Prezidentin Münxen zəfəri – prinsipiallıq nümunəsi və Ermənistan üçün şans

post-img

Dünyanın siyasi elitası Münxendə toplaşıb. Müzakirələr hamını narahat edən məsələlər ətrafında aparılır. Rusiya–Ukrayna müharibəsi, İran və Çin mövzusu və digər qaynar regionlarda cərəyan edən hadisələrə dair fikirlər səsləndirilir, müvafiq tövsiyələr verilir, atılacaq addımların konturları cızılır. Münhen konfransında Cənubi Qafqaz regionu da diqqət mərkəzində saxlanılan bölgələrdəndir. Toplantı çərçivəsində ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşməsi isə regionun transatlantik birlik üçün də əhəmiyyətini təsdiqləyir.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi öncədən elan edilməmişdi. Fevralın 17-də səhər saatlarında məlum oldu ki, cənab Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin birgə görü­şü keçiriləcək. Doğrudur, politoloqlar Münxendə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün baş tutmasını istisna etmirdilər. Ancaq bu görüşün ABŞ-ın vasitəçiliyi altında keçiriləcəyinə dair hər hansı bir məlumat verilməmişdi. İstənilən halda belə görüşün baş tutması ondan xəbər verir ki, Qərb Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə marağını azaltmayıb, əksinə, bölgənin nəbzini tutmağa can atır. Əlbəttə, böyük dövlətlərin müxtəlif regionla­rına marağının olması təbiidir. Cənubi Qafqaz da yerləşdiyi coğrafi mövqeyinə görə dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir.

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra yaranmış reallıqlar isə böyük dövlətləri bölgəyə yeni yanaş­malarını formalaşdırmağa vadar edir. ABŞ Qərb dünyasının lideri kimi Cənubi Qafqazda münasibətlərin normalaşma­sında marağını gizlətmir və dünyanın digər ciddi problemlərinin müzakirəsinin aparıldığı vaxtda Cənubi Qafqaz regio­nundakı proseslərə diqqət ayırır.

Görüşün nəticələri barədə hələ konk­ret nəsə söyləmək tezdir. Amma Prezi­dent İlham Əliyevin yerli televiziya kanal­larına müsahibəsində açıqladığı fikirlər belə deməyə əsas verir ki, dövlətimizin başçısı ölkəmizin ədalətli mövqeyini bir daha səsləndirib və regiona davam­lı sülh gətirəcək addımların atılmasını gözləyir. Prezident bildirib ki, görüş yaxşı və konstruktiv keçib: “Bir çox məsələlər, o cümlədən Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu”. 

Bundan başqa, Prezident İlham Əliyev əlavə edib ki, əsas məsələ sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsindən ibarətdir. Dövlətimizin başçısı xüsu­si vurğuladı ki, müqavilədə Qarabağ haqqında hər hansı iddianın olması qəbuledilməzdir. Deməli, Ermənistanın irəli sürdüyü iddianın heç bir gerçək nəticəsinin olmayacağına təminat var. Ancaq, məsələ yalnız bu da deyil. Cənab İlham Əliyev bildirir: “Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onla­rı incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu”.

Prezident İlham Əliyev Münxendə Zəngəzur dəhlizi və Laçın yolu barədə də önəmli açıqlamalar verib. Məlumdur ki, Ermənistan Zəngəzur dəhlizinin açılma­sına qarşıdır və üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Rəsmi İrəvan Zəngəzuru “unudaraq” hər fürsətdə Laçın yolu ətrafında yaranmış vəziyyəti “blokada” kimi qələmə verməyə çalışır. Halbuki, erməni tərəfi gözəl bilir ki, Zəngəzur və Laçın yolunda hüquqi rejim eyni olmalı­dır. Yəni, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsini tələb edir. Dövlət başçımızın mətbuata açıqla­masından belə qənaətə gəlmək olur ki, rəsmi İrəvan Azərbaycanın tələblərində qətiyyətli olduğunu və haqlı mövqeyindən geri çəkilməyəcəyini anlamağa başlayıb. Prezident İlham Əliyevin sözlərinə görə, Zəngəzur dəhlizinin hər iki başında, La­çın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Ancaq dövlətimizin baş­çısı bunu da bildirir: “Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qayda­da Ermənistan–Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır”.

Azərbaycan Prezidenti xüsusi ola­raq vurğulayıb ki, həm Avropada, həm Amerikada Azərbaycanın təklifi məntiqli hesab olunur. Bu, ümumən, ölkəmizin baxışlarının dünya birliyi tərəfindən məqbul qiymətləndirildiyinə dair kifayət qədər ciddi mesajdır: “İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerika­da bizim bu təklifimiz məntiqli hesab olu­nur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimita­siyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, müm­kün deyil”. 

Göründüyü kimi, Ermənistan tərəfi Azərbaycanın tələblərini öyrənmək üçün vaxt istəyib. Bu isə o deməkdir ki, Azərbaycan bu dəfə də Ermənistana öz siyasi iradəsini qəbul etdirdi və göstərdi ki, regionda cərəyan edən proseslərin axarına təsir göstərən ölkə məhz Azərbaycandır və indi tarixi şans yaranıb. Ermənistan Azərbaycan ilə münasibətlərini normalaşdırmaq üçün əməli addımlar atmalıdır. ABŞ-ın Dövlət katibi Antoni Blinken də görüşün ye­kununa dair açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davam­lı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Cənab Blinken hesab edir ki, tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən, birbaşa da­nışıqlar yolu ilə, eləcə də Aİ və bizimlə danışıqlara yönəliblər. Amerika diploma­tiyasının rəhbəri, həmçinin açıqlayıb ki, Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün lazım olan hər şeyi etməyə hazırdır. 

Bəli, Prezident İlham Əliyev Münxendə Azərbaycanın sülh istədiyini qlobal müzakirə platformasında bir daha diqqətə çatdırdı. “Dağları aş­maq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən ple­nar iclasda da dövlət başçımız vurğu­ladı ki, Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir: “Biz hazır­da Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər”.

İndi növbə Ermənistanındır. Rəsmi İrəvan anlamalıdır ki, regionda hərtərəfli inkişafa aparan yol, məhz, Azərbaycan ilə münasibətlərin normalaşdırılmasın­dan keçir. Plenar iclasda Nikol Paşinyan nə qədər çalışsa da, işğalçı mahiyyətini gizlədə bilmədi. Prezident İlham Əliyev bu dəfə də tutarlı arqumentləri ilə erməni baş nazirini susdurdu. Həmişə olduğu kimi, ona növbəti siyasi məğlubiyyətin acısını yaşatdı. Bütün bunlardan Ermənistan, bütövlükdə, erməni cəmiyyəti dərs çıxarmalıdır. Zaman ud­mağa yox, real sülh yoluna gəlmək, konstruktiv yanaşmaq, Cənubi Qafqazın siyasi və iqtisadi düzənində yer almaq şansını dəyərləndirmək Ermənistanın xi­las yoludur. Azərbaycan Münxendə həm də bu şansı verdi. 

 

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Siyasət