“Seysmik diplomatiya” – Ermənistan cəmiyyətində Türkiyə ilə münasibətlərin normallaşması hazırda belə adlandırılır. Doğrudur, bu deyim heç də pozitiv anlam daşımır və mövcud müstəvidə rəsmi İrəvana münasibətdə qınaqlar eşidilir. Təxminən belə: Türkiyə yaxınlıq istəmir, siz nə üçün ölkənin hazırkı durumundan faydalanıb ona yarınmaq yolu tutursunuz? Bu sayaq suallar Ermənistan Türkiyəyə zəlzələdə zərər görmüş insanlara humanitar yardım göndərəndən sonra gündəmə gəldi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevralın 15-də Ankaraya səfəri əsnasında isə daha yüksək səs ilə eşidildi.
Əlbəttə, “seysmik diplomatiya” deyimini dövriyyəyə gətirənlər, əsasən, Ermənistanın müxalif kəsiminin nümayəndələridir. Onlar hazırkı iqtidarı tənqid etmək naminə, belə demək mümkünsə, qarışqadan fil də düzəldə bilərlər. Ancaq bu da bir reallıqdır ki, Ermənistan–Türkiyə münasibətləri müstəvisindəki, obrazlı desək, fili qarışqaya çevirmək çox çətindir, bəzən tam mümkünsüz görünür.
Nəzərə alaq ki, xaricdəki erməni diasporu və Ankaranın fəaliyyətini bəyənməyən Qərbin ermənipərəst dünyası var. Ermənistan indiki durumda onların hər ikisinin əsiridir. Belədə, Mirzoyanın Türkiyə səfərinə daha rasional yanaşmaq zərurəti meydana çıxır. Yəni, onun Ankaraya yollanması hər bir halda icazəlidir və konkret məqsəd güdür. Məqsəd yalnız yardım məsələsindən istifadə edib Türkiyə–Ermənistan sərhədlərinin tamamilə açılmasına nail olmaqdırmı?
“Seysmik diplomatiya”nın səbəbləri
Əlbəttə, İrəvana Ankara ilə yaxınlıq, o cümlədən, gediş-gəlişin güclənməsi iqtisadi baxımdan sərfəlidir. Amma düşünüb görək, buna nail olmaq üçün Ermənistan daxilində sırf iqtisadi mahiyyət daşıyan hansı yeni çağırışlar var. Təbii ki, ölkədə həyat şəraiti pisdir, ehtiyaclar həddən artıq çoxdur. Ancaq bu ehtiyaclar hər zaman olub.
Sözümüz ondadır ki, hazırda həmin ehtiyacların aradan qalxmasının zəruriliyini vurğulayacaq və buna görə Türkiyə ilə əlaqələrin normallaşmasını, Ankaraya nicat yolu kimi yanaşılmasını təlqin edəcək durum yoxdur. Eləcə də İrəvanın qonşulara münasibətində hər hansı açılım müşahidə olunmur. Elə isə nədir bu “seysmik diplomatiya”nın səbəbi? Bu barədə yazımızın sonunda danışacağıq. Hələlik, digər məqamlardan söz açaq. O məqamlardan ki, onlar “seysmik diplomatiya”nın uğurlu olub-olmamasına da aydınlıq gətirəcəkdir.
Türkiyə regionun böyük dövlətidir. Ankara bütün qonşuları ilə münasibətlərin normal məcrada qurulmasında və davamında maraqlıdır. Bu sırada Ermənistanın da durması da istisna deyil. Ancaq illərdir özünü istisna edən İrəvandır. Ermənistan konstitusiyasında hələ də Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır...
Mirzoyanın Ankaraya səfəri gedişində aktuallaşmış Türkiyə–Ermənistan quru sərhədlərinin açılması məsələsinə gəldikdə, məlum olduğu kimi, sərhədlərin bağlı qalması Ermənistanın Türkiyəyə ərazi iddiası ilə əlaqədar deyil. Səbəb 1993-cü ildə Kəlbəcərin işğalı fonunda, ümumən, Azərbaycan torpaqlarına ermənilər tərəfindən edilmiş qəsbdir.
İşğal aradan qalxıb, ancaq Ermənistan–Azərbaycan münasibət-lərindəki gərginlik səngiməyib. Doğrudur, hazırda Türkiyənin bu gərginlik ritorikasında iştirak payı, demək olar, yoxdur. Ankara meydanı regiona daha çox daxil olan oyunçuya buraxıb. Yəni, Rusiyaya.
Türkiyə bölgədəki Qərb aktivləşməsinə də xüsusi münasibəti ilə seçilmir. Ancaq bütün bunlar, heç də o demək deyil ki, o, Cənubi Qafqaz siyasi akvatoriyasındakı 44 günlük müharibə gedişində qazandığı mövqeyini əldən verib. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi göstərir ki, Ankara bölgəyə nüfuz baxımından iddialıdır.
Bəli, Cənubi Qafqazda Türkiyənin, belə demək mümkünsə, səssiz möhkəmlənməsi davam edir və bu prosesdə başlıca rolu Azərbaycan oynayır. Necə deyərlər, Azərbaycan–Türkiyə–iki canda bir ürək. Mövcud deyim hər cür pafosdan uzaq, real fəaliyyət baxımından əhəmiyyət daşıyan kifayət qədər ciddi anlamdır. Bu anlam Cənubi Qafqaz ölkələri arasında sağlam təməllərə əsaslanmış əməkdaşlığın qurulmasını da rəhbər tutur. Türkiyənin ciddi-cəhdlə istədiyi məhz budur. Deməli, Ankaranın Mirzoyanın “seysmik diplomatiya” məntiqini, məhz, qeyd etdiyimiz məsələyə yönəltmək üçün müəyyən isti mesajlar səsləndirməsi mümkündür və səsləndirir də.
44 günlük müharibə, Zəngəzur dəhlizi və Ermənistan
Yada salaq ki, 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda tamam fərqli münasibətlər və əməkdaşlıq parametrlərinin qurulacağına dair mesajlar vermişdi. Bu mesajlar Türkiyə tərəfindən də dəstəklənmişdi. Həm Azərbaycan, həm də Türkiyə liderləri, eləcə də, bu dövlətlərin digər rəsmi şəxsləri ayrı-ayrı çıxışlarında və bəyanatlarında Ermənistanı da prosesdə iştiraka dəvət etmiş, ölkənin yüksək dividend götürəcəyini vurğulamış, eyhamlar vurmuşdular. Mövcud xüsusda başlıca diqqət indi Ermənistanın İran ilə əlbir olub reallaşmasına maneçilik törətdiyi Zəngəzur dəhlizinə yönəlmişdi.
"Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik". Bu fikirlər Prezident İlham Əliyevə məxsusdur və ölkəmizin sözügedən qlobal dəhlizin açılması istiqamətindəki qərarlılığını, prinsipiallığını və qətiyyətini göstərir.
Aşağıdakı fikirlər isə Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu tərəfindən o zaman səsləndirilmişdi: “Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh sazişinin imzalanmasını istəyirik. Çünki bölgədə daimi sülhə ehtiyac var. Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa əsasən reallaşdırılmalı olan Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri gerçəkləşməlidir. Çünki Ukrayna müharibəsindən sonra Orta Dəhliz strateji önəm qazanıb”.
Qeyd edək ki, cənab Çavuşoğlunun sölədiklərində Azərbaycan–Ermənistan normallaşmasına baxış, daha çox Azərbaycan–Ermənistan–Türkiyə müna-sibətləri kontekstindədir. Türkiyə XİN rəhbəri vaxtilə buna maneə yaradan səbəbləri də açıqlamağı yaddan çıxarmamışdı: “Diaspora (erməni diasporu -red) bölünmüş haldadır. Bir qismi heç bir şəkildə normallaşmaya dəstək vermək istəmir, digər hissəsi verir. Ermənistanın içindəki bəzi qüvvələr Baş nazirin evinə basqın edir, küçələr aksiya keçirir, ciddi bir təzyiq göstərirlər. Bu da Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesində ciddi bir əngəl yaradır”.
