Ulu öndər əhalinin içməli su təminatına diqqət və qayğı ilə yanaşıb

post-img

Bu gün Novruzun müjdəçisi olan çərşənbələrin ilki olan su çərşənbəsidir. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyi danılmaz həqiqətdir. Qədim dövrlərdən insanların suya olan tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikrinin müəllifi, böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın içməli su sektorunda tarixi xidmətləri misilsizdir. Ulu öndər həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanın, xüsusən də paytaxt Bakının içməli su təchizatının yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə edib.


Vətəni, xalqı qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi əsl həyat məktəbi, tükənməz xəzinədir. Ölkəmizdə siyasi sabitliyin qorunması, müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub. Azərbaycanda infrastruktur layihələrinin böyük bir hissəsi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə həyata keçirilib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində içməli su təchizatı sistemlərinin yaradılması və inkişafı ulu öndərin diqqət və həssaslıqla yanaşdığı məsələlərdən biri olub.
Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmizi işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Onun Azərbaycana rəhbər təyin olunması ilə həyat ritmi büsbütün dəyişdi, respublika iqtisadiyyatının inkişafı, sosial və kommunal infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər planı hazırlandı. Ulu öndərin respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatı sektorunda da ciddi dönüş yarandı. Əhalinin su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına, sənayenin, kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə yönəlmiş layihələrin böyük bir hissəsinin icrasına məhz həmin illərdə başlandı. 
Ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasının içməli suya tələbatı “Şollar”, İkinci Bakı su kəmərləri, həmçinin məhdud emal gücünə malik Ceyranbatan su təchizatı qurğuları hesabına təmin olunurdu. Həmin illərdə paytaxtın böyüməsi, Əhmədli, Günəşli 8-ci Kilometr, yaşayış massivlərinin, yeni mikrorayonların salınması, sənayenin sürətli inkişafı suya tələbatı kəskin artırır. Mövcud mənbələr tələbatı tam ödəmədiyindən Kür suyunun Bakıya gətirilməsinə ehtiyac yaranır. 
Hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Kür suyunun Bakıya gətirilməsi ilə bağlı təkliflər isəli sürülsə də, bu ideya yalnız ötən əsrin ortalarında gerçəkliyə çevrilir. 1968-ci ildə Kür su kəmərlərinin birinci növbəsinin inşasına başlanılır. Lakin işlər olduqca ləng gedir, tikinti üzrə planlar kəsirlə icra olunurdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin1970-ci il iyun ayının 10-da keçirilən iclasında Heydər Əliyevin Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı verdiyi konkret tapşırıqlardan sonra tikintidə ciddi dönüş yaranır. Azərbaycanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi və İttifaq respublikalarından lazımi materialların təchizatı təmizləyici qurğunun və magistral kəmərlərin çəkilişini sürətləndirir. Müxtəlif müəssisə və təşkilatların inşaat işlərinə cəlb edilməsi layihəni “ümumxalq tikintisi”nə çevirir. Bunun nəticəsində 30 ayda görülməli işlər qısa müddətdə yerinə yetirilir.  
1970-ci il sentyabr ayının 27-də Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verildi. Paytaxtın sosial-iqtisadi həyatı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Heydər Əliyev Bakı və Sumqayıt sakinlərini təbrik edərək deyib: “Bu gün biz Kür su kəmərinin çəkilişinin birinci mərhələsində qazanılan qələbəni bayram edirik. Su hər bir kəs üçün sevinc və səadət rəmzidir. Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır”.
Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci hissəsinin tikintisini qısa müddətdə başa çatdırmağa imkan yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə 1971-ci
il sentyabrın 15-də ikinci Kür-Bakı magistral kəməri istifadəyə verildi. O dövr üçün zərbəçi tikinti elan olunmuş kompleksin və magistral kəmərlərin istifadəyə verilməsi Abşeron yarımadasına saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradır. 
Ötən əsrin 70-ci illərində Bakı şəhərində və bütövlükdə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bakıda İttifaq əhəmiyyətli bir sıra sənaye obyektləri istifadəyə verilir, Sumqayıtda neft-kimya sənayesi inkişaf edir, yeni yaşayış massivləri salınır. Bu da öz növbəsində Abşeron yarımadasında içməli və texniki suya tələbatı daha da artırır. Kür su kəmərlərinin birinci növbəsi artan tələbatı ödəmir, yenə də su çatışmazlığı müşahidə olunur. Belə bir şəraitdə Kür su təchizatı sistemlərinin tikintisinin davam etdirilməsinə zərurət yaranır. Heydər Əliyev nüfuzundan istifadə edərək SSRİ rəhbərliyindən razılıq aldıqdan sonra inşaat işləri davam etdirilir. 1978-1987-ci illərdə Kür su kəmərlərinin 2-ci və 3-cü növbələri inşa olunur. Bununla da, təmizləyici qurğuların emal, magistral kəmərlərin nəql gücü artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır.
Kür su kəmərləri sisiteminin ikinci növbəsinin istismara verilməsi ilə yeni salınmış  yaşayış massivlərində, eləcə də sənaye müəssisələrində müşahidə olunan su qıtlığı aradan qaldırılır. Eyni zamanda, Bakı şəhərinin su təchizatında müstəsna əhəmiyyət daşıyan mərkəzi su anbarları tikilərək istifadəyə verilir, yeni supaylayıcı şəbəkələr yaradılır. Ulu öndər Heydər Əliyevin “Bakını yaşıllıqlar diyarına çevirək” çağırışı və təşəbbüsü yeni parkların, xiyabanların və yaşıllıq zolaqlarının salınması ilə nəticələnir.  
Həmin dövrdə ulu öndər tərəfindən Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsinin Aran bölgəsinin tələbatını ödənilməsinə yönəldilməsi ideyası irəli sürülür. Lakin SSRİ-nin tənəzzülü və iqtisadiyyatda yaranmış böhran qrup su kəmərləri ideyasının gerçəkləşməsinə imkan vermir. Bu uzaqgörən ideya Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-2014-cü illərdə gerçəkləşdi. Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri tikildi. Ümummilli liderin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür sutəmizləyici qurğular kompleksinin imkanlarından istifadə etməklə hazırda Şirvan, Salyan, Biləsuvar, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul şəhərləri, eləcə də magistral kəmərlərin marşrutu boyunca yerləşən kəndlərin 400 mindən artıq sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunur.  
Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Kompleks1961-ci ildə istismara verilsə də, üç mərhələdə həyata keçirilən bu layihənin sonuncu mərhələsi 1978-ci ildə işə salınır. Bununla da, Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılır. 
1970-80-ci illərdə respublikanın şəhər və rayon mərkəzlərində də ilk mərkəzləşdirilmiş içməli və tullantı su sistemlərinin yaradılmasına başlanıb. Həmin layihələr yaşayış məntəqələrinin inkişafında böyük rol oynayıb.  
Ötən əsrin ikinci yarısında Bakı şəhərinə verilən suyun həcminin xeyli artması, eləcə də yeni yaşayış massivlərinin salınması tələbatı qarşılayacaq kanalizasiya infrastrukturunun yaradılmasını tələb edirdi. Bunlar əsas götürülməklə 1970-ci ildə 2000-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanır. Bu layihə çərçivəsində 4 mərkəzi nasos stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı”  və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə Cənubi Qafqazın ən böyük tullantı sutəmizləyici qurğusu – Hövsan Aerasiya Stansiyası inşa edilir. Stansiya istismara veriləndən sonra Bakıxanov, Əhmədli, Günəşli və Binəqədinin ətraf ərazilərinin, hətta Xırdalanın çirkab suları bura yönləndirildi. 2006-2009-cu illərdə Hövsan təmizləyici qurğusu yenidən quruldu, məhsuldarlığı artırılaraq sutkada 640 min kubmetrə çatdırıldı, SCADA idarəetmə sistemi yaradıldı. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında formalaşan tullantı sularının böyük hissəsi məhz bu qurğuda təmizlənib zərərsizləşdirilir.  
Heydər Əliyevin 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin olunması azərbaycanlıların potensialını bütün dünyaya nümayiş etdirdi. Həmin illərdə İttifaq miqyasında tikinti sahəsinə rəhbərlik məhz Heydər Əliyevə tapşırılmışdı. Ümummilli lider SSRİ hökumətində məsul vəzifədə çalışarkən respublikamızda meliorasiya və su təsərrüfatı sahəsində görülən işlərin gedişinə də birbaşa nəzarət edir, qayğı və diqqətini əsirgəmirdi. Həmin dövrdə onun yaxından köməyi sayəsində respublikamız üçün son dərəcə vacib olan Baş Mil-Muğan kollektorunun yenidən qurulması, Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının, Şəmkir Maşın Kanalının, Kür su kəmərləri sisteminin, Bakının Böyük kanalizasiya layihəsi kimi vacib obyektlərin tikintisi ilə əlaqədar məsələlər öz həllini tapmışdır.
Ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində respublikamızda dərin siyasi və sosial-iqtisadi böhran yaşanırdı. Belə bir şəraitdə Azərbaycanı düşdüyü dərin siyasi böhrandan vətənini və xalqını canından artıq sevən dünya şöhrətli siyasətçi Heydər Əliyev xilas edə bilərdi. Bu sadə həqiqəti dərk edən xalqımız müdrik qərar qəbul edərək böyük dövlət xadimini Bakıya dəvət etdi. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən ümummilli lider Azərbaycan dövlətçiliyini qorudu, ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı. 
Həmin dövrdə ölkə həyatının bütün sahələrində olduğu kimi, su təchizatı və kanalizasiya sektorunda da tənəzzül yaşanırdı. Bir tərəfdən maliyyə imkanlarının məhdudluğu, digər tərəfdən bu sahənin pərakəndə idarə edilməsi nəticəsində bu sektorda əsaslı iş aparılmırdı. Eyni zamanda, müstəqilliyin ilk illərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət müasir texnologiyaları Azərbaycana cəlb etməyə imkan vermirdi. Nəticədə fiziki və mənəvi cəhətdən köhnəlmiş qurğu və avadanlıqların istismarı çətinləşirdi. Heydər Əliyevin tapşırığı ilə bu sahədə ilk islahat “Kommunsənayesutəchizatı” İstehsalat İstismar Birliyi ilə “AzərSUGEO” Elmi-Tədqiqat institutunun bazasında Abşeron Regional Su Səhmdar Cəmiyyəti yaradılması oldu. 
Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə vəziyyəti içməli su təchizatı sektorunda böyük layihələri həyata keçirməyə imkan vermirdi. Bunu nəzərə alan ümummilli lider əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürur. 1995-ci ildə Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanılır. O zaman beynəlxalq maliyyə qurumları yenicə müstəqillik qazanmış postsovet ölkələrinə irihəcmli güzəştli kredit ayırmağa ehtiyatla yanaşırdı. Heydər Əliyevin nüfuzu sayəsində bu məsələ də müsbət həllini tapdı və “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar güzəştli kredit ayrıldı. 
1998-ci ildə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksində mühüm işlər görüldü. Həyata keçirilmiş tədbirlər nəticəsində təmizlənən suyun keyfiyyət göstəricilərinin standartlara uyğunlaşdırılması paytaxt sakinlərinin təmiz içməli su ilə təminatına imkan yaratdı. Bu layihə çərçivəsində Bakı şəhərinin su təchizatı sisteminin əsas istehsal sahələrində də yenidənqurma işləri aparıldı. Paytaxtın müxtəlif ərazilərində 80-dən artıq nasosxana və istehsalat bazaları tikildi, ən müasir texnikalar alındı. 
Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərinin əsas mənbəyi sayılan Ceyranbatan su anbarının ekoloji cəhətdən çirklənməsinin qarşısını almaq məqsədilə mühüm addım atıldı. Avropa İttifaqının Azərbaycana fövqəladə yardım proqramı üzrə ayrılmış qrantı hesabına Ceyranbatan su anbarının ekoloji mühafizəsi tam təmin edildi. 
1990-cı illərin ikinci yarısından müstəqil Azərbaycanda iqtisadi artım templəri yenidən sürətlənir, neft gəlirlərinin artımı digər sahələrin inkişafına təkan verir. Bu da Abşeronda suya tələbatı yenidən artırır. Belə bir vəziyyətdə əlavə su həcmlərinə və ya başqa sözlə, yeni mənbəyə ehtiyac yaranır. Heydər Əliyev Bakının dayanıqlı və keyfiyyətli su təchizatı üçün Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı təşəbbüslə çıxış edir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə ölkə rəhbəri Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məsələsi üzərində xüsusi dayanır. “Bakıya bol-bol su gətirəcəyik” deyən ulu öndər paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz–Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq verir.
Ulu öndərin irəli sürdüyü bu möhtəşəm ideya möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz–Qəbələ–Bakı su kəməri 2010-cu ilin son günlərində istismara verildi. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz–Qəbələ–Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olundu.
Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış etdi. 2011-ci ilin sentyabrında dövlət başçısının iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verməkdədir. 
Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, ölkənin regionlarında da mühüm su və kanalizasiya layihələri icra olunub. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 
20-də isə tullantı sutəmizləyici qurğularının tikintisi yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 
1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb ki, bunlar da Heydər Əliyevin 1970-80-ci illərdə başladığı işlərin məntiqi davamıdır. 
Bütövlükdə isə, ulu öndərin əhalinin su kimi əvəzsiz və vacib nemətlə təminatı istiqamətində verdiyi tövsiyə və tapşırıqlar Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin olunur. Elə Prezident İlham Əliyevin “Su həyat deməkdir, təmiz su isə sağlam həyat deməkdir” sözləri Azərbaycan vətəndaşının sağlamlığına verilən dəyərin təcəssümüdür. 


M.YAQUBZADƏ,
 “Xalq qəzeti”



İqtisadiyyat