Prezident İlham Əliyev respublikaya rəhbərlik etdiyi 19 ildən artıq bir müddətdə ölkəmizin elektroenergetika sisteminə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı layihələr gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.
Dövlətimizin başçısının 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncamı da ölkənin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da gücləndirmək, təhlükəsizliyin maksimal səviyyədə əldə olunmasını şərtləndirmək baxımından mühüm önəm daşıyır.
Adıçəkilən sənəddə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) modernləşdirilməsi respublikanın enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malik olduğu bir daha diqqətə çatdırılır.
Prezident İlham Əliyev bütün bunlar barədə fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında ətraflı bəhs edib. Dövlətimizin başçısı nitqində bu mühüm, eyni zamanda, nəhəng infrastrukturun – Mingəçevir Elektrik Stansiyasının gələcəkdə – 2025-ci ildə istifadəyə veriləcəyini, bununla da ölkəmizin enerji potensialının böyük dərəcədə güclənəcəyini, şəhərin isə Azərbaycanın elektroenergetika mərkəzi kimi önəminin daha da artacağını bildirib. “Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, – deyə ölkə rəhbəri vurğulayıb.
Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, Mingəçevirin Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevrilməsi, respublikamızın enerji təhlükəsizliyinin gerçəkləşməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin uzaqgörənliyi, təşəbbüsü və rəhbərliyi sayəsində bu şəhərdə 1981-ci ildə istismara buraxılan “Azərbaycan” İstilik Elektrik Stansiyasının önəmi ölkəmizdə mövcud sahənin inkişaf mərhələsinin əsasını şərtləndirməklə yanaşı, xalqımızın üzləşdiyi ən çətin dövrdə – ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Sovet İttifaqının süqutu ilə baş verən hadisələr zamanı işıqsız qalmaması ilə xatırlanır. Başqa sözlə, “Azərbaycan” İstilik Elektrik Stansiyası həmin dövrdə tikilib-qurulmasaydı, müstəqilliyimizin ilk mərhələsində nələr yaşanacağı bu gün aydın təsəvvür edilir. Dövlətimizin başçısı İlham Əliyev təməlqoyma mərasimindəki nitqində bununla bağlı deyib: “Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür”.
Ölkə rəhbərinin çıxışında vurğulandığı kimi, təbii ki, illər keçdikcə hər bir infrastrukturda olduğu kimi, Mingəçevir Elektrik Stansiyasında da yenidənqurma zərurəti yarandı. Dövlətimizin başçısının göstərişi ilə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesinə başlandı və qısa müddətdə–iki il ərzində 8 blok tamamilə təzələnərək istismara buraxıldı. Bununla da, iki il bundan əvvəl adıçəkilən stansiya ilkin gücü ilə fəaliyyətə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Beləliklə, Mingəçevir Elektrik Stansiyasının bərpa–yenidənqurma layihəsinin uğurla icrası nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş gücü “geri qaytarıldı”. Prezident İlham Əliyevin sözləri ilə desək, əslində, bu, böyük bir stansiyanın yenidən tikintisinin ifadəsi idi.
Dövlətimizin başçısı çıxışında bu stansiyanın Vətən savaşında oynadığı önəmli rol barədə fikirlərini diqqətə çatdırıb. Ölkə rəhbəri erməni faşizminin ikinci Qarabağ müharibəsində uduzduğuna, bunun əvəzində isə Azərbaycanın belə bir nəhəng, eyni zamanda, böyük əhəmiyyətə malik infrastrukturunu dağıtmaqla qisas almağa cəhd göstərdiyini xatırladıb. “Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”, – deyə ölkə rəhbəri bildirib.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Prezident İlham Əliyev müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışı ilə Azərbaycanın energetika sisteminin inkişafında yeni bir mərhələnin başlandığını bəyan etdi. Ümumiyyətlə, bu çıxış deyərdim ki, ulu öndərimizin respublikamızda energetika sisteminin əsasını qoyduğu vaxtdan indiyədək olan uzun bir zamanın mənzərəsi, eyni zamanda, gələcəyin yol xəritəsi idi. Doğrudan da, dövlət başçımızın çıxışında mövcud sahədə dahi şəxsiyyətin, eləcə də özünün indiyədək həyata keçirdiyi qlobal layihələr, perspektivdə isə reallaşdırılacaq tədbirlər öz əksini tapdı.
Lakin burada əsas diqqəti ölkəmizin energetika sisteminin gələcək fəaliyyətinə yönəltmək istərdim. Əvvəlcə onu qeyd edim ki, yeni İstilik Elektrik Stansiyasının layihəsinin icrasına başlanılması, təxminən 1300 meqavat gücündə olan stansiyanın təməlinin qoyulması ilə Azərbaycanın enerji potensialı böyük dərəcədə güclənəcək. Dövlətimizin başçısının çıxışında vurğulandığı kimi, bu, respublikamızın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yeri yaranacaq və beləliklə, ölkəmiz öz imkanlarından tam yararlanaraq həm daxili tələbatı ödəyəcək, həmçinin elektroenergetikanın inkişafını yeni inkişaf mərhələsinə qaldıracaq.
Digər tərəfdən, belə bir infrastrukturun yaradılması təbii qaz təchizatında böyük irəliləyişi şərtləndirəcək. Başqa sözlə, Mingəçevir İstilik Elektrik Stansiyasının istismara verilməsi ilə şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı düşəcək. Belə bir vəziyyət isə il ərzində təqribən 1 milyard kubmetr qaza qənaət etməyə şərait yaradacaq. Bu cür bir imkanın mövcudluğu isə Avropa məkanında Azərbaycan qazına böyük tələbatın ödənilməsində, Avropa ölkələrinin enerji təhlükəsizliyində növbəti töhfə olacaq.
Mütəxəssislərin fikrincə, istilik elektrik stansiyası istismara veriləndən sonra infrastrukturun müasir standartlara cavab verməsi sayəsində karbon qazının miqdarı təxminən 2 milyon ton səviyyəsində azalacaq və bununla da ətraf mühitin xeyli dərəcədə yaxşılaşması təmin olunacaq.
Yeri gəlmişkən, ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq adıçəkilən stansiya ölkəmizin daxili resursları çərçivəsində inşa ediləcək və təxminən 1300 meqavat gücü ilə istismar olunacaq. Obyektin tikintisinə ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz hesabına, qalan 40 faizi isə kreditlər vasitəsilə reallaşacaq.
Sonda qeyd edim ki, istilik elektrik stansiyası xarici tərəfdaşlarla birlikdə inşa olunacaq. Başqa sözlə, infrastruktur layihəsi “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasında imzalanan müqavilə əsasında gerçəkləşdiriləcək.
Yeri gəlmişkən, adıçəkilən xarici şirkət Qarabağ və Şərqi Zəngəzurda böyük enerji potensialını da araşdırır və bu istiqamətdə “Azərenerji” ilə birlikdə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”