“Erməni soyqırımı” iddiası və normallaşma
Türkiyə XİN başçısının söylədiyi problemlər aradan qalxmayıb. Diaspor ilə yanaşı, Ermənistandakı dağıdıcı kəsim də hələ fəaldır. Bu kəsimin təmsilçiləri ölkə hökumətinin Türkiyəyə zəlzələ ilə bağlı etdiyi humanitar yardım müstəvisində aktivləşərək, türk düşmənçiliyi məntiqini qabardaraq, hədyanlar yağdırdılar. Onların gündəmə gətirdikləri müxtəlif antaqonist təzahürlər üzərində dayanmadan, bu sayaq baxışlardan gəlinən nəticəni cəmi bir kəlmə ilə ifadə edək: “Ən yaxşı türk, ölü türkdür”.
Erməni cəmiyyəti Türkiyə–Ermənistan normallaşması müstəvisində qondarma “erməni soyqırımı” məsələsini də gündəmə gətirir. Bəli, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları qalır və İrəvan siyasiləri Ankaranın 1915-1923-cü illər arasındakı hadisələri soyqırımı olaraq tanımaması üzərində dayanırlar. Bildirirlər ki, 33 ölkə, o cümlədən, ABŞ, Rusiya və Fransa həmin tarixi hadisələri “soyqırımı” kimi tanıyıb. Hazırkı duruma diqqət yetirən erməni siyasi dairələri, eyni zamanda, Türkiyənin Azərbaycanın regiondakı maraqlarını təbliğ etdiyini vurğulayırlar...
Ancaq Türkiyə–Ermənistan müna-sibətləri baxımından real pozitiv məqamlar da yox deyil. Məsələn, ötən il tərəflər birbaşa hava yük daşımalarına başlamaq və üçüncü ölkə vətəndaşlarının keçidi üçün sərhədi açmaq barədə razılığa gəliblər. Fevralın əvvəlində Ankara İrəvana yüklərin birbaşa hava daşımasına qoyulan qadağanın ləğvi barədə məlumat verib. Ermənistan xarici işlər nazirinin Ankaraya hazırkı səfəri nəticəsində məlum olub ki, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı sazişin icrasında müəyyən irəliləyiş var.
“Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, nazirimiz çıxışında qeyd edib ki, bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub. İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara verilməsi üçün əlimizdən gələni edəcəyik”. Bunu Türkiyənin iki ölkə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress”ə açıqlamasında deyib. Cənab Kılıç, həmçinin bildirib ki, yaxın gələcəkdə atılan addımlar münasibətlərin nizamlanması prosesinə müsbət təsir göstərəcək.
Ermənistanın xarici işlər naziri A.Mirzoyan da Türkiyə ilə yeni razılaşmanın əldə olunduğunu təsdiqləyib. “Biz Türkiyə ilə Ani körpüsünün birgə təmiri, eləcə də sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq barədə razılığa gəldik”,–deyə Mirzoyan Ankarada Türkiyənin Xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında bildirib.
Bundan başqa onu da deyək ki, Ermənistan XİN başçısının Türkiyəyə səfərindən əvvəl, erməni hökumətyönümlü siyasətçilər İrəvanın addımlarının Ankara ilə münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə biləcəyinə ümid bəslədiklərini bildiriblər. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan bunları deyib: “Biz görürük ki, arzu olunarsa, sərhədi açmaq və mövcud kommunikasiyalardan istifadə etmək tamamilə mümkündür. Ümid edirik ki, Türkiyə hökuməti prosesə sadiq olacaq və biz tez nəticələr görəcəyik”. Deməli, “Türkiyə hökuməti prosesə sadiq olacaq” ön şərt var. Yəni, Xandanyan tam nikbin ola bilmir. Bunun səbəbini də axırda vurğulayacağıq.
“Futbol diplomatiyası”ndan “seysmik diplomatiyaya”
Bəli, növbə yenə, necə deyərlər, neqativlərin və qeyri-məyyənliklərindir. Erməni ekspertlər Türkiyənin qarşılaşdığı güclü zəlzələ zəminində İrəvan ilə Ankaranın mövqelərinin real yaxınlaşmasına ümid etmirlər. Onlar düşünürlər ki, mövcud durum müsbət dəyişikliklərə imkan verir, lakin, bu, tezliklə reallaşmayacaq. Məsələn, erməni türkoloq Ruben Safrastyan bildirib ki, hələlik, Türkiyənin Ermənistan ilə bağlı siyasətində dəyişiklik gözləmək üçün əhəmiyyətli əlamətlər yoxdur: “Birincisi, bununla əlaqədar qərar ən yüksək səviyyədə Ankarada veriləcək. İkincisi, indiki şəraitdə Türkiyənin Ermənistan ilə münasibətlərə girməsinin heç bir əsası yoxdur. Onun üçün zəlzələdən sonra bir çox yeni problemlər yaranıb. Üçüncüsü, strategiyanın dəyişdirilməsi dərin təhlil tələb edir. Türkiyə rəhbərliyi bununla bir müddətdən sonra məşğul olacaq”.
İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, tarix elmləri doktoru Ruben Melkonyan isə İrəvan ilə Ankara arasında mövcud diplomatik fəaliyyətdəki iki məqamı vurğulayır: “Türkiyəni və Türkiyə siyasətini bildiyim üçün mənə elə gəlir ki, bu cür mesajların və ya sentimental addımların Türkiyənin Ermənistan ilə bağlı siyasətinə ciddi təsir göstərməsi mümkün deyil. Əgər Ermənistan hakimiyyətinin hesablamaları məhz bu mülahizələrdən irəli gəlirsə, o zaman Ermənistan–Türkiyə dialoqundan uğur gözləmək çətindir. Lakin digər tərəfdən, Ermənistan–Türkiyə prosesinin uzun müddətdir davam etdiyini bilirik. Bəzən müxtəlif hallar onun sürətlənməsinə səbəb ola bilər. 2008-ci ildə iki ölkənin milli futbol komandalarının oyunu belə bir hadisəyə çevrildi. Hazırda isə zəlzələ. Yəni, artıq mövcud proses çərçivəsində müvafiq razılaşmalar əldə olunarsa və onların həyata keçirilməsi üçün əlavə legitimlik tələb olunarsa, Ermənistanın addımları nəticə verəcək”.
“Seysmik diplomatiya”nın risk faktoru
Əvvəldə vurğuladığımız kimi, “seysmik diplomatiya”nın səbəbinə və Xandanyanın şərtinə diqqət yetirək. Bəli, Ermənistan parlamentinin komitə sədri Sarkis Xandanyan Türkiyə hökumətinin normallaşma prosesinə sadiq qalacağına ümid etdiyini bildirir. Deməli, risklər var. Risklər “seysmik diplomatiya”nın uğursuzluğu perspektivini doğura bilər. Əslində, yazımızda uğursuzluğu doğurmaq potensialını daşıyan faktorları diqqətə çatdırdıq. Zəngəzur dəhlizindən bəhs etdik, Azərbaycan–Ermənistan münasibətlərinin gərginliyini vurğuladıq. Bu barədə bir qədər geniş söhbət açaraq Türkiyə–Ermənistan yaxınlığının, daha doğrusu, İrəvanın Ankara yaxınlaşmasının hazırkı fazasına nəzər salaq.
Ermənistan Azərbaycan ilə sülh danışıqlarından yayınır. Müxtəlif qəbuledilməz şərtlər irəli sürməklə, özünü məğlub ölkə kimi aparmır. Ermənistan hakimiyyəti anti-Rusiya təmayülünə köklənərək, Cənubi Qafqaz müstəvisində Ankara ilə konsensus vəziyyətində olan Moskvanı qəzəbləndirmək yolu tutur, bölgəyə Avropa İttifaqının egidası altında Qərb siyasi ekspansiyasını yönləndirir.
Ən əsası isə regionda Türkiyə tərəfindən qəbul edilmiş Rusiya hərbi varlığını Qərb hərbi mövcudiyyəti ilə dəyişdirməyə girişir. Heç şübhəsiz, regionda yeni reallıqlar yaratmaq, qüvvələr nisbətini dəyişmək niyyəti güdür ki, bunun da, yekun nəticədə, Azərbaycan qarşısında üstünlük qazanmağa, Qarabağ müstəvisində erməni faktorunu gücləndirməyə hesablandığı aydındır. Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasından yayınmaq, Azərbaycan–Ermənistan sərhədlərinin demarkasiyasının və delimitasiyasının uzadılması həm də vaxt qazanmağı və Qərbin bölgəyə daxil olması ilə formalaşmasına ümid edilən yeni qüvvələr nisbətində təmsilçilik üçün adekvat güc toplamağı hədəf seçib.
