İrəvan sülh sazişi ilə manipulyasiya edir

post-img

Ermənistan Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb və təkliflərini rəsmi Bakıya göndərib.


Bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Yeni sülh variantının mahiyyətindən danışmayan N.Paşinyanın sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu müqavilə layihəsindən gedir. Bu sənədin Azərbaycan üçün də məqbul sayılacağına ümid etdiyini söyləyən baş nazirin fikrincə, Ermənistan tərəfi layihə üzərində aşağıdakı məntiqlə işləyib: İstənilən vaxt imzalamağa hazır olduğumuz bir sənədi ortaya qoymaq.   


Daha sonra çıxışında Ermənistan – Türkiyə münasibətlərinə toxunan Paşinyan iki ölkənin sərhədində yerləşən Ani körpüsünün bərpası ilə bağlı layihənin də çoxdan hazır olduğunu dilə gətirib. Körpünün bərpasının rəmzi addım olacağını, zəlzələdən sonra İrəvanın Türkiyəyə yardım göstərməsinin iki ölkə arasında soyumuş münasibətlərin istiləşməsinə rəvac verə biləcəyini də vurğulayıb. Baş nazir bir daha nəzərə çatdırıb ki, Ermənistan hökuməti və şəxsən özü möhkəm və dayanıqlı sülhün təməli olacaq sülh müqaviləsini imzalamağa, eləcə də belə bir məsuliyyət yükünü öz üzərinə götürməyə hazırdır.   


“Joxovurd” qəzeti isə Nikol Paşinyanın hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələri ilə gecə təcili toplantı keçirməsi barədə yazıb. Azərbaycanın sülh müqaviləsinin mətni ilə bağlı son təkliflərinin də müzakirə edildiyi görüşdə Baş nazirin iqtidar partiyasının üzvləri ilə fikir mübadiləsi apardığı, partiyadaşlarının diqqətinə sülh danışıqlarını mümkün qədər tez başa çatdırmağın, həmçinin Türkiyə ilə münasibətləri normallaşdırmağın vacibliyini çatdırıb.


* * * 


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yeni sülh müqaviləsində yer alan, Paşinyanın “unutduğu” bəzi detalları açıqlayıb. Əsas “detal” ondan ibarətdir ki, layihəyə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” müddəası salınıb. İrəvanın təklif etdiyi sülh müqaviləsindəki məhz bu müddəa ilə bağlı yerli medianın sualını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə cavablandırıb. XİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir:


“Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan–Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Bu səylər Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir. Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.    

Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.  
Armen Qriqoryanın dili ilə ikitərəfli sülh müqaviləsi layihəsinə etdikləri əlavəyə rəsmi Bakının reaksiyasını öyrənməyə çalışan Ermənistan baş nazirinin indiki məqamda revanşistlərin, daşnakların, diasporun girovuna çevrildiyi, dalana dirəndiyi göz qabağındadır. Artıq belə ucuz variantlarla, manipulyasiya ilə sülh müqaviləsinin imzalanması vaxtını uzatmağın faydasının olmayacağını Paşinyanın özü də yaxşı bilir.        

 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət