Müttəfiqlikdən enerji tərəfdaşlığına

post-img

Azərbaycan–İtaliya münasibətlərinin çoxillik tarixi var. Keçən əsrin sonlarında ölkəmizin müstəqilliyinə qovuşması ilə bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən müddətdə dövlət başçılarının, eləcə də bir sıra hökumət nümayəndələrinin qarşılıqlı səfərləri ölkələrimiz arasında siyasi dialoqun genişlənməsinə səbəb olub. Bu da bir çox sahələrdə əlaqələrin inkişafına təkan verib. Artıq uzun illərdir ki, dost ölkələr olan Azərbaycan və İtaliya strateji tərəfdaş kimi bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.


Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il sentyabr ayının 1-2-də İtaliyaya işgüzar səfəri isə ölkələrimiz arasında münasibətlərə yeni impuls gətirib. Xatırladaq ki, ­Prezident İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşləri zamanı ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş fikir müabadiləsi aparılmışdı. Dövlətimizin başçısı səfər çərçivəsində, həmçinin bir sıra tədbirlərdə iştirak etmiş, faydalı görüşlər keçirmişdi. 


Həmin səfərin yaddaqalan məqamlarından biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər olmuşdu. Müsahibə zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasını diqqətə çatdıran dövlətimizin başçısı qeyd etmişdi ki, hazırda Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində İtaliya ilə əməkdaşlığımız ən yüksək səviyyədədir. Prezident onu da vurğulamışdı ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını, NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini hər zaman dəstəkləyib. 


Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Prezident ­İlham Əliyev Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətinə toxunaraq deyib: “İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin, doğrudan da, nə qədər yüksək səviyyədə olmasından xəbər verir”. 


Dövlət başçısı İtaliyanın “Ansaldo” şirkətinin yeni istilik elektrik stansiyasının tikintisində iştirakını fəal əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirib. İtaliya şirkəti ilə “Azərenerji” ASC arasında əlaqələrin bu məsələdə həlledici rol oynadığını vurğulayan Prezident İlham Əliyev azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işlərinin getdiyi bir dövrdə tərəfdaşlıq çərçivəsində göstərilən bu fəaliyyəti yüksək qiymətləndirib. 


Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın ənənəvi xarakter daşıdığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına ixrac olunur. “TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır”, – deyə Prezident İlham Əliyev əlavə edib.


Dövlətimizin başçısı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı roldan söhbət açaraq bildirib ki, artıq bir neçə dövlət Azərbaycan qazından faydalanır. Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədi xatırladan Prezident İlham Əliyev Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin etmək üçün TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsinin aktuallığını diqqətə çatdırıb. 


Çıxışında Azərbaycanın elektrik enerjisinin də Avropa məkanına çatdırılacağını vurğulayan dövlətimizin başçısı bu məqsədlə keçən ilin dekabr ayında imzalanmış anlaşma memorandumunu xatırladıb, ölkəmizin potensialının, o cümlədən yaşıl enerji potensialının Avropa üçün yeni imkanlar açacağını bəyan edib. Bütövlükdə isə, Prezident İlham Əliyevin təbirincə desək, İtaliya–Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir. 


Göründüy kimi, İtaliya Azərbaycanın enerji sahəsində fəal tərəfdaşlarından biridir. Bu sahədə əməkdaşlığın təməli isə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyası çərçivəsində reallaşdırılan nəhəng enerji layihələrinin həyata vəsiqə alması ilə qoyulub. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda yaradılmış siyasi sabitlik və əlverişli investisiya mühiti xarici şirkətlərdə ölkəmizin karbohidrogen ehtiyatlarına marağı xeyli artırıb. Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi” Xəzər regionunu, o cümlədən ölkəmizi geniş əməkdaşlıq məkanına çevirib. Elə həmin dövrdən etibarən italyan şirkətləri də Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində yer almağa başlayıblar. Beləliklə də, İtaliyanın “Saipem”, Eni, Acip və digər şirkətləri bir sıra neft layihələrinin fəal iştirakçılarına çevriliblər. 


Bu baxımdan Azərbaycanda uğurlu əməkdaşlıq tarixi olan “Saipem” şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Belə ki, adıçəkilən şirkət Azərbaycanda reallaşdırılan ən mühüm neft-qaz layihələrində əsas podratçı olub. “Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində yer alan “Saipem” Azərbaycan qazının Avropaya nəqlinin bütün proseslərinin də fəal iştirakçısı olub. Şirkət, həmçinin Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsində iştirakı ilə yanaşı, Albaniya və İtaliyanın sahil xətləri arasında Adriatik dənizindən keçərək Trans Adriatik Boru Kəmərinin (TAP) offşor hissəsinin tikintisi layihəsinin podratçılarından biri kimi fəaliyyət göstərib. “Saipem” SOCAR-la əməkdaşlıq çərçivəsində Azərbaycandan kənarda reallaşdırılan bir sıra layihələrin də mühüm tərəfdaşlarından biridir. 


Hazırda İtaliyaya TAP layihəsinin reallaşmasında mühüm rol oynayır. Xatırladaq ki, TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək Yunanıstan, Albaniya ərazilərindən, eləcə də Adriatik dənizindən keçib təbii qazı Cənubi İtaliyaya nəql edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev İtaliya ilə enerji sahəsində əməkdaşlıqdan bəhs edərkən deyib: “Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”.


Azərbaycanın neft-qaz sektorunda reallaşdırılan “Eni-Acip” şirkəti isə “Kürdaşı” blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin iştirakçısıdır. Bundan əlavə, İtaliyanın “LUKACİP”, “Maire Tecnimont”, “Amec Foster Wheeler”, “Edison” kimi şirkətləri ilə neft-qaz, emal və neft-kimya sənayesində uğurlu əməkdaşlıq əlaqələri mövcuddur.


Ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə neft-qaz və enerji sektoru sahəsi ilə məhdudlaşmır. Son illər dost ölkənin şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna marağı xeyli artıb. Ötən müddətdə bu sahədə möhkəm əməkdaşlığın təməli qoyulub. Hazırda Azərbaycanın sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarında İtaliyanın 100-dən artıq şirkəti fəaliyyət göstərir. Bütövlükdə isə İtaliya şirkətləri ölkəmizin neft-qaz və qeyi-neft sektorlarında dəyəri milyard dollarla ölçülən çoxsaylı layihələrdə podratçı kimi iştirak edirlər.


Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə Azərbaycanla İtaliya arasında 9 milyard 663 milyon 178,4 min ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 4 milyard 568 milyon 782,7 min manat təşkil edib.

 

Mirbağır YAQUBZADƏ, 
“Xalq qəzeti”

İqtisadiyyat