Rusiya ilə bağlı hər şey aydındır. Ermənistan siyasiləri qəti şəkildə bu düşüncədədirlər ki, Moskvanın addımları Azərbaycanın xeyrinədir. Əlbəttə, ona görə yox ki, Kreml ölkəmizə münasibətdə səmimidir. Nəzərə alaq ki, Qarabağdakı separatçı rejimin Rusiya qanadı da var. Sadəcə, Ermənistan Rusiyadan üzünü döndərib və bu durumda Moskva özünün Cənubi Qafqaz maraqlarının qorunmasını oyun qaydalarını pozmayan Azərbaycan müstəvisində axtara bilər. Bu dolaşıq labirintdə isə əsas mövqe Türkiyəyə məxsusdur. Türkiyə nə Qərbdir, nə də Şərq. Türkiyə Avropadır, həm də Avropa deyil. Bunu Qərbdəki havadarları Ermənistana çox yaxşı başa salıblar. Bakının Ankara üçün önəmini də şübhəsiz. Belə olan halda Ermənistan XİN rəhbərinin Ankaraya səfəri daha çox Qərb elçiliyidir.
Qərb elçiliyi, Ani körpüsü, yoxsa Zəngəzur dəhlizi?
Türkiyə böyük dövlətdir və ümumən bölgədə əlaqələrin qurulmasına tərəfdardır. Onun Ermənistan ilə yaxınlıq istəyi də məhz bundan qaynaqlanır. Mirzoyanın emissarlığı isə Qərbin regionda yaratmaq istədiyi, belə demək mümkünsə, Rusiyasızlıq mühitinə Türkiyənin münasibətinin öyrənilməsi məntiqi üzərindədir. Hərçənd demək olmaz ki, İrəvan elçi missiyası üçün böyük faktordur. Sadəcə, Türkiyə–Ermənistan münasibətlərinin normallaşması müstəvi-sində birincinin regionda nəzərdə tutulan dəyişikliklərə reaksiyası necə olacaq? Suallardan biri budur.
Ən önəmlisi isə Türkiyə Qərbpərəst Ermənistan hakimiyyəti üçün ölkənin Qərbə açılım nöqtəsidir. Qərbə açılım isə mənəvi, siyasi və iqtisadi baxımdan kifayət qədər yüksək dividenddir. Ancaq Türkiyə üçün həm də Qərbdən Şərqə, Şərqdən Qərbə açılım amili var. Belədə Bakı ilə yüksək əlaqələrdə olan Ankaranın Azərbaycana Zəngəzur dəhlizi məsələsində təsiri, daha doğrusu, ikincinin birinciyə güzəşt perspektivi də Qərbi və Ermənistanı düşündürə bilər. Nəzərə alaq ki, Türkiyə–Ermənistan sərhədindəki Ani körpsünün uzunluğu heç 30 metr deyil. Ancaq Zəngəzur dəhlizinin uzunluğu 30 kilometrdir, üstəlik, mübahisəli ərazidən keçir...
Belədə Qərbpərəst Ermənistan diplomatiyasının Ankara qarşısında həmin körpünü Zəngəzur dəhlizinə alternativ kimi qoyması gündəmə gələ bilər. Yəni, Türkiyəyə yaxınlıq ilə Qərbin Ermənistan vasitəsilə Orta dəhliz ideyasına fərqli şəkil vermək niyyətinin qabarması mümkündür. Göründüyü kimi, “seysmik diplomatiya”nın məhz bu tərəfi də var. Bəlkə, Ermənistan düşünür ki, bu tərəf işlək olsa, Türkiyə Cənubi Qafqaz ilə bağlı, müəyyən mənada, neytrallıq göstərəcək? Nə bilmək olar...
