armen Hovhannisyan hesab edir ki, Prezident İlham Əliyev Nikol Paşinyanı razılaşmaları pozduğuna görə qınayıb: “Azərbaycan Ermənistan tərəfindən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını, həmçinin Sünik (Qafan) vasitəsilə dəhlizin təmin edilməsini tələb edir”. Onun sözlərinə görə, Paşinyan həm Rusiyanı, həm də Qərbi qane edəcək sülh müqaviləsi bağlamaq istəyir: “Hipotetik olaraq, bu, mümkündür. Qərb sazişin birgə hazırlanmasında israr edir”.
Politoloq Armen Vardanyan isə hesab edir ki, Ermənistan Qarabağ münaqişəsinin həllinin təxirə salınmasını istəyir: “Birləşmiş Ştatlar müqavilədə Artsax ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı müddəanın təsbit edilməsinin tərəfdarıdır. Lakin Azərbaycan bunun əleyhinədir”. O qeyd edib ki, ABŞ və Aİ-nin mövqeləri yaxındır və mövcud fikir ayrılıqları kardinal deyil: “Amma hələlik Ermənistanda Rusiya dominantlıq təşkil edir. Qarabağda Rusiyanın sülhməramlı hərbi kontingenti yerləşir. Belə şəraitdə Qərb, xüsusən də ABŞ münaqişənin həllində əsas vasitəçi ola bilməyəcək”.

 

Rasim MUSABƏYOV,
 Milli Məclisin deputatı, 
politoloq:


– Münxen konfransının 2023-cü ildə əsas mövzusu Rusiya–Ukrayna müharibəsi və onun Avropa və Rusiya ilə qonşu ölkələrə təsiri barədə oldu. Bu baxımdan, Azərbaycanın həmin konfransda iştirakı vacib idi. Çünki biz Rusiya ilə həmsərhədik və müharibə bölgəyə öz təsirini göstərir. 
Öz gündəliyimizə gəldikdə isə ekofəallarımızın Laçın yolunda aksiyası ermənilərə bəhanə verdi ki, sülh danışıqlarından boyun qaçırsınlar. Hələ ötən ilin dekabrında təklif var idi ki, xarici işlər nazirləri Moskvada görüşsünlər. Ermənistan tərəfi aksiyanı bəhanə gətirərək görüşdən boyun qaçırdı.  Onlar dəfələrlə bildirdilər ki, aksiya dayandırılmayana qədər masa arxasında oturmayacaqlar. Ancaq Ermənistanın Xarici işlər naziri ABŞ Dövlət katibinin dəvəti ilə başını aşağı salıb Münxendə masa arxasına əyləşdirilidi və müzakirələr aparıldı. Nikol Paşinyana gəldikdə isə o, Cənubi Qafqazla bağlı keçirilən müzakirədən boyun qaçırmaq istəsə də, bu, baş tutmadı.  
Konfransda Prezident İlham Əliyev Azərbaycanın yanaşmasını təqdim etdi və olduqca önəmli məsələlərə toxundu. Prezidentimiz bildirdi ki, Ruben Vardanyan Qarabağdan rədd olub getməyənə qədər Azərbaycan Qarabağın erməni icması ilə heç bir məsələni müzakirə etməyəcək. O ki qaldı ekoaksiyaya, onun əsasları var və tələblər yerinə yetirilməyənə qədər aksiya davam edəcək. Təklif olunmuşdu ki, Laçın yolunda Azərbaycanın Ermənistanla birgə nəzarət məntəqəsi qurulsun. Ermənilər isə yenə yalan məlumatlarla ictimaiyyəti çaşdırmaq cəhdlərinə əl atırlar. Bizim məqsədimiz orada yaşayan erməniləri ərazilərimizdən çıxarmaq deyil. Sadəcə, Azərbaycan öz sərhədinin şəffaflığını təmin etməli, oraya oraya silah, texnika daşınmamalıdır. Bunların qarşısını almaq üçün müştərək nəzarətin qurulmasına da razıyıq.

 

Fikrət SADIXOV,      
Politoloq:


̶  Münxen konfransı qlobal danışıqlar platforması statusuna malikdir. Burada çox mühüm qlobal məsələlər müzakirə olunur, fikir mübadiləsi aparılır. Müzakirələrin yekununda qərar və ya qətnamə qəbul edilməsə də, müəyyən tövsiyələr verilir. 
Bu il müxtəlif ölkələrin 150-dən çox nümayəndəsi, o cümlədən 45 dövlət və hökumət lideri, 83 xarici işlər naziri, hərbi idarələrin rəhbərləri, o cümlədən NATO, BMT, Avropa İttifaqının və s. nümayəndələri toplaşıb və müzakirələrdə iştirak edirdilər. 
Gündəlik geniş idi, dünya nizamı pozulub, beynəlxalq hüquq normaları tapdalanıb. Biz bunu Cənubi Qafqaz baş verən hadisələrin timsalında da təsdiqləyə bilərik. Dünyada müharibə gedir, separatçılıq baş qaldırıb. Bu məsələlər bizi narahat etməyə bilməz. Buna görə də, deyə bilərik ki, indiki konfransda qlobal əhəmiyyətli məsələlərin müzakirə olunmasına ciddi ehtiyac yaranıb.  
Eyni zamanda, ernerji təhlükəsizliyi də ən çox müzakirə olunan mövzudur. Bilirsiniz ki, hazırda Qərb ölkələri enerji təhlükəsizliyinin təmin olunması istiqamətində fəal iş aparırlar. Rusiya enerji resurslarından asılılığına son qoymağa çalışan Qərb alternativ məbnbələr axtarırlar. Bu mənada Rusiya–Ukrayna müharibəsi fonunda Azərbaycanın rolu artır. Ona görə də, təsadüfi deyil ki, konfransın ilk günündə “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. 
Hiss olunurdu ki, konfrans iştirakçıları dövlət başçımıza böyük hörmət edir və onun rəhbərliyi ilə Azərbaycanda atılan addımlar yüksək qiymətləndirilir. 
Əlbəttə, konfransda bir sıra mühüm görüşlər də keçirilib. Prezident İlham Əliyev görüşləri səmərəli formatda keçirib. Bu görüşlərdə bir sıra tövsiyələr də qəbul olunub. Hesab edirəm ki, bu görüşlərdən sonra xarici şirkətlər Qarabağın bərpası prosesində yaxından iştirak edəcəklər.
Təbii ki, konfransda siyasi mövzulara həsr olunmuş fikir mübadiləsi aparılıb. Bu görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın vacib məsələlərə dair mövqeyini səsləndirib və əminəm ki, görüş iştirakçıları müəyyən nəticə çıxaracaqlar.


Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”





Siyasət