Ancaq əminliklə deyə bilərik ki, Türkiyə Ermənistan ilə münasibətlərin yaxşılaşması fonunda Azərbaycanın Zəngəzur dəhlizi ideyasına dəstəyini davam etdirəcəkdir. Onu da nəzərə alaq ki, əgər Türkiyə–Ermənistan sərhədləri açılsa, bunun Azərbaycan seqmenti mütləq yaranacaqdır. Necə ki, bağlanmasında bu seqment əsas idi, indi də əsas olacaqdır. Çox güman ki, hakim erməni siyasi dairələrin tərəddüdləri də bundan qaynaqlanır. Axı, onlar Azərbaycan ilə münasibətlər normallaşmadan Türkiyə ilə münasibətləri sahmana salmaq istəyirlər ki, Azərbaycan Türkiyə amilinə görə bəzi məsələlərdə prinsipiallıq göstərməsin. Bu, Qərbin düşüncəsidir. Axı, Qərb bütün anlamlarda Ankaranın önəmi ilə razılaşmaq məcburiyyətindədir. Zəlzələ yaxşı fürsətdir. – Mirzoyan isə alət.
Sərhəddəki Rusiya bayrağı və Ermənistan üçün Qarabağ imtahanı
Sonda bir daha qeyd etdiyimiz fikri təkrarlayaq: Türkiyə Ermənistan üçün Qərbə qapıdır. Ancaq o qapıda kim var? Ermənistanın Türkiyə ilə sərhədini Rusiya hərbçiləri qoruyurlar. Bir vaxtlar tarixi Ani xarabalıqlarından baxanda sərhəd məntəqəsindəki Rusiyanın bayrağı Ermənistanın bayrağından daha yüksəkdə dalğalanırdı. 2018-ci ildə hakimiyyətə gəlmiş Nikol Paşinyanın bu reallığı dəyişdirib-dəyişdirmədiyini bilmirik, ancaq istər siyasi, istərsə də mənəvi-psixoloji baxımdan, müstəqillik illərindən bu yana İrəvanın nəinki Türkiyəyə, eləcə də Qərbə qapısını bağlayan, məhz, Moskva olub. Deməli, Ermənistan üçün Türkiyə ilə yaxınlıq, habelə, iki ölkə arasındakı quru sərhədlərinin açılması, həm də İrəvanın Kremlin orbitindən uzaqlaşması yolundakı ciddi addım təsiri bağışlamaqdadır. Strateji nöqteyi-nəzərdən kifayət qədər düzgün düşünülmüş bir gedişdir.
Bu gedişə Rusiyanın necə reaksiyalar göstərəcəyindən söz açmaq niyyətində deyilik. Nəhayət, Moskvanın prosesə hər hansı tərzdə müdaxiləsi mümkün görünmür. Maneə sırf Ermənistanın özü tərəfindən gələ bilər və bundan Rusiya faydalanar. Necə ki, Fransanın sayəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan–Ermənistan müna-sibətlərindəki vasitəçilik missiyasının pozulmasından maksimum faydalanmışdı...
Digər tərəfdən, Ermənistan rəhbərliyi Qərbə açılıma tipik erməni xəstəliyindən irəli gələn iddialar ilə birgə getmək niyyətindədir. Ölkənin Azərbaycan ilə münasibətlərini normallaşdırmaq istəməməsi bundan xəbər verən kifayət qədər ciddi məsələdir. Deməli, heç kəs təminat verə bilməz ki, sabah Ermənistan Ani körpüsündən öz avantürizmini də keçirməyə cəhd göstərməyəcəkdir. Əvvəldə Ermənistanın Türkiyəyə ərazi iddialarını əbəs yerə vurğulamamışdıq.
Bütün bunları nəzərə alaraq deyək ki, Qarabağ məsələsində Bakı ilə normallaşma xoş niyyətdir, bir növ regional pozitivlik indikatorudur. Yəni, Ermənistan ilk növbədə, necə deyərlər, imtahandan keçməlidir. Elə bir imtahandan ki, ondan Ermənistanın özünün bir dövlət kimi mövcudiyyəti asılıdır. Bu gün Azərbaycan–Ermənistan sərhədi, faktiki olaraq, yoxdur. Niyyət düz olmasa, onun haradan keçəcəyi və ya olub-olmayacağı qeyri-müəyyəndir. Niyyət düz olmasa, Türkiyə–Ermənistan sərhədi də olmaya bilər. Ermənistan yoxdursa, sərhəd də yoxdur.
Ə.CAHANGİROĞLU,
“Xalq qəzeti”